11/12/2018 11:56
728 x 90

Dünya neft siyasətində Azərbaycanın son qərarı manatın sabit qalacağına böyük təminat yaratdı

Manatı sabit saxlamaq üçün başqa güclü əsaslar da var…

img

Dünya neft bazarında qiymətlərin tənzimlənməsi üçün yenidən Vyanada bir araya gələn OPEK və qeyri-OPEK ölkələri növbəti mühüm addım atdılar. Belə ki, onlar, prinsipcə, hasilatın azaldılmasına dair razılığa gəliblər. Bu xəbərin yayılması ilə dünya neft bazarında qiymətlər yenidən artmağa başlayıb.

Belə görünür ki, Azərbaycanın da daxil olduğu OPEK+ ölkələri qarşıdakı dövr ərzində də qiymətlərin artmasında mühüm rol oynamaqda davam edəcək. Belə vəziyyətdə hasilatçı ölkələrin, o cümlədən Azərbaycanın neft satışından proqnozlaşdırılandan daha çox vəsait əldə etməsi gözlənir. Bu halın maraq doğuran tərəflərindən biri baş verənlərin milli valyutaya təsiridir.
Artan neft qiymətlərinin indiki halda manatın mövqeyinin daha da güclənməsinə təsir göstərməsi qaçılmaz sayılır. Yəni hökumət müdaxiləsi olmasa, manat dollar, avro qarşısında əhəmiyyətli dərəcədə bahalaşa bilər. Məsələn, ilkin proqnozlara görə, hökumət müdaxiəlsi olmasa, dollar milli valyutamız qarşısında 1,5 manata qədər ucuzlaşa bilər. Qeyd edək ki, beynəlxalq müstəvidə olan qiymətləndirmələrə görə, hazırda Mərkəzi Bankın müdaxiləsi olmayacağı təqdirdə manatın dollar və digər valyutalar qarşısında əhəmiyyətli dərəcədə möhkəmlənməsi qaçılmaz sayılır. Amma belə görünür ki, qeyri-neft sahəsində ixracı qorumaq məqsədilə Mərkəzi Bank manatın möhkəmlənməsində maraqı deyil. 

Bundan başqa, Azərbaycan qeyri-neft ixracının da həcmini artırır. İlin sonuna kimi qeyri-neft ixracının 2 milyard dolları keçməsi gözlənir. Ümumiyyətlə, qeyri-neft sektorunun və qeyri-neft ixracının inkişafı istiqamətində görülən işlər Azərbaycana dayanıqlı valyuta gəlirləri vəd edir. Son rəqəmlər də onu göstərir ki, Azərbaycanın qeyri-neft sektorundan gələn valyuta gəlirləri artır. Beləliklə, neftin qiymətinin proqnozdan yüksək olması, ölkəmizin qeyri-neft ixracının artması cari əməliyyatlar hesabında profisitin yaranmasına əsas verir. Artıq xarici ticarətdə profisit 6 milyard dollara yaxınlaşır. Yuxarıda qeyd olunduğu kimi, belə vəziyyətdə manat möhkəmlənə və bu gedişlə tədricən bahalaşaraq 1 dollar üçün 1,5 manat təşkil edə bilər. Dollarla yanaşı, manatın avro və digər valyutalara da nisbətdə möhkəmlənməsi tamamilə gözlənilən sayılır. Amma məhz hökumət müdaxiləsi nəticəsində manatın dollara nisbətdə məzənnəsi sabit qalır və bu hal qeyri-neft ixracının artmasına hesablanıb. Elə bu günlərdə maliyyə naziri Samir Şərifov da verdiyi açıqlamada bunu təsdiqlədi: "Manatın məzənnəsinin kəskin möhkəmlənməsi daxili istehsalçıların fəaliyyətinə mənfi təsir göstərir. Manatın məzənnəsinin kəskin möhkəmlənməsi ixraca da mənfi təsir edir. Bu, xaricdən idxalın artmasına səbəb olur. Bir sözlə, Azərbaycan cəlbedici ölkəyə çevrilir. Ona görə də, biz bir sıra məsələlərin həllinə çalışmalıyıq. Hesab edirəm ki, son illər aparılan siyasət məhz makroiqtisadi balansın qorunub saxlanması, eyni zamanda iqtisadi artım üçün lazım olan təkanların verilməsi üzərində qurulub".

Yeri gəlmişkən qeyd edək ki, nazirin bu açıqlamasını cəmiyyətə yanlış rakursdan təqdim etməyə çalışanlar, yeni devalvasiyanın olacağını bəyan edənlər də  oldu. Halbuki, yuxarıda qeyd olunduğu kimi, hökumətin müdaxiləsi olmasa, manatın ucuzlaşması yox, bahalaşması baş verəcək.  Keçmiş maliyyə naziri, ekspert Fikrət Yusifov da bu mövqeni bölüşərək bildirir ki, Samir Şərifovun manatın məzənnəsi ilə bağlı açıqlamasını dərhal Azərbaycanda devalvasiya olacağı ilə bağlı çağırışa çevirmək lazım deyil. O bildirib ki, nazir sadəcə manatın məzənnəsinin ixracı stimullaşdırmaq nöqteyi-nəzərindən bir qədər yumşalmasının məqsədəuyğunluğundan danışıb: “Qonşu ölkələrdə, xüsusilə Rusiya, Türkiyə, Qazaxıstan, İranda milli valyuta ucuzlaşanda biz özümüz də təklif etmişdik ki, Azərbaycanda qeyri-neft sektorunda olan ixracı stimullaşdırmaq, qeyri-neft sektorunda çalışan müəssisələrin fəaliyyətini normal təmin etmək üçün manatın müəyyən qədər yumşalmasına getmək lazımdır. Ona görə Samir Şərifovun bu açıqlaması yeni fikir deyil. Yəni bu fikir manatın kəskin devalvasiyasına yönəlik deyil. Hesab edirəm ki, vəziyyət ölçülüb-biçilməli, ondan sonra qərar qəbul edilməlidir”.

F.Yusifov vurğulayıb ki, neftin bundan sonra dünya bazarında qiymətinin necə olacağı da xüsusilə diqqət mərkəzində saxlanmalıdır. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov isə diqqəti ona yönəldir ki, 2019-cu il üçün parlamentdə büdcə qəbul olundu və çox geniş şəkildə müzakirə edildi: “Büdcə Milli Məclisdə 3 oxunuşdan keçdi. Eyni zamanda, 2019-cu ilin büdcəsi müzakirə edilərkən baş nazirin rəhbərliyi ilə hökumətin bütün üzvləri orada iştirak etdilər. Müzakirələrdə millət vəkilləri öz fikir və təkliflərini səsləndirdilər. Nəticədə, praqmatik və iqtisadiyyatımız üçün əhəmiyyətli, Azərbaycan vətəndaşlarının maraqlarını ifadə edən büdcə qəbul olundu. Maliyyə naziri televiziyadakı çıxışında 2019-cu illə bağlı öz fikirlərini bildirərkən manatın məzənnəsinin ifrat və kəskin şəkildə möhkəmlənməsinin daxili istehsalçıların fəaliyyətini məhdudlaşdıracağını deyib. Məlumdur ki, iqtisadi strategiyamızın ən başlıca məqsədlərindən biri daxili istehsalı artırmaq, ixrac istiqamətli, rəqabət qabiliyyətli məhsullarla xarici bazarlara çıxmaqdır.

2019-cu ilin büdcəsi yeni büdcə qaydalarına əsasən proqnozlaşdırıldı. Bu qaydalara əsasən, neftdən gələn gəlirlərlə milli valyutamız arasındakı tənzimlənmə yeni büdcə qaydalarında özünü əks etdirir. Maliyyə naziri də öz fikirlərini bu istiqamətdə aydın şəkildə ifadə edib. Həyata keçirilən iqtisadi siyasətimiz sayəsində Azərbaycan iqtisadiyyatı öz dayanıqlı və davamlı inkişafını təmin edib. Bu isə özünü bir daha 2019-cu il üçün planlaşdırılan büdcədə daha bariz şəkildə əks etdirir. Sosial istiqamətli olan büdcəmizdə əmək haqlarının artırılması, təqaüdlərin miqdarının artırılması nəzərdə tutulub. Bütövlükdə sosial sferanı əhatə edən önəmli tədbirlər üçün vəsait proqnozlaşdırılıb. Bütün bu nailiyyətlərimiz fonunda iqtisadiyyatımızın inkişaf etməsi üçün irəli sürülən cəhdlərə mənfi rəng vermək, onu gözdən salmaq istiqamətində qaralama kampaniyası aparmaq, əlbəttə, qəbulolunmazdır”.

Qeyd edilənlərdən bir daha aydın olur ki, istənilən halda, manat sabitliyini qoruyacaq.

Tahir TAĞIYEV

Son xəbərlər