11/12/2018 11:51
728 x 90

Hazırkı büdcə və monetar siyasət manatın kursunu sabit saxlamağa nə qədər təminat verə bilər...

“Milli iqtisadiyyatımızın real göstəricilərinə, həmçinin, ölkədə aparılan monetar siyasətin mahiyyətinə istinad edərək demək mümkündür ki...”

img

Aydın Hüseynov: “Beynəlxalq təcrübə əsas götürülməklə ixracın səmərəli təşviq mexanizmi işə salınıb”

 

Son dövrlər Azərbaycan iqtisadiyyatında baş verən inkişafı hiss etməmək qeyri-mümkündür. İqtisadiyyatın bir sıra sahələrinə qayğı və diqqətin artırılması, beynəlxalq təcrübəyə əsaslanan yeni inkişaf metodlarının tətbiq edilməsi öz nəticəsini göstərməkdədir.

Bu istiqamətdə həyata keçirilən islahatların əsas məqsədi iqtisadiyyatın şaxələndirilməsini və investisiya qoyuluşunu sürətləndirmək, qeyri-neft sektorunun yüksək inkişaf tempini təmin etmək və ixrac imkanlarını genişləndirməkdir. Yerli məhsullara dünya bazarlarında tələbatın artması ixracın inkişafına böyük təsir göstərdi. Bu isə, öz növbəsində, iqtisadi artımı təmin edir.

İqtisadi inkişaf sayəsində Azərbaycan öz daxili tələbatını daha böyük həcmdə yerli istehsal hesabına təmin edir. Digər tərəfdən, vətəndaşların alıcılıq qabiliyyəti artır. Makroiqtisadi vəziyyətin yaxşılaşdırılması, manatın məzənnəsinin sabit səviyyədə saxlanması üçün sadalananlar çox mühüm amillərdəndir. Məlumdur ki, sürətli iqtisadi inkişafı şərtləndirən bir sıra faktorlar var. Son illər energetika və nəqliyyat sektoru sahəsində bir sıra böyük layihələrə imza atılıb. Nəqliyyat layihələrinin işə düşməsi sayəsində Azərbaycanın tranzit gəlirləri artacaq. Digər tərəfdən, artıq iqtisadiyyatın qeyri-neft sektorunda böyük artım var. Sözügedən sahənin normativ-hüquqi bazası daha da təkmilləşdirilir. İnfrastruktur baxımından bu sahənin inkişafı üçün kifayət qədər iş aparılıb. Ölkədə əldə olunan makroiqtisadi sabitlik və bunun davamlı xarakter alması vacib məsələlərdən biridir. Bunun üçün də Maliyyə Nazirliyi tərəfindən həyata keçirilən büdcə siyasəti Mərkəzi Bank tərəfindən yürüdülən monetar siyasətlə bir-birini tamamlayır. Bu isə, öz növbəsində, manatın mövcud məzənnəsinin sabit saxlanmasını təmin edir.

Maraqlıdır, Azərbaycanda aparılan büdcə və monetar siyasət manatın məzənnəsinin uzun müddət sabit qalacağına nə dərəcədə əsas verir?

Sözügedən məsələni dəyərləndirən millət vəkili Aydın Hüseynovun fikrincə, ölkədə neftdənkənar iqtisadiyyatın inkişafı həyata keçirilən siyasi kursun mühüm prioritetlərindən biridir: “Ölkəmizdə aparılan islahatlar çərçivəsində, həmçinin, qeyri-neft məhsullarının ixracının genişləndirilməsini hədəfləyən müvafiq tədbirlər həyata keçirilir. Beynəlxalq təcrübə əsas götürülməklə ixracın səmərəli təşviq mexanizmi işə salınıb. Belə ki, respublikamızda ixracın stimullaşdırılması ilə bağlı imzalanan sənədlərə uyğun olaraq, "İxrac təşviqinin ödənilməsi qaydası", "İxrac təşviqi şamil olunacaq məhsulların siyahısı" və "İxrac təşviqi üzrə tətbiq olunacaq əmsallar" təsdiq edilib. Eyni zamanda, "Made in Azerbaijan" brendi xarici ölkələrdə uğurla təbliğ olunur. Bütün bunlar ixracın stimullaşdırılması baxımından böyük önəm daşıyır və Azərbaycan dövləti ixracın artırılmasında, ölkə məhsullarının dünya bazarlarında yerinin möhkəmlənməsində maraqlıdır. Milli valyutaların məzənnə dəyişikliyi bir sıra amillərlə şərtlənir ki, bu amillər sırasında iqtisadiyyatın durumu, monetar siyasətlə bağlı dövlətin siyasi iradəsi və bir sıra digər məqamlarla yanaşı, büdcə siyasəti də önəmli rola malikdir. Azərbaycanın gələn il üçün büdcə layihəsi kifayət qədər praqmatik hazırlanıb və bütün iqtisadi risqlər nəzərə alınıb. Qeyri-neft sektorunun sürətli inkişafı və bu sahə hesabına ixracın artması ölkəyə ötən illərlə müqayisədə daha çox xarici valyuta axınını təmin edir. Bundan başqa, neftin qiymətinin proqnozlaşdırılan həddə yaxın olması da Azərbaycanın gəlirlərinin sabit olmasına şərait yaradır. Milli iqtisadiyyatımızın real göstəricilərinə, həmçinin, ölkədə aparılan monetar siyasətin mahiyyətinə istinad edərək demək mümkündür ki, hazırkı şəraitdə manatın kursunun dəyişəcəyi gözlənilmir və buna iqtisadi əsaslar da yoxdur”.

Vidadi ORDAHALLI

Son xəbərlər