11/12/2018 11:42
728 x 90

Azərbaycanda təxribatçı-hay-küyçü iqtisadçı-ekspertlər zümrəsi – doğrulmayan proqnozlar...

img

Mediamızda yaşanan başlıca problemlərdən biri də müxtəlif sahələr üzrə fikir bildirmək iqtidarında olan ekspertlərin qıtlığıdır. Bunu biz jurnalistlər gündəlik iş prosesimizdə aydın hiss edirik. Ancaq bundan da dəhşətlisi odur ki, üzdə olan və medianın qəbul etdiyi bəzi ekspertlərin verdikləri şərhlər, proqnozlar nəinki özünü doğrultmur, hətta alınan nəticələr onların fikirləri ilə 180 dərəcə ziddiyyət təşkil edir.

Maraqlıdır ki, həmin ekspertlər dəfələrlə səhv çıxan proqnozlarından nəticə çıxarıb, fəaliyyətlərində dönüş yaratmaq əvəzinə, öz “öncəgörənliklərini” daha sərt üslubda davam etdirirlər. Belələrinə bütün sahələrdə rast gəlinsə də, daha çox iqtsadi proqnozlar verənlərin, həmin sahənin ekspertləri ampluasında özlərini cəmiyyətə sırıyanlar arasında görmək mümkündür. Məsələn, bir neçə iqtisadçı var ki, onların verdikləri proqnozlardan daha çox təxribat iyi gəlir. İqtisadiyyat konkret elmdir, oradakı prosesləri hesablamalar və dərin məntiqə əsaslanaraq şərh etmək lazımdır. Ancaq bizim bəzi iqtisadçı-ekspertlərimiz öz şərhlərini elmi əsaslara söykənmədən, daha çox təmsil olunduqları düşərgənin maraqlarına uyğun olaraq şərh edirlər. Etiraf edək ki, belə ekspertlərin sırasında bəzən hakim komandaya yaxınlığı ilə seçilənlərə də rast gəlmək mümkündür. Bu qəbildən olan ekspertlər sanki hər bir məsələyə tənqidi aspektdən yanaşmaq kimi öhdəliyi üzərlərinə götürüblər. Elə bilirlər ki, onların hansısa reallığı əks etdirən şərhləri birdən iqtidarın xeyrinə olarsa, formadan düşmüş sayılarlar. Məsələn, tez-tez deyirlər ki, devalvasiya olacaq. Amma olmur. Biz 2015-ci ildən mütəmadi olaraq belə bədbin proqnozlara rast gəlirik. Halbuki, internet üzərindən apardığımız araşdırmlar nəticəsində müəyyən edilir ki, tez-tez devalvasiyanı arzulayan həmin  ekspertlər 2015-ci ildə baş verən iki real devalvasiya faktı ilə bağlı əvvəlcədən dəqiq nəsə söyləyə bilməyiblər. Yəni həmin adamların real devalvasiyanın olacağı ilə bağlı hər hansı fikrinə rast gəlmək mümkün deyil. Başqa bir detalı qeyd edək. Məlumdur ki, Azərbaycanın dövlət büdcəsində neftin dünya bazarındakı qiymətinə uyğun olaraq bəzi tənzimləmələr aparılır. Bu da normaldır. Çünki bizim büdcəmizə neft sektorundan olan daxilolmalar az deyil. Neftin qiyməti dünya bazarında kəskin ucuzlaşanda dövlət büdcəsində biz onu 45 dollardan hesablayırdıq. Bir qədər qiymət qalxanda isə onu 60 dollardan hesablamağa başladıq. Hər iki halda, həmin ekspertlərin tənqidi münasibətinə rast gəldik. 2015-ci ildə baş verən devalvasiyadan sonra həmin ekspertlər əhalinin dollarla olan borcları ilə də bağlı maraqlı proqnozlar verirdilər. Deyirdilər ki, bu məsələdə dövlət əhalinin kredit borclarını bağışlamasa, ölkədə vətəndaş müharibəsi düşəcək. Biz bu proqnozların da özünü doğrultmadığını gördük. Bu qəbildən olan ekspertlərin fəaliyyətini və verdikləri proqnozları necə şərh etmək olar?

Ekspert Elşən Əliyev qəzetimizə bildirdi ki, hər hansı sahənin mütəxəssisi hadisələrə öz sahəsinin elmi əsaslarına söykənərək cavab verməlidir: “Çox təəssüflər olsun ki, biz çox vaxt həmin ekspertlərdə şəxsiyyətin ikiləşməsi prosesini müşahidə edirik. Bu nədir? Yəni hətta savadlı olan bir iqtisadçı elmi əsaslara söykənərək hər hansı məsələyə şərh verərkən görür ki, həmin fikir iqtidarın xeyrinədirsə, onu demir. Öz radikal düşərgə maraqlarına uyğun şəkildə həqiqətə söykənməyən bir proqnozu verməyi doğru danışmaqdan üstün tutur. Bu da iqtisadi deyil, siyasi maraqlardan irəli gəlir. Məsələn, bir faktı qeyd edim. Bu günlərdə Samir Şərifov bildirdi ki, manatın çox güclü olması ölkəmiz üçün xeyirli deyil. Həmin dəqiqə o fikri əsas götürüb dedilər ki, devalvasiya olacaq. Halbuki, həmin iqtisadçılar normal bir araşdırma aparsaydılar, görərdilər ki, Mərkəzi Bankın valyuta ehtiyatları 2018-ci ilin noyabr ayının sonunda 5,6 milyard dollar oldu. Bu da 2015-ci ilin noyabrından indiyə kimi - düz üç ildə olan  ən yuxarı məbləğ deməkdir. Hansı devalvasiyadan söhbət gedə bilər? Maliyyə nazirinin sözündən məqsədli şəkildə səhv nəticələr çıxarılıb. Çox təəssüflər olsun ki, iqtisadi məsələlər həssas olduğundan, bu mövzuda ciddi manipulyasiyalar olur. Burada da müxtəlif çirkli məqsədlərin olduğu da istisna deyil”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər