11/12/2018 11:43
728 x 90

Naxçıvan duzu üçün yeni bazarlar şansı – duz “qızıla” dönə bilər...

“Naxçıvanda istehsal olunan duz keyfiyyəti, tərkibi, orqanikliyi baxımından dünya bazarında təbii rəqabət üstünlüyünə malik olan məhsullardan biridir”

img

Rəşad Həsənli: “Naxçıvan duzunun ixrac olunması adıçəkilən ərazidə məşğulluğun dərinləşməsinə və əhalinin sosial rifahına da müsbət təsir göstərəcək”

 

Qədim Naxçıvan torpağı yeraltı və yerüstü sərvətləri, əvəzolunmaz nemətləri ilə zəngindir. Bu diyarın havası, suyu, torpağında bitən bitkiləri, necə deyərlər, dərdlərə dərman, qəlblərə məlhəmdir. Bir sözlə, Tanrı bu diyara bir-birindən dəyərli, faydalı qazıntılar bəxş edib. Bu nemətlər arasında duzun xüsusi yeri var.
Naxçıvan duzuna bu gün tək ölkəmizdə deyil, eyni zamanda, xarici ölkələrdə böyük tələbat var. Elə bu səbəbdən də Naxçıvan duzunun Yaxın Şərq ölkələrinə ixracı gözlənir.

"Naxçıvan Duz İstehsalı" MMC MDB və Yaxın Şərq ölkələrinə məhsul ixracını təşkil etməyi nəzərdə tutur. Bu barədə media nümayəndələrinə MMC-nin direktoru Anar Əsədullayev deyib. A.Əsədullayev qeyd edib ki, şirkət Türkiyə və Rusiyadan duz ixracı ilə bağlı təklif və müraciətlər alıb: "Biz hələlik bu iki variantı nəzərdən keçiririk. Yaxın bir il-ilyarım ərzində, yeni duz yataqlarının aşkar olunması ilə istehsal həcmləri artdıqca, Rusiya və Türkiyə bazarlarına ixracat planlaşdırırıq".

Naxçıvan duzunun Yaxın Şərq ölkələrinə ixrac olunması barədə fikir bildirən iqtisadçı-ekspert Rəşad Həsənli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Naxçıvanda istehsal olunan duz keyfiyyəti, tərkibi, orqanikliyi baxımından dünya bazarında təbii rəqabət üstünlüyünə malik olan məhsullardan biridir. İxrac zamanı bir sıra məsələlər gündəmə gəlir: “Məhsulun müasir standartlara uyğun formada qablaşdırılması həllini tapmalıdır. Naxçıvan duzunun bu günə kimi xarici bazarlara ixrac olunmaması özünə tərəfdaş tapa bilməməsi ilə bağlıdır. Ümid edirəm ki, bu istiqamətdə imkanlar artırılacaq. Naxçıvan duzu xarici ölkələrə ixrac olunarsa, müvafiq müəssisənin istehsal gücü artırılmalıdır. Bunun üçün ilk öncə bu sahəyə investisiya ayrılmalıdır. Məhsulun ixrac olunması Naxçıvanda məşğulluğun dərinləşməsinə müsbət təsir göstərər. Eyni zamanda, əhalinin sosial rifahına da öz təsirini göstərəcək. Məhsulun ixrac olunması ölkəyə daxil olacaq valyuta həcminin artmasına da səbəb olacaq”.

Həmsöhbətimiz hesab edir ki, Naxçıvan duzunun ixrac olunması qeyri-neft sektorunun inkişafına səbəb ola bilər. Nəzərə almaq lazımdır ki, Muxtar Respublika kiçik bazara malikdir. Qeyd olunan ərazidə istehsal olunan məhsulun xarici bazarlara ixrac olunması Muxtar Respublika üçün daha əhəmiyyətli olacaq.

Günel CƏLİLOVA

Son xəbərlər