11/12/2018 11:45
728 x 90

Manatın ifrat möhkəmlənməsinin iqtisadi fəlakətlərini görməyənlərə Maliyyə Nazirliyindən tutarlı xatırlatma...

“Manatın alıcılıq qabiliyyəti xeyli artıb və bu da milli valyutanın məzənnəsinin möhkəmlənməsinə təsir edir”

img

Əli Əlirzayev: “Daxili istehsal artdıqca, bir sıra məhsullara olan tələbat yerli istehsal hesabına ödənilirsə, o zaman narahatlığa əsas yoxdur”

 

Məlum olduğu kimi, maliyyə naziri Samir Şərifov manatın məzənnəsi ilə bağlı açıqlama verib. Nazir bildirib ki, manatın məzənnəsinin kəskin möhkəmlənməsi daxili istehsalçıların fəaliyyətinə mənfi təsir göstərir: “Manatın məzənnəsinin yüksəlməsi istehsalla yanaşı, ixraca da təsirsiz ötüşməyəcək. Manatın kəskin möhkəmlənməsi ixraca da mənfi təsir edir. Bu, xaricdən idxalın artmasına səbəb olur. Bir sözlə, Azərbaycan cəlbedici ölkəyə çevrilir. Ona görə də biz bir sıra məsələlərin həllinə çalışmalıyıq. Hesab edirəm ki, son illər aparılan siyasət məhz makroiqtisadi balansın qorunub saxlanması, eyni zamanda, iqtisadi artım üçün lazım olan təkanların verilməsi üzərində qurulub”.

Ümumilikdə, yerli valyutanın ucuz olması daxili istehsalın qorunması, rəqabətə duruş gətirmək, ixracı stimullaşdırmaq baxımından çox vacibdir. Bu, bütün dünyada qəbul olunan bir qaydadır. Ən inkişaf etmiş ölkələr belə, milli valyutalarının kəskin bahalaşmasında maraqlı olmurlar. Belə bir risq yarananda müxtəlif instrumentləri işə salırlar ki, bahalaşma baş verməsin.

Son bir ildə manata inam xeyli güclənib. Bu da milli valyutanın xarici valyutalara qarşı möhkəmlənməsi ilə bağlıdır. İkincisi, ölkədə "Nağdsız hesablaşmalar haqqında" Qanunun tətbiqindən irəli gələn məsələlərdir. Yəni, ümumiyyətlə, şirkətlər arasında iri mübadilələrin əksəriyyətinin nağdsız həyata keçirilməsi, öz növbəsində, milli valyutada olan əməliyyatların həcmini artırır. Çünki vəsaitlərin daha çox nağdlaşdırılması sonradan onun dollarlaşmasına gətirib çıxarır. Bu da prosesə təsir imkanlarını artırır. Milli valyutanın möhkəmlənməsinə təsir göstərən üçüncü amil 2017-ci ilin Azərbaycanda iqtisadi stabillik dövrü kimi, 2018-ci ilin isə inkişaf ili kimi xarakterizə olunması ilə bağlıdır. Bütün bu amillər manata inamı xeyli artırıb. Eyni zamanda, manat bir qədər möhkəmlənib. Ancaq Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə bağlı qarşıya qoyulan hədəfləri nəzərə alsaq görərik ki, manatın məzənnəsinin kəskin bahalaşması əsla arzuedilən deyil.

Maraqlıdır, bəs ekspertlər bütün bunları necə dəyərləndirirlər?

Məsələyə münasibət bildirən iqtisadçı-alim Əli Əlirzayevin sözlərinə görə, iqtisadiyyatın müxtəlif sahələr üzrə inkişafı var: “Nəzərə almaq lazımdır ki, ölkə iqtisadiyyatında inkişaf gedirsə, o zaman inflyasiya arta bilər. İnflyasiyanın artması o qədər də qorxulu deyil. Çünki bu həm də o deməkdir ki, iqtisadiyyatın ayrı-ayrı sahələri inkişaf edir. Bu və ya digər sahə daha prioritet əhəmiyyət kəsb edir. Nəticədə manata ehtiyac, tələbat artır. Ona görə də biz mümkün olan qədər ümumdaxili məhsulu artırmalıyıq. Bununla yanaşı, xarici investorları iqtisadiyyatın müxtəlif sahələrinə cəlb etməliyik. Kredit resurslarından səmərəli istifadə etməliyik. Yəni iqtisadiyyatın inkişafında bu səpkidə kompleks işlər görülməlidir. Bir var daxili imkanlar hesabına imkanları artırasan, bir də var xarici investorlar hesabına o xərcləri ödəyəsən. Biz daxili imkanlarımızdan səmərəli istifadə etməklə, qarşıya qoyulan hədəflərə çata bilərik. Ona görə də çalışmalıyıq ki, həmin potensial maksimum səviyyədə dövriyyəyə cəlb olunsun. Nəzərə almaq lazımdır ki, hazırkı dövrdə inkişaf yeni innovasiyalar, texnologiyalar üzərində qurulub. Müşahidələr göstərir ki, manatın alıcılıq qabiliyyəti xeyli artıb. Bu da manatın məzənnəsinin möhkəmlənməsinə təsir edir. Daxili istehsal artdıqca, bir sıra məhsullara olan tələbat yerli istehsal hesabına ödənilirsə, o zaman narahatlığa əsas yoxdur. Ancaq onu da nəzərə almalıyıq ki, ixrac potensialımız artmaqla yanaşı, çoxşaxəli olmalıdır. Yeri gələndə dollar olmadan da keçinmək olar. Bunun üçün gərək daxili istehsal elə qurulsun ki, buna ehtiyac olmasın. Biz öz pulumuzun dəyərini daxili məhsullar hesabına ödəməliyik”.

Vidadi ORDAHALLI

Son xəbərlər