11/12/2018 11:43
728 x 90

Azərbaycanda devalvasiya hay-küyü - deputat Vahid Əhmədovun yanlışı...

Fikrət Yusifov: “Son vaxtlar mətbuatda növbəti devalvasiya ilə bağlı fikirlərin səslənməsinin heç bir əsası yoxdur”

img

“Nəzərə almaq lazımdır ki, qonşu ölkələrin milli valyutaları ilə müqayisədə manat daha yaxşı səviyyədədir”

 

Azərbaycanda 2015-ci ildə baş verən 2 devalvasiyadan sonra manatın məzənnəsi sabit qalıb. Ötən il iqtisadi artımdan sonra manat hələ bir qədər möhkəmlənib. İqtisadi artım bu il də davam edib və gələn il də davam edəcəyi gözlənir. Belə olan halda, növbəti devalvasiyanın baş verə biləcəyi barədə səslənən fikirlərin real əsası yoxdur.  

Ancaq bu arada maliyyə naziri Samir Şərifovun "manatın məzənnəsinin kəskin möhkəmlənməsi ixraca da mənfi təsir edir. Bu, xaricdən idxalın artmasına səbəb olur. Ona görə də biz bir sıra məsələlərin həllinə çalışmalıyıq” kimi verdiyi açıqlama nədənsə bəziləri tərəfindən birmənalı qarşılanmayıb. Onlar iddia edirlər ki, belə bir açıqlama devalvasiyanın olacağı anlamına gəlir.

Millət vəkili Vahid Əhmədov mətbuata açıqlamasında guya hansısa devalvasiya təhlükəsi barədə narahatlıq yaradan mesajlar verib.

Azərbaycanda iqtisadi inkişafın bərpa olunduğunu, qeyri-neft sektorunun inkişafı ilə bağlı sistemli kompleks işlərin aparıldığını nəzərə alsaq, növbəti devalvasiyanın olma ehtimalı ümumiyyətlə nə dərəcədə əsaslıdır?

Məsələyə münasibət bildirən iqtisad elmləri doktoru Fikrət Yusifovun sözlərinə görə, Azərbaycanda növbəti devalvasiya üçün heç bir əsas yoxdur. O bunu bir sıra faktorlarla əsaslandırdı: “Son vaxtlar mətbuatda növbəti devalvasiya ilə bağlı fikirlərin səslənməsinin heç bir əsası yoxdur. Bu yazıları yazanlar, bununla bağlı məsələləri mətbuata şərh edənlər maliyyə nazirinin məlum açıqlamasını əsas götürürlər. Hesab edirlər ki, manat kəskin ucuzlaşacaq. Əslində, deyilənlər heç də belə deyil. O baxımdan hesab edirəm ki, manatın kəskin ucuzlaşması üçün heç bir əsas yoxdur. Nə bu gün, nə də sabah. Sadəcə, söhbət ondan gedir ki, bizimlə qonşu olan ölkələrdə milli valyutalar kəskin şəkildə ucuzlaşdı. Nəzərə alsaq ki, biz həmin ölkələrlə geniş iqtisadi-ticarət əlaqələrinə malikik, belə bir şəraitdə öz daxili bazarımızı, istehsalımızı qorumalıyıq. Eyni zamanda, ixrac potensialımızın zəifləməsinin qarşısını almaq üçün məqsədəuyğun olsa, müəyyən qədər manatın məzənnəsini ucuzlaşdırarıq. Yəni lazım gələrsə, məzənnənin müəyyən qədər yumşaldılması devalvasiya demək deyil. Sadəcə olaraq, bütün bunları manipulyasiya edib cəmiyyətə fikir çatdırmaq istəyənlərə üz tutub deyirəm ki, hər sözdən bu qədər manipulyasiyaya ehtiyac yoxdur. Nəzərə almaq lazımdır ki, qonşu ölkələrin milli valyutaları ilə müqayisədə manat daha yaxşı səviyyədədir. Ancaq bir daha qeyd edirəm ki, biz daxili bazarımızı, istehsalımızı və ixracımızı qorumalıyıq. İxrac potensialımızı artırmaq məqsədilə manatın müəyyən qədər yumşalmasına getsək belə, bu bizim xeyrimizə olar. Hansı ki, buna elə bir əsas da yoxdur”.

Vidadi ORDAHALLI

Son xəbərlər