15/12/2018 16:13
728 x 90

Valyuta ehtiyatlarımızda dolların payının azalması qaçılmaz olacaq

img

Valyuta ehtiyatları 45 milyard dollara çatan Azərbaycan belə gedişlə bu vəsaitlərdə dolların payını azaltmalı olacaq.

Qeyd edək ki, həmin ehtiyatların təxminən yarısı dollarda saxlanır. Amma təkcə Azərbaycan yox, dünyanın bir çox digər ölkələri də ehtiyatlarında dolların payını azaltmalı olacaq. Çünki ABŞ-ın dolları iqtisadi təzyiq alətinə çevirməsindən ötən dövr ərzində bu valyutanın beynəlxalq ticarətdə rolu sürətlə azalmaqdadır. İndi ölkələrin bir çoxu qarşılıqlı ticarət əməliyyatlarında dollardan yox, ya milli pullardan, ya da başqa valyutalardan, məsələn, avrodan, yuandan istifadə edir.

Buna konkret misal kimi Rusiya və Türkiyəni göstərmək olar. Artıq məlumdur ki, Rusiya və Türkiyə “S-400” raket sistemlərinin alğı-satqısında dollardan imtina edib. Eləcə də digər məhsullar üzrə tərəflər ticarəti dollar yox, milli valyutalar, ya da avro ilə həyata keçirir. Avropanın neft məhsulları və müxtəlif mallar üçün ödənişlər də daxil olmaqla öz avro-SWIFT sistemini qurması da dolların beynəlxalq ticarətdə rolunu azaldır. Bu hal gələn ildən avronun dollara nisbətən daha çox beynəlxalq ticarətdə istifadə olunan valyuta halına gəlməsini istisna etmir. ABŞ valyutası beynəlxalq ticarətdə təhlükəli bir alətə çevrildiyindən, ölkələrin ABŞ aktivlərinə investisiya yatırılmasını əhəmiyyətli dərəcədə azaltması da dollar üçün ciddi zərbədir. İran, Venesuela, Hindistan, Çin kimi ölkələr də dollardan sürətlə imtina edir. Yeri gəlmişkən qeyd edək ki, dollara ən böyük zərbə Çindən gəlməkdədir. ABŞ-ın “Procekt Sindikeyt” nəşri bu xüsusda yazır: “Çinin milli valyuta ilə – yuanla Şanxay Beynəlxalq Enerji Birjasında neft müqaviləsinin icrasına başlamasından on ay ötüb. Narahatlıqlara və həyəcana baxmayaraq, neft bazarları fəaliyyətini davam etdirir, Çinin müqavilələri yerini tutub və həcm baxımından Sinqapur və Dubayda dollar məzənnələri ilə aparılan birbaşa neft fyuçerslərini keçib.

Əlbəttə, Şanxay birjası hərracların həcminə görə hələ də “Brent” neft müqavilələri üzrə London və Qərbi Texas aralıq müqavilələri üzrə Nyu-York birjasından geridə qalır. Bununla belə, Çinin neft müqavilələri transmilli əmtəə treyderləri tərəfindən ciddiyə alınır və “Brent” və WTI indeksləri ilə müqayisə edilə bilən şəkildə qiymətləndirilir. Bu nəticələr Çin neft müqavilələrinin yuanı qlobal əmtəə bazarlarının əsas valyutasına çevirə biləcəyini göstərir.

Neft müqaviləsinin işə düşməsi ilə yuanla əmtəə ticarətinin həcmini genişləndirmək nəzərdə tutulub. Çinə neft idxalı daha çox öz valyutası ilə həyata keçirildiyindən, xarici təchizatçılar daha çox yuan hesabına malik olacaqlar ki, nəticədə onlar yalnız Çin mal və xidmətlərini deyil, həmçinin, Çin hökumətinin qiymətli kağızlarını və istiqrazlarını da ala bilərlər. Bu, Çin kapital bazarlarını gücləndirmək və yuanın beynəlxalq nüfuzunun yüksəlməsini və ya ən azı neft bazarının qeyri-dollarlaşdırmanı inkişaf etdirməyi nəzərdə tutur.

Çin və bir çox digər iqtisadiyyatların təcavüzkar ABŞ tariflərinə qarşı çıxdığı və digər mal bazarlarında yuanla ticarətin daha da inkişaf etdirildiyi bir vaxtda yuan əsaslı neft ticarətinin qurulması ABŞ dollarının hegemoniyasına misilsiz təhdidi aşkara çıxarır. Yaxın gələcəkdə o, artıq beynəlxalq pul sisteminin lövbəri olaraq görülə bilər və Valeri Jiskar d’Estenin təbirincə, ABŞ-ın beynəlxalq səviyyədə dollar mərkəzli mövqeyi –  “hədsiz imtiyazlı” ticarət çökəcək.

Çinin son hədəfi yuanın beynəlxalq səviyyəyə çatdırmaqdırsa, onun birbaşa məqsədi qismən ABŞ-ın Çin və digər ölkələrə tətbiq etdiyi sanksiyalar və ya tariflərə görə beynəlxalq sistemin qeyri-dollarlaşdırılmasıdır. Bu, Şanxayda satılan neftin müqaviləsini təşviq etmək üçün keçiddə və Çinin baş bankının mərkəzli strategiyası ilə həlledici sıçrayışda əks olunur. Bu həm də Çinə qarşı tətbiq olunan ABŞ-ın ticarət sanksiyalarına sərmayə qoymağın bir üsulu – sanksiya öhdəliklərinin ifşa edilməsidir. Məsələn, həm Rusiya, həm də İran Çinə neft satır və hər ikisi, ABŞ-ın faktiki və potensial sanksiyalarına cavab olaraq, yuanla ödənişi qəbul edir. Həmçinin Çindən geniş idxal, eləcə də əlaqələri möhkəmləndirmək üçün digər səbəbləri var. Çin, şübhəsiz, şirkətlərinin öz valyutasında neft və qaz almasına şərait yaradır, xarici valyutada dəyişikliklərdən ziyana qalmaqdan yayınır və ABŞ dollarının üstünlüyünü topa tutur: yuan petrovalyutaya (neft valyutasına) çevrilir. Rəsmi Pekin ABŞ-ın təzyiqlərinə sinə gərə bilsə, onun səyləri çoxqütblü dünyanın ortaya çıxması üçün maliyyə təməlini yaradacaq”. Məhz bütün bunlar fonunda, Azərbaycan da daxil olmaqla, digər ölkələrin ehtyiatlarında dolların payını azaltması qaçılmaz sayılır. Burada onu da qeyd edək ki, artıq Azərbaycan da Rusiya, Türkiyə kimi ölkələrlə ticarətdə artıq milli valyutadan istifadəyə start verib. Bu prosesin daha da genişlənməsi gözlənir. Xatırladaq ki, Azərbaycan, İran, Türkiyənin xarici işlər nazirlərinin bi il oktyabrın sonunda baş tutan altıncı üçtərəfli görüşündə milli valyuta ilə ticarət etməkdə razılığa gəlinib. İran XİN rəhbəri Məhəmməd Cavad Zərif Türkiyə-Azərbaycan və ölkəsinin işbirliyinin bölgə baxımından önəmli olduğunu bildirib: "Milli valyutamızla ticarət əlaqələri qurmaq barədə razılığa gəldik. Bu razılıqla iqtisadi əlaqələrimizi xarici müdaxilələrdən qorumuş olacağıq". Bütün bunlar bir daha təsdiq edir ki, xarici ticarətdə manatın payı getdikcə artacaq.

Qeyd edək ki, qonşu ölkələr dəfələrlə Azərbaycanla ticarəti milli valyutalar üzərindən həyata keçirməyə hazır olduğunu bəyan edib.

Nahid SALAYEV 

Son xəbərlər