15/12/2018 16:09
728 x 90

Trans-Avrasiya Super İnformasiya Magistralı nə deməkdir və Azərbaycanla İrana nə verəcək...

“TASİM Azərbaycan üçün kifayət qədər əhəmiyyətli bir layihədir”

img

Osman Gündüz: “Bəzi ölkələr bu layihəyə soyuq münasibət bəsləyir”

 

Beynəlxalq rabitənin inkişaf etdirilməsi istiqamətində Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsi böyük əhəmiyyət kəsb edir. İran və Azərbaycan bu sahədə danışıqlar aparırlar.

Xəbər verildiyi kimi, bunu İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi deyib. Onun sözlərinə görə, bu magistral Çindən başlayır və Avropada bitir: "Bu layihə vasitəsilə İranın şimalı ilə Çin və Avropanın rabitə yolu birləşəcək. Hazırda Trans-Asiya-Avropa beynəlxalq kabel magistralı olsa da, ikinci magistral daha etibarlı yola çevrilə bilər. Təbii ki, bu yolun bir hissəsi Xəzər dənizindən keçəcək".

M.Cəhromi əlavə edib ki, birinci variantda İranın layihədə aktiv iştirak etməsi üçün dənizə alternativ olaraq bu rabitə magistralının quru hissədən keçməsi nəzərdə tutulur: "İkinci variantda isə bu xətt beynəlxalq tranzit yolunun təminatçısı ola bilər. Çalışırıq ki, bu istiqamətdə bir həll yolu tapaq və Azərbaycanla ikitərəfli əməkdaşlığımız davam etsin".

Qeyd edək ki, Trans-Avrasiya Super İnformasiya Magistralı layihəsinin məqsədi Şərqlə Qərbi birləşdirəcək ən qısa transmilli fiberoptik xəttin inşasıdır. Bu layihə “rəqəmsal fərqliliyi” aradan qaldıracaq və dənizə çıxışı olmayan Avrasiya ölkələri üçün yeni iqtisadi imkanlar açacaq.

Nəzərə alsaq ki, Azərbaycanın da açıq dənizə birbaşa çıxışı yoxdur, o zaman sözügedən layihənin reallaşması ölkəmiz üçün də müəyyən əhəmiyyətə malikdir.

Maraqlıdır, bəs ekspertlər TASİM layihəsinin əhəmiyyətini necə dəyərləndirirlər?

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün sözlərinə görə, TASİM layihəsi reallaşarsa, bunun müsbət faydası olar: “Artıq neçə vaxtdır bu layihə müzakirə olunur. Hətta bir müddət adıçəkilən layihə dondurulmuşdu. Son bir-iki ildə TASİM layihəsi yenidən gündəmə gəlib. Sözügedən layihəyə dəstəklə bağlı BMT-nin 2 qərarı var. Layihənin reallaşmasında əsas operator funksiyasını oynayan da Azərbaycandır. Nəzərə almaq lazımdır ki, bu, nəhəng, çoxlu sayda ölkəni birləşdirən informasiya kanalıdır. Əlbəttə, necə ki, neft və digər buna bənzər xətlər var, onların informasiyasını ötürmək üçün də bir infrastruktur lazımdır. Əlbəttə, sözügedən funksiyanı TASİM öz üzərinə götürməlidir. Ancaq layihənin reallaşmasında bir sıra maneələr vardı. Çünki bəzi ölkələr bu layihəyə soyuq münasibət bəsləyir. Məsələn, Rusiya istəmir ikinci belə magistral olsun. Elə ölkələr var ki, Xəzər dənizinin altı ilə xətlərin çəkilməsinə maraq göstərmir. Ancaq bu il Azərbaycan Prezidenti ilə Qazaxıstan Prezidentinin görüşündə sözügedən məsələ ciddi müzakirə olundu. Mənə elə gəlir ki, bununla bağlı razılıqlar əldə olundu. Ümid edirəm ki, bu layihənin reallaşması üçün imkanlar getdikcə genişlənir. Bu baxımdan hesab edirəm ki, Azərbaycan üçün kifayət qədər əhəmiyyətli bir layihədir”.

Vidadi ORDAHALLI

Son xəbərlər