15/12/2018 16:11
728 x 90

Azərbaycanda ümumi pambıq əkini sahəsi və hektardan məhsuldarlıq xüsusi mübahisə obyekti kimi...

“Pambıqçılıqda intensiv metoda keçməliyik”

img

Qadir Bayramlı: “Yəni yüksək aqrotexniki qulluqla, yaxşı sortlarla az əkin sahəsində belə yüksək məhsul əldə etmək olar

 

Azərbaycanın ənənəvi kənd təsərrüfatı sahəsi olan pambıqçılığın inkişafı istiqamətində ciddi addımların atılması üçün son illər dövlət səviyyəsində bir sıra tədbirlər, təşəbbüslər həyata keçirilib. Son bir neçə ildə isə pambıqçılığın inkişafı birbaşa ən yüksək səviyyədə diqqət mərkəzindədir. Ancaq pambıq məhsulunun yığımında qeydə alınan rəqəmlərə münasibətdə ziddiyyətli fikirlər səslənir.

Məsələ ondadır ki, 2018-ci ildə ölkədə 132 min 512 hektar sahədə pambıq əkilib. Nəticədə 226 min ton pambıq yığılıb. Orta hesabla hər hektardan 16 sentner məhsul yığılıb. Müqayisə üçün qeyd edək ki, sovet dönəmində orta məhsuldarlıq hektardan 35-40 sentner idi. Hazırda emal müəssisələrinə təhvil verilmiş pambığın hər kiloqramına görə dövlət tərəfindən fermerlərə 10 qəpik subsidiya verilir. Həmçinin, bu il pambığın növlər üzrə mövcud alış qiymətləri hər ton üçün 50 manat olmaqla, 1-ci növün qiyməti 600-dən 650 manata, 2-ci növün qiyməti 580-dən 630 manata, 3-cü növün qiyməti 540-dan 590 manata, 4-cü növün qiyməti isə 500-dən 550 manata qədər artırılıb.

Ancaq belə fikirlər var ki, 132 min hektardan 226 min ton məhsulun əldə oluması çox azdır. Əkinin miqyasına baxanda daha çox pambıq tədarük olunmalı idi. Qeyd edək ki, 70-ci illərin əvvəlindən başlayaraq pambıqçılıq Azərbaycanın aparıcı kənd təsərrüfatı sahəsi olub. Ötən əsrin sonlarında pambıq neftlə bərabər Azərbaycanın əsas gəlir sahələrindən biri idi. 70-ci illərin əvvəlində Azərbaycanda 300 min ton pambıq tədarük olunurdusa, 70-ci illərin sonu, 80-ci illərin əvvəlində bu, 700 min tondan 1 milyon tona qədər artdı. Lakin SSRİ süqut etdikdən sonra kolxozların ləğv edilməsi nəticəsində pambıqçılıq Azərbaycan iqtisadiyyatında öz əhəmiyyətini itirdi.

Son bir neçə ildə bu sahəyə diqqət xeyli artıb. Belə fikirlər səslənir ki, pambıq sahələrini azaltmaqla yüksək aqrotexniki qulluq sayəsində məhsuldarlığı artırmaq mümkündür.

Maraqlıdır, bəs ekspertlər çıxış yolunu nədə görürlər?

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən İqtisad Universitetinin dosenti Qadir Bayramlının sözlərinə görə, pambıqçılıqda məhsuldarlığı artırmaq üçün bir sıra məsələlərə diqqət etmək lazımdır: “Əvvəla pambıqçılıq sahəsində bir sıra islahatların aparılmasına ehtiyac var. Problem ondadır ki, Azərbaycanda pambıqçılıq intensiv yox, ekstensiv xarakterlidir. Yəni məhsuldarlığı artırmaq üçün əkin sahələri genişləndirilir. Nəticədə məhsuldarlıq az olur. Ona görə də intensiv metoda keçməliyik. Yəni yüksək aqrotexniki qulluqla, yaxşı sortlarla az əkin sahəsində belə yüksək məhsul əldə etmək olar. Nəzərə almaq lazımdır ki, Azərbaycanda pambıqçılığın tarixi ənənələri var. Sovet dönəmində pambıqçılıq böyük inkişaf dövrü keçdi. Müstəqillik illərində isə bu sahə tənəzzüllə qarşılaşdı, istehsal azaldı. Son illərdə isə pambıq istehsalı artmağa başlayıb. Ötən il 208 min ton pambıq tədarük olunmuşdusa, bu il ondan bir qədər artıq olub. Ancaq, ümumilikdə, məhsuldarlığın səviyyəsi aşağıdır. Bunun bir neçə səbəbi var. Birincisi, pambıqçılıqda aqrotexniki tədbirlərin səviyyəsi aşağıdır. İkincisi, bölgələrdə pambıqçıların ucuz, keyfiyyətli toxum, kübrə təminatında problemlər var. Bəzi bölgələrdə kənd təsərrüfatı texnikasının təminatında problemlər yaşanır. Pambıqçılıqla məşğul olanlar müntəzəm olaraq təşviq edilməlidir. Bunun üçün, birinci növbədə, pambıqçılığın yüksək səviyyədə inkişaf etdiyi ölkələrin təcrübəsi öyrənilməlidir. Pambıq elə məhsuldur ki, müəyyən mərhələdə bol su istəyir, müəyyən şəraitdə isə quru hava. Bəzən yağıntılar tez başladığından, bu, sahəyə zərər vurur. Yağış vuran pambığın keyfiyyəti aşağı olur. Ona görə də aqrar sığortanın tətbiqi vacibdir. Bu həm də təşviq məsələsidir. Fermer görəndə ki, ona dəyən ziyanı sığorta ödəyir, o zaman məhsul becərərkən həvəsdən düşməz. Sözügedən tədbirlər həyata keçirilərsə, pambıq istehsalının həcmi artacaq”.

Q. Bayramlı onu da qeyd etdi ki, pambığın ilkin emal müəssisələrinin yenilənməsi lazımdır: “Azərbaycanın bu məsələdə zəif tərəflərindən biri ondan ibarətdir ki, pambığı ancaq mahlıc şəklində ixrac edirik. Biz mahlıcdan sonrakı mərhələlərdə də emalı təşkil etməliyik. İplik, qumaş və parça istehsalına qədər işlər qurulmalıdır. Bütün bunlar həyata keçirilərsə, ölkədə həm pambıqçılar qazanar, eyni zamanda, ölkənin daxili tələbatı keyfiyyətli pambıqla təmin ediləcək. Ona görə də bu sahənin inkişafı zəruri məsələdir”.

Vidadi ORDAHALLI

Son xəbərlər