15/12/2018 16:12
728 x 90

Azərbaycan “OPEC+”in neftin hasilat-qiymət siyasətindən ayrılmadı…

“Hasilatın həcminin azaldılması neftin qiymətinin qalxmasına və stabil saxlanmasına xidmət edir”

img

Müslüm İbrahimov: “Ölkəmizi təmsil edən dövlət rəsmisinin verdiyi qərarı iqtisadiyyatımız üçün sərfəli addım kimi dəyərləndirirəm”

 

Azərbaycanın energetika naziri Pərviz Şahbazov Neft İxrac edən Ölkələr Təşkilatına üzv və kartelə daxil olmayan ölkələrin (OPEC+) Nazirlərinin Birgə Monitorinq Komitəsinin 12-ci iclasının kuluarlarında bildirib ki, Azərbaycan OPEC+ çərçivəsində neft hasilatının azaldılması ideyasını dəstəkləyir. Nazir qeyd edib: "Bəli, düşünürəm ki, bu istiqamətdə işləmək lazımdır".

O, həmçinin, Monitorinq Komitəsinin iclaslarından birinin Bakıda keçiriləcəyinə ümid etdiyini deyib.

Qeyd edək ki, Neft İxrac edən Ölkələr Təşkilatına üzv və kartelə daxil olmayan ölkələrin (OPEC+) Nazirlərinin Birgə Monitorinq Komitəsinin 12-ci iclası Vyanada öz işinə başlayıb.

İclasda neft bazarındakı son durum, OPEC+ ölkələri tərəfindən neft hasilatının həcmi kimi məsələlər müzakirə edilib.

Xatırladaq ki, Azərbaycanın energetika naziri P.Şahbazov Vyanadadır və dekabrın 7-də OPEC Nazirlər Şurasının 175-ci iclası çərçivəsində OPEC və qeyri-OPEC nazirlərinin 5-ci görüşünə qatılacaq.

Azərbaycanın  neft hasilatını azaltması ideyasını dəstəkləməsi ilə bağlı qəbul etdiyi qərarın  ölkəmiz üçün nə kimi əhəmiyyəti ola bilər?

İqtisad elmləri doktoru Müslüm İbrahimov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki,  Azərbaycan OPEC-in bilavasitə üzvü olmasa da, neft ixrac edən ölkə kimi onun tədbirlərində və qəbul etdiyi qərarlarda yaxından iştirak edir: “Dünya siyasətinin müəyyənləşməsində neft amilinin rolu böyükdür. Bu baxımdan da Azərbaycanın belə mühüm tədbirlərə dəvət edilməsi çox təqdirəlayiqdir. Bu, ölkəmizin nüfuzu ilə yanaşı, həm də neft sahəsində qazandığımız uğurlardan xəbər verir. Təbii ki, OPEC-ə üzv olmayan ölkələrdə bu istiqamətdə qərarlar verərkən öz mənfəətləri və ziyanlarını da dəqiq hesablayırlar. Bəllidir  ki, Azərbaycan da bu parametrlərə önəm verərək belə qərar qəbul edib. Bilirsiniz ki, dünyada neftin qiymətinə təsir edə bilən ölkələr var. Onlardan biri də İrandır. İrana hazırda ciddi embarqo qoyulduğu səbəbindən həmin ölkə bəzi manevrləri ilə dünya bazarındakı neftin qiymətinin aşağı düşməsinə təsir etmək kimi cəhdlər edir. Bura neftin gizli yollarla başqa ölkələrə satılması kimi amillər də daxildir. İranın bu istiqamətdə əsasən dünya iqtisadiyyatının nəhəngi sayılan Çinlə sövdələşməsinin olduğu ehtimalı böyükdür. OPEC-in abreviaturasından da görünür ki, həmin təşkilat öz ətrafında neft istehsal edən və satan ölkələri cəmləyir. OPEC+ formatı da bu qəbildən olan, lakin OPEC-ə birbaşa üzv olmayan ölkələri ətrafına cəmləyir. Dünya bazarında neftin qiymətinin aşağı düşməsi ilk olaraq neft istehsal edən və onu satan ölkələrin iqtisadiyyatına təsir edir. Bizim də iqtisadiyyatımızda neftin əhəmiyyətli payı var. Dünya bazarında son günlər neftin qiymətində enmə müşahidə edilir. Hasilatın həcminin azaldılması neftin qiymətinin qalxmasına və stabil saxlanmasına xidmət edir. Bu baxımdan da ölkəmizi təmsil edən dövlət rəsmisinin verdiyi qərarı iqtisadiyyatımız üçün sərfəli addım kimi dəyərləndirirəm”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər