15/12/2018 16:10
728 x 90

Türkiyə-ABŞ münasibətlərində soyuqluq amerikalı turistlərin gəlişini önləyə bilmədi – 70 faiz artım var...

Elşən Manafov: “ABŞ tərəfindən ölkə vətəndaşlarının Türkiyəyə səfər etməsini məhdudlaşdıran hər hansı qərar yoxdur”

img

“Bu ölkədəki ziyarətgahlar həm də xristianlar üçün müqəddəsdir”

 

Yayılan məlumatlara görə, Türkiyəyə gələn amerikalı turistlərin sayı təxminən 70 faiz artıb. Məsələ ondadır ki, 2018-ci ilin oktyabr ayında Türkiyəyə 39 min nəfərdən çox ABŞ turisti gəlib. Bu da 2017-ci ilin analoji dövrü ilə müqayisədə 70 faizədək çoxdur.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, cari ilin yanvar-oktyabr aylarında Türkiyəyə 387 min 450 ABŞ turisti gəlib. Bu, 2017-ci ilin eyni dövrünə nisbətən 27.57 faiz çoxdur.

2018-ci ilin yanvar-oktyabr aylarında Türkiyəni ziyarət edən əcnəbilərin ümumi sayında ABŞ vətəndaşlarının payı yüzdə 1.09 faiz olub.

Məlumat üçün qeyd edək ki, 2018-ci ilin oktyabrında Türkiyəyə 3,8 milyon turist gəlib. Bu isə 2017-ci ilin eyni ayına nisbətən 25,48 faiz çoxdur. 2018-ci ilin yanvar-oktyabr aylarında Türkiyəyə 35.571.419 turist gəlmişdi ki, bu da 2017-ci ilin eyni dövrünə nisbətən 22.43 faiz çoxdur.

Türkiyədə ABŞ turistlərinin nəzərəçarpacaq dərəcədə artması maraq doğurur. Ona görə ki, adətən dövlətlərarası münasibətlərin hansı səviyyədə olması turist axınına birbaşa təsir göstərir. Məsələn, 2015-ci ilin noyabrında Rusiya təyyarəsinin Türkiyə tərəfindən vurulması iki ölkə münasibətlərinin soyuqlaşmasına səbəb oldu. Bunun nəticəsində Rusiyadan Türkiyəyə gələn turistlərin sayı kəskin şəkildə azaldı. Bu vəziyyət iki ölkənin siyasi münasibətləri normallaşana qədər davam etdi.

Heç kəsə sirr deyil ki, neçə vaxtdır Türkiyə-ABŞ münasibətlərində bir soyuqluq yaşanır. Rəsmi Vaşinqton dövlət çevrilişində ittiham olunan Fətullah Güləni Türkiyəyə ekstradisiya etmir. Bu da Ankaranın narazılığına səbəb olub. Bundan başqa, tərəflər arasında digər mübahisəli məsələlər də var ki, bu səbəblərdən iki ölkə arasında soyuq münasibətlər davam edir. Bütün bunların fonunda, Türkiyəyə gələn ABŞ turistlərinin sayının artması nə ilə izah olunur?

Məsələyə münasibət bildirən politoloq Elşən Manafov bunu bir sıra faktorlarla əlaqələndirdi: “Məsələ ondadır ki, Birləşmiş Ştatlar tərəfindən ölkə vətəndaşlarının Türkiyəyə səfər etməsini məhdudlaşdıran hər hansı qərar yoxdur. Baxmayaraq ki, iki ölkə münasibətlərində müəyyən soyuqluq, gərginlik var. Ancaq o da var ki, ABŞ-Türkiyə münasibətlərində gərginlik son vaxtlar səngiməyə başlayıb. Xüsusən də Trampla Ərdoğan arasında olan görüşdən sonra münasibətlərdə yaxınlaşma meylləri var. Ancaq bütün bunlara baxmayaraq, hələ də tərəflər arasında gərginlik hiss olunur. Bu da onunla bağlıdır ki, Türkiyə hələ də Rusiyadan S-400 raketlərini almaqda qərarlıdır. O biri tərəfdən, ABŞ hələ də Güləni Türkiyəyə ekstradisiya etmir, PYD və YPG-yə dəstək verir. Suriya məsələsində Tramp hökumətinin verdiyi vədlərə baxmayaraq, dolayısı yolla Mərkəzi Kəşfiyyat İdarəsi sözügedən kürd qruplaşmalarına silah və maliyyə dəstəyi verir. Ancaq bütün bu gərginliklər ABŞ-dan Türkiyəyə turist axınına mane olmur. Nəzərə almaq lazımdır ki, Türkiyə İslam dünyası üçün etalon nümunə ola biləcək bir dövlətdir. Həmçinin, dünyəvi bir dövlətdir. Maraqlı məqam ondan ibarətdir ki, Türkiyədəki müqəddəs ziyarətgahlar, məbədlər təkcə İslam dünyasının aid etdiyi ziyarətgahlar sırasına daxil deyil. Həmin ziyarətgahlar həm də xristianlar üçün müqəddəsdir. İstanbuldakı Ayasofya məbədi turistləri hər zaman cəlb edir. Troya və digər qədim mədəniyyətlərə aid nümunələr turistlər üçün maraqlıdır. Bütün bunlar əlbəttə ki, turist axınına səbəb olur. Başqa bir tərəfdən, Türkiyə həm də turistlərə yüksək servis xidmətləri ilə fərqlənən bir dövlətdir. Düşünürəm ki, bu amil də ABŞ-dan gələn turistlərin sayına təsir edir. Hətta Avropa ilə müqayisədə belə Türkiyədə turistlərə göstərilən xidmət yüksəkdir. Unutmaq olmaz ki, Türkiyə lirəsinin ucuzlaşması da ölkəyə gələn turistlərin sayına müsbət təsir göstərir. Ona görə də bir sıra amillər bu məsələdə müsbət rol oynayır”.

Vidadi ORDAHALLI

Son xəbərlər