15/12/2018 16:07
728 x 90

Dünya şirkətləri ilə rəqabətdə Azərbaycanın mühüm göstəricisini Prezident açıqladı – 230 şirkətin yarıdan çoxu...

“Ölkə şirkətlərinin yerli və dünya bazarı üçün istehsal etdikləri məhsulların həcmi, çeşidi artır”

img

Rəsul Cahangirli: “Ümumən bu tendensiya müsbət haldır” 

 

“Bu il iştirak edən şirkətlərin sayı 230-dur və çoxlu yerli Azərbaycan şirkəti var”. Məlum olduğu kimi, bu fikirləri Bakı Ekspo Mərkəzində 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi (“Bakutel-2018”) ilə tanış olan Prezident İlham Əliyev Rusiyanın “Rossiya 24” televiziya kanalına verdiyi müsahibəsində səsləndirib.

Dövlət başçısı deyib ki, neftin qiymətinin artıb-azalmasından asılı olmayaraq, Azərbaycan iqtisadiyyatının davamlı tərəqqisi üçün qeyri-neft sektorunun inkişafı əsas vəzifədir: “Azərbaycanda investisiya, biznes mühiti yaxşılaşır. Dünya Bankının bu haqda son hesabatına görə, Azərbaycan 25-ci yerdədir. Biz bir il ərzində 32 pillə irəliləmişik və bu gün biznes sahəsində dünyanın aparıcı ölkələri sırasındayıq. Buna görə də burada təqdim olunan sahə həm biznes, həm innovasiya, həm də təhsil baxımından çox mühümdür. Bu, prioritet olan sahələrdən biridir və təsadüfi deyil ki, 24 ildir belə bir sərgi keçiririk. İştirak edən şirkətlərin sayı ilbəil artır. Mənə dedilər ki, bu il iştirak edən şirkətlərin sayı 230-dur və çoxlu yerli Azərbaycan şirkəti var. Yarıdan çoxu Azərbaycan şirkətləridir. Bu o deməkdir ki, ölkəni inkişaf etdirmək və yeni iş yerləri yaratmaq üçün biz bu istiqamətdə işləməyə hazırıq”.

Sərgidə 20 ölkədən 230 şirkət iştirak edir. Sərgidə 10 ölkə – ABŞ, Türkiyə, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Fransa, İtaliya, Polşa, Xorvatiya, İran, Sloveniya milli pavilyonla təmsil olunurlar.

Belə bir sərgidə iştirak edən şirkətlərin yarıdan çoxunun Azərbaycanı təmsil etməsi nə deməkdir?

Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirlinin sözlərinə görə, bu, Azərbaycanın uğurlu inkişafının göstəricisidir: “Son bir neçə ildə ölkə iqtisadiyyatının dinamik inkişafı nəticəsində ölkəyə daxil olan valyuta ehtiyatları ciddi şəkildə artıb. Bu isə Azərbaycanın hərtərəfli inkişafı üçün ən başlıca amildir. Məhz daxil olan valyuta gəlirləri sayəsində son illərdə qeyri-neft sektorunun canlanması müşahidə olunur. Bu da yeni iş yerlərinin və müəssisələrin yaradılmasına, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması sahəsində qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsinə öz təsirini göstərib. Bütün bunlar regionlarda aqrar-sənaye potensialının artırılmasına və digər işlərə böyük töhfələr verib. Dövlət proqramlarının uğurlu icrası nəticəsində ölkəmizin makroiqtisadi göstəricilərində regionların xüsusi çəkisi yüksəlib. Sahibkarlığın inkişafına dövlət dəstəyi güclənib, yerli istehsal və emal müəssisələrinin fəaliyyəti genişləndirilib. Reallıq ondan ibarətdir ki, iqtisadi və sosial-mədəni infrastruktur obyektləri yenidən qurulub. Paralel olaraq yoxsulluğun azaldılması, yeni iş yerlərinin açılması nəticə etibarilə əhalinin həyat səviyyəsinin yüksəldilməsinə xidmət edib. Bu gün Azərbaycan brendi adı altında istehsal olunan məhsullar dünyada tanınır. Bir sıra şirkətlər nəinki ölkə daxilində, eyni zamanda, xaricdə fəaliyyət göstərirlər. Azərbaycan şirkətləri təkcə yerli bazar üçün deyil, həmçinin, xarici bazarlar üçün məhsul istehsal edirlər. Eyni zamanda, ölkədə və dünyada keçirilən sərgilərdə iştirak edirlər. Müşahidələr göstərir ki, Azərbaycan şirkətlərinin yerli və dünya bazarı üçün istehsal etdikləri məhsulların həcmi, çeşidi artır. Ümumən bu tendensiya müsbət haldır”.

Vidadi ORDAHALLI

Son xəbərlər