15/12/2018 16:09
728 x 90

Prezidentin yeni iş yerləri ilə iqtisadi inkişaf arasında fasiləsiz uzlaşma ideyası...

“İqtisadi inkişafla demoqrafik artım arasında balans qorunmalıdır”

img

Fikrət Yusifov: “Ölkə Prezidenti çox uzaqgörən siyasət yeridərək bu kimi məqamlara xüsusi diqqət ayırır”

 

“Biz daim çalışmalıyıq ki, iş yerlərinin yaradılması iqtisadi inkişafın səviyyəsinə uyğun olsun”. Bu fikirləri Prezident İlham Əliyev Bakı Ekspo Mərkəzində XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi - “Bakutel-2018” ilə tanış olarkən Rusiyanın “Rossiya-24” televiziya kanalına müsahibəsində deyib.

Ölkə başçısının sözlərinə görə, Azərbaycanda demoqrafik artımı nəzərə almaqla çalışmalıyıq ki, dünyaya yeni gələn hər bir ölkə vətəndaşı 20-30 ildən sonra işlə təmin edilsin: “Dünyada neftin qiymətinin artıb-azalmasından asılı olmayaraq, Azərbaycan iqtisadiyyatının davamlı tərəqqisi üçün qeyri-neft sektorunun inkişafı bizim uğurla həll etdiyimiz əsas vəzifəmizdir. Buna görə də biznesə yaxşı şəraitin yaradılması məqsədilə infrastruktur layihələrinin inkişafı üçün çox iş görülür. Biznesin həvəsləndirilməsi, sahibkarlara köməklə bağlı xeyli layihələr var”.

O da məlumdur ki, dünyada iqtisadi reallıqlar zaman-zaman müəyyən dəyişikliklərə məruz qalır. İqtisadiyyatda baş verən transformasiyalar nəticəsində yeni-yeni istehsal və xidmət sahələri yaranır. Artıq neçə ildir Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində kompleks işlər görülür. Qeyri-neft sektorunun və digər sahələrin inkişafı ilə bağlı strateji yol xəritələri qəbul olunub.

Bütün bunlarla yanaşı, iş yerlərinin yaradılmasının iqtisadi inkişafın səviyyəsinə uyğun olması nə deməkdir? Ekspertlər bunu necə dəyərləndirirlər?

Məsələyə münasibət bildirən iqtisad elmləri doktoru Fikrət Yusifovun sözlərinə görə, ölkə iqtisadiyyatının inkişafı və yeni tələblərə uyğunlaşdırılması ilə əlaqədar bir sıra işlər görülür: “Söhbət indi və gələcəkdə yeni iş yerlərinin açılmasından gedir. Prezident İlham Əliyev də zaman-zaman bu məsələyə bir neçə dəfə toxunub. Haqlı olaraq ölkə Prezidenti qeyd edir ki, iş yerlərinin yaradılması iqtisadi inkişafın səviyyəsinə uyğun olmalıdır. Ona görə ki, əhalinin sayı artır. Əhalinin sayı artdığı üçün də bütün bu amillər nəzərə alınmalıdır. Yeni doğulanlar əmək qabiliyyətinə çatana qədər yeni işlə təmin olunmalıdırlar. Çünki iqtisadi inkişafla demoqrafik artım arasında balansı qorumasaq, tənzimləməsək, o zaman cəmiyyətdə ciddi problemlər yarana bilər. Ona görə də ölkə Prezidenti çox uzaqgörən siyasət yeridərək bu kimi məqamlara xüsusi diqqət ayırır. O üzdən, Prezidentin bununla bağlı səsləndirdiyi fikirlər tamamilə əsaslıdır. O da bir reallıqdır ki, Azərbaycanda qeyri-neft sektoru inkişaf edir. 2015-ci ildən sonra qeyri-neft sektoru sahəsində xeyli iş görülüb və çox yaxşı nəticələr əldə olunub. Bunu heç kim dana bilməz. Həqiqətən də qeyri-neft sektorunun, onun aparıcı sahəsi olan qeyri-neft sənayesinin, aqrar sektorun, turizmin inkişafı ilə bağlı son illər genişmiqyaslı işlər görülüb. Bunun üçün də lazım olan bütün qərarlar qəbul edilib, addımlar atılıb. Lakin bir həqiqət də var ki, bununla da barışmalıyıq. Bu gün qeyri-neft sahəsi üzrə 10 ay ərzində cəmisi 1.2 milyard manatlı ixrac edə bilmişik.  Bu, neftdən kənar ixracımızın həcminin çox aşağı olduğunu göstərir. Ona görə də deyə bilərik ki, bütövlükdə, qeyri-neft sektoru üzrə sürətli inkişaf var. Ancaq hələ ki, ixrac etdiyimiz məhsullardan ölkəyə gətirdiyimiz valyutanın həcmində əsaslı dönüş yoxdur. Hesab edirəm ki, qarşıdakı illərdə bununla bağlı ciddi nəticələr əldə olunacaq”.

Vidadi ORDAHALLI 

Son xəbərlər