15/12/2018 16:11
728 x 90

Azərbaycan-Rusiya-Türkiyə-İran yeni predmetli dördtərəfli əməkdaşlıq formatı...

“Sözügedən sahədə əməkdaşlıq region ölkələrinə həm maddi, həm də informasiyanın təhlükəsizliyi baxımından faydalıdır”

img

Şaiq Muradov: “Görünən odur ki, Azərbaycan öz IP infrastrukturunu gücləndirir”

 

Məlum olduğu kimi, Azərbaycan, Rusiya, Türkiyə və İran informasiya və kommunikasiya texnologiyaları sənayesinin inkişafı üçün konsorsium yaratmaq barədə razılığa gəliblər.

Bu barədə "Bakutel-2018" sərgisi çərçivəsində keçirilən nazirlərin dördtərəfli görüşündə bildirilib.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin açıqlamasından məlum olub ki, yaradılacaq konsorsium peyk rabitəsi, poçt, kibertəhlükəsizlik, telekommunikasiya infrastrukturunun inkişafı və digər sahələri əhatə edəcək.

Nazir onu da bildirib ki, Azərbaycan, Türkiyə, Rusiya və İran nazirlərinin dördtərəfli görüşü ilk dəfədir keçirilir və yaxın münasibətlərin formalaşması üçün Azərbaycan tərəfi bütün ölkələrin müvafiq qurumlarının nümayəndələrinin iştirakı ilə işçi qrupu yaratmağı təklif edib. Bununla yanaşı, nazirlər kommersiya məqsədli peyk xidmətləri, birgə kibertəlimlərin təşkili, poçt xidmətləri sahəsində daşıma və tranzit imkanlarından istifadə, milli kibertəhlükəsizlik qurumlarının koordinasiyalı fəaliyyətinə dair də fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, İKT dünyada sürətlə inkişaf edən sahələrdən biridir. Eyni zamanda, bu sahə perspektivli olmaqla yanaşı, həm də əmək tutumludur. Bu baxımdan yuxarıda sadalanan sahələrlə bağlı 4 region ölkəsinin əməkdaşlığını, bunun perspektivini və əhəmiyyətini ekspertlər necə dəyərləndirirlər?

Məsələyə münasibət bildirən İKT sahəsi üzrə ekspert Şaiq Muradovun sözlərinə görə, 4 region ölkəsinin bu sahədə əməkdaşlığı bir sıra üstünlüklər vəd edir: “Əvvəla qeyd edim ki, region ölkələrinin İKT sahəsində əməkdaşlıq etməsi tək bizim bölgəyə xas olan hal deyil. Məsələ ondadır ki, dünyada yaxın regionlar öz aralarında bu sahədə müəyyən əməkdaşlıq edirlər. Region ölkələrinin bu yöndə əməkdaşlığının müxtəlif səbəbləri var. Əsasən bunun təməl səbəbləri var. İş ondadır ki, ölkələr öz aralarında məlumatları internet, peyk vasitəsilə ötürürlər. Məsələn, bəzən Azərbaycandan Rusiya saytına daxil olmaq üçün məlumatı gedib başqa peykdən almaqdansa, öz aramızda qurduğumuz infrastrukturla əldə edə bilərik. Bu minvalla, bir-birimizə məlumat ötürə bilərik. Sözügedən sahədə əməkdaşlıq region ölkələrinə həm maddi, həm də informasiyanın təhlükəsizliyi baxımından faydalıdır. Digər tərəfdən bu, Azərbaycanın çoxşaxəli sahələrdən informasiya almasına da müsbət təsir göstərir. Yəni biz nə qədər informasiya mübadiləsini müxtəlif mənbələrdən aparsaq, bu bir o qədər Azərbaycanın informasiya təhlükəsizliyinə xeyirli olacaq. Düşünürəm ki, bu sahədə Azərbaycan, Rusiya, Türkiyə və İran arasında əldə olunan razılaşma region üçün faydalı olacaq. Bununla yanaşı, yeni imkanlar yaranacaq. İKT sahəsində dövlətlərarası əməkdaşlıq bu baxımdan faydalı və səmərəlidir. Xəzəryanı və Qafqaz ölkələri öz aralarında bu yöndə əməkdaşlığı genişləndirməlidirlər. Nəzərə almaq lazımdır ki, Azərbaycan növbəti peykini kosmosa qaldırmaqla bağlı hazırlaşır. Region ölkələri ilə əməkdaşlıq bu istiqamətdə görülən işlərin məntiqi davamıdır. Görünən odur ki, Azərbaycan öz IP infrastrukturunu gücləndirir. O baxımdan bu tip addımların bundan sonra da davam etdiriləcəyini düşünürəm”.

Vidadi ORDAHALLI

Son xəbərlər