11/12/2018 11:43
728 x 90

Qeyri-neft sektorumuzda 8 min manat əməkhaqqı alanlar var

“Müəyyən şirkətlərdə çalışan maliyyə menecerləri, satış menecerləri dövriyyədən asılı olaraq bu cür yüksək məvacib ala bilirlər”

img

Ruslan Atakişiyev: “Bu, əmək müqaviləsi bağlayanların öz gəlirlərini tam şəkildə göstərməsinə gətirib çıxaracaq”

 

Xəbər verildiyi kimi, Azərbaycanda 2019-cu ildən yeni Vergi Məcəlləsi qüvvədə olacaq. Belə ki, 240 bənd üzrə dəyişikliklər edilən budəfəki məcəllə vergitutmanın əsas sahələrində ciddi yeniliklər və nəzarət tədbirləri vəd edir.

Vergilər Nazirliyinin Vergi Siyasəti Departamentinin baş direktoru Samirə Musayevanın sözlərinə görə, yeni məcəllə hazırlanarkən beş əsas hədəf seçilib: sahibkarlığın dəstəklənməsi, vergidən yayınmanın və “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, vergitutma bazasının genişləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi, mövcud və yeni vergi güzəştlərinin səmərəliliyinin yüksəldilməsi.

S.Musayeva qeyri-neft sektorunun özəl bölməsində çalışan vətəndaşların əməkhaqlarından tutulan vergilər üzrə vergi güzəştlərinin verilməsini qeyd edib. Məlum olub ki, dəyişikliyə əsasən, aylıq əməkhaqqı 8000 manata qədər olan vətəndaşlar üçün yeddi il müddətində gəlir vergisi üzrə 100 faizlik güzəşt verilib, 8000 manatdan çox olan məbləğdə muzdlu işlə əlaqədar gəlir əldə edən fiziki şəxslər üzrə isə gəlir vergisi 14 faiz müəyyənləşdirilib ki, bu da dövlətin sözügedən məsələdə çox böyük fiskal güzəştə getməsi deməkdir: “Əsas hədəf “kölgə iqtisadiyyatı”nın həcminin azaldılması, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması, iqtisadi fəallığın, xüsusilə qeyri-neft sektorunun özəl bölməsində işgüzar aktivliyin daha da canlanması, vətəndaşların hüquqlarının daha dolğun şəkildə təmin edilməsidir”.

Məlumat üçün qeyd edək ki, dövlət sektorunda çalışanlar və neft sektorunun özəl bölməsinə bu güzəşt şamil edilmir. Söhbət yalnız qeyri-neft sektorunun özəl bölməsində çalışan və 8000 manata qədər gəliri olan vətəndaşlardan gedir.

Maraqlıdır ki, sözügedən sahədə bu qədər əməkhaqqı alanlar varmış. Bu qədər gəliri olanların sayı təxminən nə qədər ola bilər? Ümumilikdə, ekspertlər bunu necə dəyərləndirirlər?  

Məsələyə münasibət bildirən İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin direktoru Ruslan Atakişiyevin sözlərinə görə, qeyri-neft sektorunun özəl bölməsində çalışan müəyyən peşə sahiblərinin gəliri 8000 manat civarındadır: “Məsələ ondadır ki, müəyyən şirkətlərdə çalışan maliyyə menecerləri, satış menecerləri dövriyyədən asılı olaraq bu cür yüksək məvacib ala bilirlər. Bununla bağlı vergi güzətlərinin tətbiq edilməsində məqsəd qeyri-neft sektorunda çalışan bu şəxsləri əmək müqaviləsi bağlamağa təşviq etməkdir. İş ondadır ki, bəzi müəssisələr öz əməkdaşlarına verdikləri məvacibin müəyyən bir hissəsini rəsmi şəkildə verirlər. Qalan hissə isə qeyri-rəsmi şəkildə onlara ödənilir. Qeyri-rəsmi hissə “kölgə iqtisadiyyatı”nın bir hissəsini təşkil etdiyinə görə “kölgə iqtisadiyyatı”nın həcmini azaltmaq üçün bu kimi stimullaşdırıcı işlər görülür. Yəni stimullaşdırıcı tədbirlər görülür ki, sahibkarlıq subyektləri işçilərlə əmək müqaviləsi bağlasınlar. Əmək müqaviləsi bağlamaqla yanaşı, onlara verdikləri əməkhaqqını da açıq şəkildə düzgün göstərə bilsinlər. Hesab edirəm ki, bu kimi stimullaşdırıcı tədbirlərin görülməsi əmək müqaviləsi bağlayanların sayının artmasına öz təsirini göstərəcək. Bu da əmək müqaviləsi bağlayanların öz gəlirlərini tam şəkildə göstərməsinə gətirib çıxaracaq. Ona görə də hesab edirəm ki, sözügedən güzəştlər müsbət effekt verəcək”.

Vidadi ORDAHALLI 

Son xəbərlər