19/11/2018 18:25
728 x 90

Beynəlxalq proqnozlar və reytinqlər Azərbaycanı xarici investorlar üçün daha cəlbedici etməyə başlayır

img

Dünya iqtisadiyyatında real vəziyyətin təhlili burada böhran ehtimalının getdikcə artmaqda olduğunu göstərir. Bununla bağlı ABŞ-ın məşhur "Quantum" fondunun həmtəsisçisi olan Cim Rocers də böhran ehtimalının getdikcə gücləndyini bildirir.

Rocers buna səbəb kimi, başda ABŞ olmaqla, qlobal iqtisadiyyatda son maliyyə böhranından bugünədək borcların həcminin artması amilini göstərib: "Bundan sonra gözlənilən maliyyə böhranı və onun nəticəsində fond birjalarında çöküş həyatımda gördüklərimdən ən fəlakətli ssenari olacaq".

Hesab edilir ki, yeni böhran təkcə dünya iqtisadiyyatı yox, bir çox ölkələrin də iqtisadi artımına mənfi istiqamətdə təsir edəcək. Beynəlxalq Valyuta Fondu da bu xüsusda artıq xəbərdarlıqlar edib. Qeyd edilən fonda qurumun Azərbaycan üzrə proqnozları da çox maraqlıdır. Təşkilat qarşıdakı dövr ərzində Azərbaycanda yalnız artım və inkişaf proqnozlaşdırır. Məsələn, bildirilir ki, 2018-ci ildə Azərbaycanda qeyri-neft sektoru üzrə artım 2,1%, 2019-cu ildə 2,8% təşkil edəcək.

Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, 2019-cu ildə Azərbaycanda gündəlik neft hasilatı 0,78 milyon barrel təşkil edəcək. Cari ildə gündəlik qaz hasilatının neft ekvivaletində 0,41 milyon barrel, gələn il isə 0,54 milyon barrel olacağı proqnozlaşdırılır. O da  qeyd olunub ki, gələn il Azərbaycanda neft sektorunda artım 5% olacaq. Beynəlxalq Valyuta Fondunda hesab edirlər ki, neftin qiymətlərinin yüksək olması və dövlət investisiyalarının genişlənməsi Azərbaycanda iqtisadi artım tempinə müsbət təsir edir. Qurum iqtisadi artımda qeyri-neft sektorunun xüsusi çəkisinin də tədricən mühüm rol oynadığını bildirir.

Təşkilatın proqnozlarına görə, bu il ölkəmizdə orta illik inflyasiya 3,5% olacaq, gələn il isə bu göstərici  3,3%-ə enəcək. Qeyd edək ki, Azərbaycan hökuməti 2019-cu ildə ölkədə ÜDM-in real artımı 3,6% olmaqla 81,9 milyard manat, o cümlədən qeyri-neft ÜDM-in artımı 3,9% olmaqla 50,5 milyard manat təşkil edəcəyini proqnozlaşdırır. 

Beynəlxalq Valyuta Fondu Azərbaycanın valyuta ehtiyatlarının da artacağını bildirir. Qeyd olunur ki, 2018-ci ildə təkcə Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları artaraq 6,2 milyard dollar olacaq. Təşkilatın hesablamalarına görə, gələn il isə bankın valyuta ehtiyatları 6,7 milyard dollar təşkil edəcək. Qeyd edək ki, Beynəlxalq Valyuta Fondu  2018-ci ildə Azərbaycanda geniş mənada pul kütləsinin 5,7%, 2019-cu ildə isə 7,3% artacağını proqnozlaşdırır. Xatırladaq ki, bundan əvvəl digər qurumlar da Azərbaycanda iqtisadi artımın yüksək səviyyədə olacağını bildirib. Məsələn, Avropa Yenidənqurma və İnkişaf Bankı bu il Azərbaycanda ÜDM-in 1,5% artacağını proqnozlaşdırır. Qurumun "Regional Economic Prospects" adlı hesabatında deyilir ki, 2019-cu ildə Azərbaycanda ÜDM 3,5% artacaq: "Neftin yüksək qiymətləri və makroiqtisadi sabitlik Azərbaycan iqtisadiyyatında artımı dəstəkləyir. Ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda ÜDM 0,8% artıb. Bu artım qeyri-neft sektorunun 1% böyüməsi hesabına baş verib. Üçüncü rübün nəticələrinə görə, Azərbaycanın strateji valyuta ehtiyatları 44,5 milyard dollar təşkil edib ki, bu da 2017-ci ilin sonu ilə müqayisədə 8,2% çoxdur. 2017-ci ilin aprelindən bəri manatın ABŞ dollarına qarşı məzənnəsi sabitdir. 2018-2019-cu illərdə qaz hasilatının və ixracının artması hesabına Azərbaycanda ÜDM-in tədricən artacağı gözlənir". Hesabatda qeyd olunub ki, Azərbaycanda inflyasiya 2017-ci ildəki 12,9% səviyyəsindən 2,6% səviyyəsinə enib: “Uçot dərəcəsi ilin əvvəlindəki 15%-dən 10%-ə qədər endirilib. Gözlənir ki, yeni fiskal qaydalar gələn ildən maliyyə intizamını yaxşılaşdıracaq”. Bütün bunlar bir daha Azərbaycanda uğurlu iqtisadi inkişafın real göstəriciləri qismində çıxış edir.

Qeyd edək ki, Azərbaycan hökuməti də, dünyada baş verənlərə rəğmən, ölkədə iqtisadi artımın yüksələn xətt üzrə gedəcəyini bəyan edib. Bu xüsusda 2020-2022-ci illərdə ölkədə iqtisadi artımla bağlı proqnozları məlum olub. 2019-cu ilin dövlət büdcə zərfində qeyd olunub ki, 2020-ci ildə Azərbaycanda ÜDM 3,8% artacaq.

2021-ci ildə Azərbaycanda ÜDM-in 3,6%, 2022-ci ildə isə 2,7% artacağı proqnozlaşdırılır. Hökumətin proqnozlarına görə, neft sektorunda iqtisadi artım 2020-ci ildə 3,8%, 2021-ci ildə 4,6%, 2022-ci ildə 1,3% təşkil edəcək. Qeyri-neft sektorunda isə ÜDM artımı 2020-ci il üçün 3,8%, 2021-ci il üçün 3%, 2022-ci il üçün 3,6% səviyyəsində proqnozlaşdırılır. Beləliklə, 2020-2022-ci illərdə Azərbaycanda iqtisadi artımın orta hesabla 3,4% səviyyəsində olacağı gözlənir. Hesab edilir ki, bütün bu rəqəmlər və proqnozlar Azərbaycanın iqtisadi uğurunun real göstəricisi və yeni qlobal maliyyə böhranının ölkəmizdən yan keçəcəyinin real təsdiqidir. Belə şəraitdə ekspertlər Azərbaycana yatırılan xarici sərmayənin həcminin də sürətlə artacağını proqnozlaşdırır. Çünki həm Azərbaycandaiqtisadi inkişaf sürətlə gedir, həm də ölkədə sabitlik xarici sərmayəni özünə cəlb edir. Digər tərəfdən xarici investorlar dünyanın aparıcı iqtisadi qurumlarının ölkəmizlə bağlı proqnozlarını da mütləq nəzəzə alırlar.

Xatırladaq ki, bundan öncə də Dünya Bankı tərəfindən yayılan “Doing Business 2019” hesabatında Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsi elan olunub. Xatırladaq ki, “Doing Business 2019” hesabatında Azərbaycan dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilib. Ekspertlər bildirir ki, bu qeyd olunan məqam da xarici sərmayədarların ölkəmizə marağını artırır.

Tahir TAĞIYEV

Son xəbərlər