19/11/2018 18:26
728 x 90

Azərbaycandan gizli maliyyə axınlarını dayandırmaq yolları aktual müzakirələrə çevrilir

“Ölkədən gizli maliyyə axınlarının qarşısını almaq üçün mükəmməl deklarasiya sistemi olmalıdır”

img

Əli Əlirzayev: “Yoxsa ömrü boyu 50 milyon qazanmayan şəxs ölkədən bir belə pul çıxarırsa, bunun qarşısı mütləq alınmalıdır”

 

Müxtəlif vaxtlarda Azərbaycandan xaricə maliyyə axınları olub. Xüsusən də məlum devalvasiya dövründə bu özünü çox göstərib. Bu zaman sözügedən vəsaitlərin bir qismi müxtəlif ölkələrdə biznesə, daşınmaz əmlaka yatırılır, bir qismi isə Avropa və ABŞ banklarında saxlanır.

Ölkədən kənara maliyyə axını əksər hallarda qeyri-leqal, yəni gizli formada baş verir. Digər tərəfdən, ölkədən kənara çıxarılan pullar hesabına xaricdə daşınmaz əmlak alanların sayı durmadan artır. Məsələn, qonşu Türkiyədə Azərbaycan vətəndaşları 2016-cı ildə 610, 2017-ci ildə isə 942 mənzil alıblar. Maliyyə axınlarının bir xəttini müxtəlif ölkələrə sərmayə qoyuluşları təşkil edir. Hansı ki, bunun da əksər hissəsi gizli yollarla, Azərbaycandakı əsl sahibin deyil, onun yaxın adamlarının vasitəsilə həyata keçirilir. Bu gün Şərqi Avropa, Mərkəzi Asiya, elə qonşu Gürcüstanda Azərbaycan kapitalı ilə qurulan yüzlərlə şirkət fəaliyyət göstərir.

“Beynəlxalq Bank”ın timsalında baş verən məlum gizli maliyyə axını problemin nə dərəcədə aktual olduğunu bir daha ortaya qoydu. Məlum oldu ki, çox böyük həcmdə vəsait gizli şəkildə ölkədən kənara çıxarılıb. Vəsaitlərin Azərbaycandan kənara axmasının qarşısının alınması əlbəttə ki, vacib məsələdir. Elə bir mexanizm yaradılmalıdır ki, ölkədən böyük həcmdə gizli maliyyə axınları olmasın.

Maraqlıdır, bəs ekspertlər ölkədən gizli maliyyə axınlarının qarşısını almaq üçün həll yolunu nədə görürlər?

Məsələyə münasibət bildirən iqtisadçı-alim Əli Əlirzayevin sözlərinə görə, ölkədən gizli maliyyə axınının qarşısını almaq üçün maliyyə deklarasiya sistemi təkmilləşdirilməlidir: “Maliyyə axını qlobal bir problemdir və bütün ölkələrdə var. Maliyyə axınları təkcə gizli formada olmur. Müəyyən faktorlardan asılı olaraq bir ölkədən başqa ölkəyə maliyyə axınları olur. Qanunvericilikdə ölkədən nə qədər pul çıxarılması göstərilib. Nə qədər pulu deklarasiyasız, nə qədərini deklarasiya ilə çıxarılması göstərilib. Bütün hallarda, çıxarılan pulun deklarasiyası olmalıdır. Yəni maliyyə axınının mənbəyi olmalıdır ki, haradan qaynaqlanır. Yoxsa ömrü boyu 50 milyon qazanmayan şəxs ölkədən bir belə pul çıxarırsa, bunun qarşısı mütləq alınmalıdır. Deklarasiyada göstərilməlidir ki, bu qədər pul haradan əldə olunub. Yəni, bütün hallarda, bunun mənbəyi göstərilməlidir. Bunun üçün də inzibati maliyyə nəzarəti gücləndirilməlidir. Ona görə də ölkədən gizli maliyyə axınlarının qarşısını almaq üçün mükəmməl deklarasiya sistemi olmalıdır. Bu, gəlirlə istehlak, xərc və yığım arasında olan nisbətdir. Yalnız bu halda sözügedən istiqamətdə effektiv nəticələr əldə etmək mümkün olacaq. Yoxsa bunun qarşısını almaq çətindir”.

Vidadi ORDAHALLI

Son xəbərlər