19/11/2018 16:12
728 x 90

Əfqanıstandan başlayan Lapiş-Lazuli yükdaşıma xətti Azərbaycanın Bakı-Tiflis-Qars xətti ilə birləşdirilir

Azərbaycanın İslam ölkələri arasında əməkdaşlığın dərinləşməsinə töhfələri artır

img

Bu gün dünya miqyasında İslam həmrəyliyinin güclənməsində mühüm rol oynayan ölkələrdən biri qismində Azərbaycanın adı ön planda çəkilməkdədir. O da birmənalı həqiqətdir ki, Azərbaycan buna paralel olaraq dinlərarası dialoqa, İslam həmrəyliyinə böyük töhfə baxımından da vacib ölkədir. Digər tərəfdən, Azərbaycan İslam dünyasında bütün dövlətlərə hər zaman yardım göstərməyə hazır olduğunu dəfələrlə nümayiş etdirib. Bu fonda Bakıda Fələstin Dövlətinin Asiya ölkələrindəki səfirlərinin konfransı xüsusi diqqət cəlb edir.

Xatırladaq ki, tədbirdə iştirak üçün Fələstinin xarici işlər naziri Riad Əl-Maliki, Fələstin xarici işlər nazirinin Asiya, Afrika və Avstraliya məsələləri üzrə müavini Mazen Şamiyah, Fələstin Milli Fondunun rəhbəri-nazir Mouin Elias Yousef Khouri, Fələstinin Asiya ölkələrində akkreditə olmuş 27 səfiri, Fələstin Xarici İşlər Nazirliyinin diplomatları ölkəmizə səfər edib. Rəsmi Bakı  Azərbaycanın Fələstin tərəfinin müraciəti əsasında Fələstinin Asiya ölkələrindəki səfirlərinin toplantısına ev sahibi qismində çıxış etməkdən məmnun olduğunu bəyan edib. Xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, Azərbaycan Fələstin xalqının sülh, sabitlik və dayanıqlı inkişafa nail olmaq yolunda mübarizəsini davamlı şəkildə dəstəkləyir. Riad Əl-Maliki Fələstin xalqının sülh uğrunda mübarizəsində göstərdiyi davamlı dəstəyə görə Azərbaycan tərəfinə təşəkkürünü ifadə edib. O bildirib ki, Bakının Fələstin dövlətinin Asiya ölkələrindəki səfirlərinin toplantısına ev sahibliyi etməsi bu dəstəyin növbəti bariz nümunəsidir. Azərbaycan, bununla yanaşı, Fələstinə digər formalarda da dəstək verir. Xatırladaq ki, Azərbaycan ardıcıl olaraq Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə, Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla iki dövlət prinsipi əsasında həllini dəstəkləyir. 

Bakı üçün priortet məqamlardan biri də İslam ölkələri arasında iqtisadi əməkdaşlıın güclənməsi, müxtəlif layihələrin işə salınmasıdır. Bu xüsusda son dövrlərdə ən çox diqqət çəkən məqamlardan biri də Lapis-Lazuli nəqliyyat dəhlizidir. Azərbaycan bu dəhlizin həyata keçməsində artıq maraqlı tərəf olduğunu bildirib.

Qeyd edək ki, bu dəhliz Əfqanıstanın Herat əyalətindəki Torqundi şəhərini Xəzər dənizi sahilindəki Türkmənbaşı limanı ilə birləşdirəcək, daha sonra dəhliz Xəzər vasitəsilə Bakı və Tiiflisdən keçməklə Türkiyəyə, oradan isə Avropaya uzadılacaq. Lapis–Lazuli Route nəqliyyat-tranzit dəhlizinin yaradılması ilə bağlı saziş Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə tərəfindən 2017-ci il noyabrın 15-də Əfqanıstana dair yeddinci Regional İqtisadi Əməkdaşlıq Konfransı  çərçivəsində imzalanıb.

Bu sənədin reallaşdırılması regionun iqtisadi inteqrasiyasını yüksəltməyə və ticarət həcmini xeyli dərəcədə genişləndirməyə yönəlib. Lapis–Lazuli dəhlizi Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu üzrə yükdaşımaların həcmini artırmaq üçün yeni imkanlar yaradır. Eyni zamanda, bu nəqliyyat dəhlizi geniş geoiqtisadi məkanda, o cümlədən Mərkəzi və Cənubi Asiyada, Xəzər, Qara dəniz, Aralıq dənizi hövzələrində əməkdaşlığın möhkəmlənməsinə kömək edəcək. Bütün bunlar bir daha təsdiq edir ki, Lapis–Lazuli İslam ölkələri arasında iqtisadi inteqrasiyanı da dərinləşdirəcək. Bakı məhz bu fonda həmin dəhlizin reallaşması üçün hər cür dəstək verməyə hazır olduğunu bildirir.

Yeri gəlmişkən qeyd edək ki, Türkmənbaşı şəhərində Lapis-Lazuli nəqliyyat dəhlizinə dair beynəlxalq konfrans keçiriləcək. Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Məmmədxan Çakıyev faktı təsdiq edib. Xatırladaq ki, Məmmədxan Çakıyev keçən həftə Azərbaycanda olub. Onun Bakıda apardığı danışıqların əsas mövzularından biri nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi məsələsi idi. Türkmənistan tərəfi də Mərkəzi və Cənubi Asiya regionlarını, Xəzər dənizi, Qara dəniz və Aralıq dənizi hövzələrini əhatə edən geniş geoiqtisadi məkanda səmərəli qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə şərait yaradacaq Lapis-Lazuli  beynəlxalq nəqliyyat-tranzit dəhlizinin yaradılmasına xüsusi əhəmiyyət verir. Bununla əlaqədar Aşqabad nəqliyyat sahəsində əməkdaşlıq məsələlərinin müzakirəsi, hərtərəfli işlənməsi və vaxtında həll olunması üçün Türkmənistan-Azərbaycan hökumətlərarası komissiyasının yaradılması üzrə tədbirlər görülməsini sürətləndirib. Əfqanıstan isə bəyan edir ki, yaxın tezlikdə Azərbaycandan keçməklə Lapis-Lazuli marşrutu ilə Avropaya ilk yük daşımalarına başlamaqda maraqlıdır. Bu marşruntla Türkmənistandan keçən yüklər Bakı-Tiflis-Qars dəmir yolu ilə Avropaya daşınacaq. İlkin məlumatlara əsasən, yüklər əsasən xalça və dərman bitkilərindən ibarət olacaq. Lakin qeyd olunduğu kimi, bu marşrutun işə düşməsi İslam ölkələri arasında iqtisadi inteqrasiyanı daha da dərinləşdirəcək.

Nahid SALAYEV

Son xəbərlər