19/11/2018 18:24
728 x 90

İnnovasiyalar Agentliyi biznesə dövlət dəstəyinin yeni imkanlarını aça biləcəkmi?

“Azərbaycanda innovasiya və innovativ texnologiyanın daha da inkişaf etdirilməsi mühüm məsələdir”

img

İlqar Hüseynli: “Sahibkarlıq subyektləri ilə mütəmadi iş aparılmalıdır ki, bu cür texnologiyalara maraqları artsın”

 

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin yaradılması haqqında Fərman imzalayıb.

Fərmana əsasən, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun və "Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında nazirliyin tabeliyində İnnovasiyalar Agentliyi yaradılıb.

Müəyyən edilib ki, agentlik yerli sahibkarlıq subyektlərinə müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasında yardım göstərən və onların transferini təşkil edən, innovasiya yönümlü elmi tədqiqatları dəstəkləyən, innovativ layihələri (o cümlədən startapları) təşviq edən, onları qrant, güzəştli kredit və nizamnamə kapitalına sərmayə (o cümlədən vençur maliyyələşməsi) vasitəsilə maliyyələşdirən, innovasiya təşəbbüskarlığını təbliğ edən publik hüquqi şəxsdir.

Görünən odur ki, sözügedən fərman ölkədə innovasiyaların inkişafı üçün yeni bir mərhələyə başlanğıc olacaq. Belə ki, bunun sayəsində dövlət resurslarından daha səmərəli istifadə etmək, dövlət idarəetməsində təkrarçılığı aradan qaldırmaq mümkün olacaq. Sahibkarlar bunun sayəsində müasir texnoloji vasitələrin əldə olunmasına nail olacaqlar. Hansı ki, indiki dövrdə buna böyük ehtiyac var. Fərman, ümumiyyətlə, ölkədə innovasiyaların inkişafına təkan vermək baxımından doğru yanaşmadır və mühüm əhəmiyyət kəsb edir. O baxımdan bunu ölkədə innovasiyaların inkişafı üçün yeni bir mərhələ də hesab etmək olar.

Məsələyə münasibət bildirən ekspert İlqar Hüseynli belə bir qurumun yaradılmasına müsbət prizmadan yanaşdı: “Dünyada innovasiya və innovativ texnologiyalara maraq get-gedə artır. Bu da sözügedən texnologiyaların və metodların inkişafını özündə ehtiva edir. Çünki bütün bunlar innovativ texnologiyaların inkişafına bağlı olan məsələlərdir. Artıq mövcud olan praktikalardan başqa daha yeni və təkmil praktikalara yiyələnmək lazımdır. Nəinki yiyələnmək, eyni zamanda, onun ölkə miqyasında tətbiqi ilə bağlı məsələlər gündəmdədir. Bu baxımdan götürsək, Azərbaycanda da innovasiya və innovativ texnologiyanın daha da inkişaf etdirilməsi mühüm məsələdir. Bütün hallarda, hər bir yeniliyin, innovasiyanın mahiyyətində o dayanır ki, maddi dəstək alsın. Maddi təminatlar olmasa, o zaman bunun tətbiqində problemlər yaşanacaq. Sözügedən məsələ ilə əlaqədar Azərbaycanda İnnovasiyalar Agentliyinin yaradılması müsbət haldır. Ümumən, bu normal və təqdir olunası fərmandır. Fərmandan irəli gələn vəzifələrin həyata keçirilməsi üçün kompleks tədbirlər görülməlidir. Ölkə həyatı üçün lazım olan innovativ metodlar, texnologiyalar gətirilməlidir. Prosesin gedişinə nəzarət olmalıdır və monitorinqlər keçirilməlidir. Sahibkarlıq subyektləri ilə mütəmadi iş aparılmalıdır ki, bu cür texnologiyalara maraqları artsın. İnnovativ texnologiyalarla işləməyi bacarsınlar. Çünki sözügedən texnologiyaların Azərbaycanda inkişafı çox vacibdir”.

Vidadi ORDAHALLI

Son xəbərlər