19/11/2018 18:27
728 x 90

BVF gələn il üçün Azərbaycanda yeni iqtisadi artım proqnozunu açıqladı…

“İqtisadiyyatın inkişafı istiqamətində qəbul olunan proqramların uğurlu şəkildə icra olunması qeyri-neft sektorunun inkişafına səbəb olur”

img

Ruslan Atakişiyev: “Qeyri-neft sektorunun inkişafı üçün dövlətin həyata keçirdiyi əsas tədbirlərdən biri də genişmiqyaslı infrastruktur layihələrinin icrasıdır”

 

2018-ci ildə Azərbaycanda qeyri-neft sektoru üzrə artım 2,1%, 2019-cu ildə 2,8% təşkil edəcək. Bu məsələ Beynəlxalq Valyuta Fondunun (BVF) “Qafqaz və Mərkəzi Asiya üzrə regional iqtisadi proqnoz” adlı hesabatında öz əksini tapıb.

BVF-nin hesablamalarına görə, 2019-cu ildə Azərbaycanda gündəlik neft hasilatı 0,78 mln. barrel təşkil edəcək. Sənəddə qeyd olunub ki, gələn il Azərbaycanda neft sektorunda artım 5% olacaq.

BVF-də hesab edirlər ki, neftin qiymətlərinin yüksək olması və dövlət investisiyalarının genişlənməsi Azərbaycanda iqtisadi artım tempinə müsbət təsir edir.

Proqnozlara görə, bu il ölkəmizdə orta illik inflyasiya 3,5% olacaq, gələn il isə bu göstərici 3,3%-ə enəcək.

Qeyd edək ki, Azərbaycan Hökuməti 2019-cu ildə ölkədə ÜDM-in real artımının 3,6% olmaqla, 81,9 mlrd. manat, o cümlədən qeyri-neft ÜDM-in artımı 3,9% olmaqla, 50,5 mlrd. manat təşkil edəcəyini proqnozlaşdırır.

İqtisadçı-ekspert Ruslan Atakişiyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, 2017-ci ildən etibarən Azərbaycan iqtisadiyyatında stabillik hökm sürməyə başlayıb: “2018-2019-cu illərdə ölkə iqtisadiyyatında iqtisadi artımın olacağı bəlli idi. Bunu bir sıra beynəlxalq təşkilatlar dəfələrlə açıqladıqları hesabatlarda bildiriblər. Həmin hesabatlar aparılan tədqiqatlar əsasında formalaşıb”.

Həmsöhbətimizin sözlərinə görə, ölkə iqtisadiyyatının inkişafı naminə hökumət tərəfindən görülən işlər artıq göz qabağındadır: “İqtisadiyyatın inkişafı istiqamətində qəbul olunan proqramların uğurlu şəkildə icra olunması qeyri-neft sektorunun inkişafına səbəb olur. Qeyri-neft sektorunun inkişafında ölkədə aparılan institusional dəyişikliklər də önəmli rol oynayıb. Belə ki, bu sahədə maliyyə imkanlarına çıxışın yaxşılaşdırılması biznes dairələrinin fəaliyyətinin genişlənməsinə səbəb olub.

Qeyri-neft sektorunun inkişafı üçün dövlətin həyata keçirdiyi əsas tədbirlərdən biri də genişmiqyaslı infrastruktur layihələrinin icrasıdır”.

Günel CƏLİLOVA

Son xəbərlər