19/11/2018 18:24
728 x 90

Azərbaycan dövlət büdcəsinin yeni qaydaları...

“Büdcənin neftdən asılılığını azaltmaq və bu siyasəti davam etdirmək müsbət haldır”

img

Əli Əlirzayev: “... büdcəni müəyyən risqlərdən qoruyur”

 

“Yeni büdcə qaydamız neftdən asılılığın azaldılmasına yönəlib. Yəni neft qiymətləri aşağı düşdükdə, biz dərhal xərcləri azaltmamalıyıq. Çünki bu, ikinci zərbə kimi endirilmiş olacaq. Yeni büdcə qaydasına riayət etsək, özümüzü təhdidlərdən qorumuş olacağıq. İqtisadi siyasətimizi həyata keçirməkdə diqqətli olmalıyıq”.

Sözügedən fikirləri Milli Məclisdə Azərbaycanın 2019-cu il üzrə dövlət büdcəsi zərfinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib. Nazirin sözlərinə görə, xarici makroiqtisadi təhdidlərin ölkə iqtisadiyyatına təsirinin qarşısının alınması 2019-cu ildə həyata keçiriləcək monetar və fiskal siyasətin əsas hədəflərindən biri olacaq.

S.Şərifov bildirib ki, Dövlət Neft Fondundan büdcəyə transfer, eyni zamanda, tədiyyə balansının, valyuta bazarının tənzimlənməsində böyük rola malikdir. “Fond valyuta bazarına müəyyən səviyyədə vəsait çıxarmalıdır ki, bazarda xarici valyutaya tələbat tam və dolğun təmin olunsun. Bu məsələni də nəzərdən qaçırmamalıyıq”.

Qeyd edək ki, 2019-cu il dövlət büdcəsinin gəlirləri 22 917,5 mln. manat məbləğində proqnozlaşdırılıb. 2019-cu il dövlət büdcəsi gəlirləri üzrə proqnozun 7 316,0 mln. manatı və ya 31,9%-i Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 11 364,3 mln. manatı və ya 49,6%-i ARDNF-dən transferlərin, 3 451,6 mln. manatı və ya 15,1%-i Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 785,6 mln. manatı və ya 3,4%-i isə digər gəlirlərin payına düşür. Gələn il dövlət büdcəsinin xərcləri 24 780,1 mln. manat məbləğində proqnozlaşdırılıb. Büdcə xərclərinin ÜDM-ə nisbətinin 30,2% səviyyəsində olması nəzərdə tutulub.

Görünən odur ki, hökumət gələn il üçün büdcəni tərtib edərkən bütün amilləri nəzərə alır. Nəzərə almaq lazımdır ki, 2015-ci ildə neftin dünya bazar qiymətinin kəskin ucuzlaşması o zaman müəyyən problemlərin yaranmasına səbəb oldu. O üzdən, neft amilindən asılılığın azaldılmasına xüsusi önəm verilir.

Sözügedən məsələni dəyərləndirən iqtisadçı-alim Əli Əlirzayev buna müsbət prizmadan yanaşdı: “Məsələ ondadır ki, neftin qiyməti dünyada gedən iqtisadi proseslərdən asılıdır. Bəzən görürsən ki, dünya bazarında neftin qiyməti hansısa səbəblərdən kəskin şəkildə ucuzlaşır. Bu zaman büdcəsi əsasən neft gəlirləri hesabına formalaşan ölkələr bir sıra çətinliklərlə üzləşirlər. Elə ölkələr var ki, neftdən başqa məhsul dünya bazarına çıxara bilmirlər. Ancaq Azərbaycanda aparılan islahatlar sayəsində ölkədə qeyri-neft sektoru inkişaf edir. Qeyri-neft sektoru inkişaf etdikcə, bu sektorun iqtisadiyyatda payı artır. Son illər Azərbaycan neftin büdcədəki qiyməti ilə bağlı ehtiyatlı siyasət yeridir. Yəni qiymət elə də yüksək götürülmür. 2018-ci ilin dövlət büdcəsində neftin bir barreli 55 dollar idisə, növbəti ildə bu rəqəm 60 dollar nəzərdə tutulub. Hesab edirəm ki, bunun özü çox doğru yanaşmadır. Ona görə ki, bu, büdcəni müəyyən risqlərdən qoruyur. Neftin qiyməti ucuzlaşanda hər hansı ciddi təbəddülatlar yaşanmır. Ona görə də büdcənin neftdən asılılığını azaltmaq və bu siyasəti davam etdirmək müsbət haldır. Bu istiqamətdə səyləri daha da artırmaq lazımdır”.

Vidadi ORDAHALLI 

Son xəbərlər