19/11/2018 16:14
728 x 90

Neftin 60 dollar qiymətində büdcəmizin göstəriciləri – biz nələrdən sığortalana biləcəyik...

“Nəinki neft sektorundan, qeyri-neft sektorundan da büdcəyə daxilolmalar artacaq”

img

Vüqar Bayramov: “Büdcədə neftin bir barrelinin 60 dollardan götürülməsi...”

 

Azərbaycanın Qafqaz bölgəsində lider mövqelərinin möhkəmlənməsi, Avropanın enerji təhlükəsizliyi sistemində mühüm yer tutması onun dünya birliyində nüfuzunu artırır. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi siyasət ölkədə makroiqtisadi sabitliyin bərqərar olmasını, milli valyutanın məzənnəsinin sabitləşdirilməsini təmin edir.

Son illər ölkə iqtisadiyyatında baş verən önəmli hadisələrdən biri büdcə gəlirlərində qeyri-neft sektorunun payının təqribən 50 faizə çatması olub. Qeyri-neft sektorunun əsas istiqamətlərindən olan aqrar sahənin, sənayenin və əsasən regionların inkişafı istiqamətində görülən işlər də öz bəhrəsini verir. Bütün bunlar və dövlətin həyata keçirdiyi digər iqtisadi tədbirlər büdcə gəlirlərinin artıq təkcə neft gəlirləri hesabına deyil, büdcə-vergi siyasəti üzrə reallaşmasını və qeyri-neft gəlirlərinin ÜDM-də və büdcə gəlirlərində xüsusi çəkisinin artımına yönəldiyini göstərir.

Qeyd edək ki, dövlət büdcəsi hazırlanarkən ölkənin müdafiə qabiliyyətinin daha da yüksəldilməsi, kənd təsərrüfatı sahəsinin inkişafı, məşğulluğun artırılması və sosialyönümlü tədbirlərin, əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı zəruri xərclər prioritet istiqamət kimi əsas götürülüb.

Bununla yanaşı, son illər dünya bazarında neftin qiymətinin artması imkan verir ki, büdcədə neftin qiyməti yüksək götürülsün. Belə ki, 2019-cu ilin dövlət büdcəsində neftin qiyməti 1 barrelə görə 60 dollar qiymətində götürülüb. Ümumən bunu ekspertlər necə dəyərləndirirlər?

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən iqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, gələn ilin büdcəsində neftin 1 barrelinin 60 dollardan götürülməsi öncədən proqnozlaşdırılırdı: “Çünki neftin qiyməti əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə artıb. Büdcədə neftin bir barrelinin 60 dollardan götürülməsi 2019-cu ildə neft bazarında baş verə biləcək dəyişikliklərin öncədən sığortalanması baxımından vacibdir. Çünki sığortalanmış qiymətə ehtiyac var idi və praktiki olaraq 60 dollar bu kontekstdən sığortalanmış qiymətdir. Nəzərə almaq lazımdır ki, bəzi iri şirkətlər gələn il neftin dünya bazar qiymətinin 65 dollar ətrafında dəyişəcəyini bildirirlər. Hətta qiymət bundan yüksək olsa belə, sonradan büdcəyə yenidən baxıb dəyişikliklər edilməsi mümkündür. Ancaq indidən sığortalanmış və mövcud qiymətdən aşağı qiymətin götürülməsinə ehtiyac var idi. Neftin dünya bazar qiymətinin 65 dollar olduğunu nəzərə alsaq, bu kontekstdən də qiymətin aşağı götürülməsi məqsədəuyğundur. Ümumilikdə, 2019-cu ilin dövlət büdcəsində neftin qiymətinin 1 barrelə görə 60 dollar götürülməsi 2018-ci illə müqayisədə artım deməkdir. Nəticədə bu özünü büdcə gəlirlərində göstərəcək. Demək olar ki, büdcədə bütün istiqamətlər üzrə xərclərdə artım var. Nəticədə 2019-cu il büdcəsinin həm gəlirlər, həm də xərclər hissəsi 2018-ci illə müqayisədə daha çoxdur. Digər tərəfdən, nəinki neft sektorundan, qeyri-neft sektorundan da büdcəyə daxilolmalar artacaq. Belə ki, qeyri-neft sektorundan büdcəyə daxilolmalarda 5 faiz artım proqnozlaşdırılır. Bu da ümumən büdcə gəlirlərinin 2018-ci illə müqayisədə daha çox artmasına şərait yaradacaq”.

Vidadi ORDAHALLI

Son xəbərlər