19/11/2018 18:27
728 x 90

Azərbaycanda əmlak qeydiyyatının sadələşdirilməsi üzrə son illərin tədbirləri dünyada maraq çəkdi…

“Daşınmaz əmlakın qeydiyyatının sadələşdirilməsi nəticəsində vətəndaş-məmur ünsiyyəti sıfıra endirilib”

img

Nüsrət İbrahimli: “Görülən işlər sayəsində beynəlxalq hesabatda Azərbaycan irəliləyib”

 

Məlum olduğu kimi, ötən həftə “Doing Business-2018” hesabatı açıqlanıb. Hesabatda Azərbaycanın iqtisadi inkişafı yüksək qiymətləndirilib. Hesabatda ölkə iqtisadiyyatının müxtəlif sahələri üzrə inkişaf göstəriciləri açıqlanıb.

Daşınmaz əmlak sahəsində də irəliləyiş qeydə alınıb. Belə ki, Azərbaycan “Doing Business-2018” hesabatına əsasən daşınmaz əmlakın qeydiyyatında 4 pillə irəliləyib.

Əmlak Məsələləri Dövlət Komitəsinin yaydığı məlumatda qeyd olunur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin güclü siyasi iradəsi və davamlı dəstəyi sayəsində ölkəmiz “Doing Business-2018” hesabatında müxtəlif parametrlər üzrə, o cümlədən əmlakın qeydiyyatı sahəsində xeyli irəliləyib: “Belə ki, əmlakın qeydiyyatının sadəliyinə görə Azərbaycan ötən illə müqayisədə daha 4 pillə irəliləyərək 190 ölkə arasında 17-ci yerdə qərarlaşıb. Bu göstərici ilə ölkəmiz Polşa, Rumıniya, Bolqarıstan, digər Avropa və Mərkəzi Asiya ölkələrini qabaqlayıb. Tərtib edilən hesabatda bildirilir ki, Azərbaycan mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı prosedurların sayının azlığına, müddətin qısalığına və qeydiyyat xərclərinin azlığına görə dünyanın və MDB-nin əksər ölkələrindən irəlidədir.

“Doing Business-2018” hesabatına əsasən, Azərbaycanda əmlakın qeydiyyatı üçün cəmi 3 prosedurdan keçmək tələb olunur. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (İƏİT) daxil olan ölkələr üzrə bu, 4,7, Avropa və Mərkəzi Asiya regionunda isə 5,3 təşkil edir. Bu göstəriciyə görə ölkəmiz Polşa, Rumıniya və Bolqarıstan kimi inkişaf etmiş ölkələri qabaqlayır.

“Doing Business-2018” hesabatına əsasən, ölkəmizdə qeydiyyat üçün 5,5 gün tələb edilir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (İƏİT) daxil olan ölkələr üzrə bu müddət 20,1 gün, Avropa və Mərkəzi Asiya regionu üçün isə 20,3 gün təşkil edir. Başqa sözlə, Azərbaycanda əmlakın qeydiyyatı müddəti Avropa üzrə ümumi göstəricidən 4 dəfə daha sürətlidir”.

“Doing Business-2018” hesabatında  Azərbaycanın daşınmaz əmlakın qeydiyyatında 4 pillə irəliləməsinə fikir bildirən daşınmaz əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, son zamanlar daşınmaz əmlakın qeydiyyatında inkişaf yaşanır: “Bu bir sıra sahələrdə özünü göstərir. İlk olaraq bildirim ki, bu, daşınmaz əmlak qeydiyyatının müddətinin qısaldılması ilə bağlıdır. Bəllidir ki, artıq elektron qeydiyyat prosesinə keçilib. İstənilən şəxs evdə oturaraq daşınmaz əmlakın qeydiyyatı sifarişini verə bilər.

Əvvəllər insanlar Forma 1 və ya 2 əldə etmək üçün günlərini sərf edirdilər. Ancaq indi vəziyyət müsbətə doğru dəyişib. Belə ki, alqı-satqı zamanı notariusda onlayn formada bu proses yerindəcə həll olunur.

Həmçinin, əvvəllər daşınmaz əmlak sahibi çıxarış almaq üçün aidiyyəti quruma müraciət edirdi. Ancaq indi notarius bu işi onlayn formada özü həll edir. Belə ki, qeydiyyat aparılan zaman onlayn formada əmlak görünür və çıxarış qısa müddətə hazırlanır.

Həmçinin, vətəndaş çıxarışı elektron qaydada da əldə edə bilər. Daşınmaz əmlakın qeydiyyatının sadələşdirilməsi nəticəsində vətəndaş-məmur ünsiyyəti sıfıra endirilib. Vətəndaş məmnunluğu təmin edilib, şəffaflıq və operativlik daha da artırılıb, xidmətlərə olan əlçatanlıq yüksəldilib. Görülən işlər sayəsində beynəlxalq hesabatda Azərbaycan irəliləyib”.

Günel CƏLİLOVA

Son xəbərlər