17/12/2018 10:01
728 x 90

Azərbaycan Avrasiyanın nəqliyyat dəhlizlərindən daha böyük gəlir götürmək mərhələsinə keçdi…

img

Azərbaycanın böyük müvəffəqiyyətlə həyata keçirdiyi nəqliyyat layihələri bu gün ölkəmizi, faktiki olaraq, Avrasiya kimi böyük məkanda əsas tranzit mərkəzinə çevirməkdədir. Belə görünür ki, yaxın perspektivdə Azərbaycanın nəqliyyat sahəsindən əldə etdiyi gəlir qeyri-neft sektorunda ən önəmlii yerlərdən birini tutacaq. Bunu Prezident İlham Əliyev də yüksək qiymətləndirir.

O, Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qeyd olunan xüsusda bildirib: “Əlbəttə ki, ilin doqquz ayının yekunları haqqında danışarkən Ələt Beynəlxalq Dəniz Ticarət Limanını qeyd etməmək mümkün deyil. Bu da tarixi layihədir, Xəzər dənizinin ən böyük limanıdır. Liman may ayında istifadəyə verildi. Beləliklə, “Şərq-Qərb” nəqliyyat dəhlizinin uğurlu fəaliyyəti üçün çox önəmli infrastruktur layihəsi həyata keçirildi. Bundan sonra biz, əlbəttə ki, öz tranzit imkanlarımızı artıracağıq. Bu gün biz nəinki “Şərq-Qərb”, eyni zamanda, “Şimal-Cənub” nəqliyyat dəhlizinin fəal iştirakçısıyıq. Bu dəhliz vasitəsilə göndərilən yüklərin həcmi artır. Mən bu rəqəmi səsləndirmişdim, bir daha demək istəyirəm ki, ilin əvvəlindən “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisindən daşınan yüklərin həcmi yüz dəfədən çox artmışdır. Bu hələ başlanğıcdır. Biz indi tərəfdaş ölkələrlə bu layihənin tam həyata keçirilməsi üçün çox ciddi danışıqlar aparırıq”. 

Bütün bunlar bir daha qarşıdakı dövr ərzində Azərbaycanın nəqliyyat dəhlizlərindən kifayət qədər böyük həcmdə gəlir əldə edəcəyini aydın nümayiş etdirir. Eyni zamanda, qeyd olunduğu kimi, ölkəmizi böyük bir coğrafi məkanda əsas nəqliyyat mərkəzinə çevirir. Bunu İranın Astara gömrük-keçid məntəqəsinin rəisi Rəsul Ümidi də xüsusi olaraq vurğulayır. O, ölkəsinin idxal və ixracında Azərbaycanın xüsusi çəkisinin daha böyük sürətlə artdığını açıq şəkildə etiraf edir. Belə ki, İran Baş Gömrük İdarəsinin yaydığı məlumata görə, cari ilin ötən dövrü ərzində Rusiyadan İrana ixracın həcmi 633 milyon dollar dəyərində olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə İranla Rusiya arasında həyata keçirilən idxal-ixrac əməliyyatlarında 90 faiz artım müşahidə olunub.  Rəsul Ümidi bu fonda Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu xəttinin istifadəyə verilməsindən sonra Rusiyadan idxal əməliyyatının həcminin artdığını bildirib. İrana ixrac olunan mallar Rusiyadan qatarla gələrək Azərbaycan üzərindən İrana daxil olur.

Qeyd edək ki, hələ SSRİ dövründən Rusiya ilə Azərbaycanın dəmir yolu sistemlərinin birləşməsi və bu gün reallaşan “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin formalaşması istiqamətində İran və Azərbaycanın Astara şəhərləri arasında dəmir yolunun çəkilib istifadəyə verilməsi Rusiya ilə İran arasındakı ticarət əlaqələrini artırıb. Azərbaycan isə tranzit ölkə olaraq gəlir əldə etməklə yanaşı, hər iki ölkə ilə ticarət və nəqliyyat əlaqələrini də genişləndirir. Bu həm də onun  göstəricisdir ki, Azərbaycan dövlətinin qeyri-neft sektorunu inkişaf etdirmək istiqamətində həyata keçirdiyi islahatlar artıq səmərə verir. Onu da qeyd edək ki, hələ “Şimal-Cənub” dəhlizi çərçivəsində inşa edilən Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu tam hazir deyil. Bu yol İranın Fars körfəzindəki Bəndər-Abbas limanı ilə Rusiya və Avropanı birləşdirəcək. Yolun Bəndər-Abbasdan Qəzvinə kimi olan hissəsi hazırdır. Gələn ilin mart ayında Qəzvin-Rəşt hissəsi istifadəyə veriləcək. Rəşt-Astara hissəsində isə işlər sürətlə davam etdirilir.

Qeyd edək ki, Qəzvin-Rəşt-Astara-Astara dəmir yolu istismara verildikdə Rusiyadan gələn qatarlar İranın yalnız Astara şəhərinə yox, digər şəhərlərinə də getmək imkanı əldə edəcək. Onda Azərbaycanın tranzit ölkə kimi əhəmiyyəti ilə yanaşı, tranzit gəlirləri də artacaq. Bununla yanaşı, malların əks istiqamətə daşınması da məhz Azərbaycan üzərindən həyata keçiriləcək. Bu isə onu deməyə əsas verir ki, Azərbaycan ilk mərhələdə Yaxın Şərq və Cənub-Şərqi Asiya ölkələri üçün nəqliyyat mərkəzinə çevriləcək. Mərkəz dedikdə isə yalnız dəmir yollarının kəsişdiyi yer nəzərə alınmır. Məsələnin mahiyyəti həm də ondan ibarətdir ki, milyardlarla dollar həcmində idxal-ixrac əməliyyatları həyata keçirən firmalar Azərbaycanda öz nümayəndəliklərini açacaq, qatarlara və digər texniki vasitələrə xidmət etmək üçün mərkəzlər yaradılacaq. Bütün bunlar isə əlavə iş yerlərinin açılmasını və ölkəyə valyuta axınını təmin edəcək.

İranın Dövlət Dəmir Yolları İdarəsinin rəisi Səid Məhəmmədzadə də bu fonda Azərbaycanla reallaşan layihələrin ölkəsi üçün indi mühüm əhəmiyyəti dlaşıdığını bildirir. Onun sözlərinə görə, İran, Azərbaycan və Rusiyanın dəmir yolu sistemlərini birləşdirəcək “Şimal-Cənub” dəhlizinin əsasını təşkil edən Qəzvin-Rəşt-Astara-Astara dəmir yolu xətti tam istifadəyə verildikdən sonra dəmir yolu ilə daşınan yüklərin həcmi 25 milyon tona çatacaq. Eyni zamanda nəqliyyat xərclərinə ödənilən vəsaitdən 250 milyon dollara qənaət ediləcək.

S. Məhəmmədzadə qeyd edib ki, Avropa İttifaqı (Aİ) ölkələri İrana 11 milyard dollar həcmində ixrac əməliyyatı həyata keçirib. İran isə Aİ ölkələrinə 10 milyard dollar həcmində ixrac əməliyyatı həyata keçirib. Ötən illərlə müqayisədə bu rəqəmlər artıb. Gələcəkdə də artacaq. Bu rəqəmlər yalnız İranla Aİ ölkələri arasındakı ixrac-idxal əməliyyatlarının həcmini göstərir. Cənub-Şərqi Asiya ölkələrinin də Avropa ölkələri ilə ticarət və iqtisadi əlaqələrini nəzərə alsaq, yükdaşımanın həcminin böyük miqyasda artacağını proqnoz edə bilərik. Bu yüklər isə İran, Azərbaycan və Rusiya ərazisindən keçməklə “Şimal-Cənub” dəhlizi vasitəsilə daşınacaq. Belə bir vaxtda məlum olub ki, Azərbaycan Orta Asiya üçün də yük və sərnişin daşınmasında mühüm halqa olacaq. Məsələ burasındadır ki, Qazaxıstan Çinin şərq sahillərindən, yəni  Lianyunganq limanından Qazaxıstan və Çin sərhədindən dəmir yolu və magistral yollar vasitəsilə Xəzər dənizindən Avropaya qədər optimal logistika zənciri qurmaq istəyir. Bu logistik zəncir Transxəzər beynəlxalq dəhlizinin konteyner multimodal marşrutlarını birləşdirən Mərkəzi Asiya, Çin, Qafqaz, Türkiyə və avropalı tərəfdaşlar üçün maraqlıdır.

Rəsmi Astana bu fonda “Şimal-Cənub”, “Şərq-Qərb”, “Qərbi Avropa-Qərbi Çin” dəhlizlərinin işlərini tam təmin edəcəklərini bildirib. Eyni zamanda Astana Qazaxıstanın bölgələrini Qafqaz və Rusiya ərazisindən keçməklə Çin-İran qitələrarası avtomobil yollarına və dəhlizlərə birləşdirmək niyyətində olduğunu bildirib. Bütün bunlar isə Azərbaycanı qeyd olunan istiqamətdə yenə mühüm nəqliyyat qovşağına çevirir. Belə vəziyyət isə, qeyd olunduğu kimi, ölkənin nəqliyyat sektorundan daha böyük gəlir əldə etməsini şərtləndirir.

Nahid SALAYEV

Son xəbərlər