21/10/2018 08:36
728 x 90

Azərbaycan həqiqətən Davos Forumunun 35-ci pillədən də yaxşı yerini tuta bilər, əgər Prezidentin göstərdiyi istiqamət dərin təhlil edilsə...

“Xərclərin çox olması biznesə başlama təşəbbüslərini məhdudlaşdırır”

img

Rəşad Həsənov: “Sənədlərin sayının azaldılması, elektron hökumətin imkanlarından istifadə edilməsi yolu ilə sözügedən məsələlər həll edilməlidir”

 

“Davos Forumunun hesablamalarına əsasən, biz iqtisadi rəqabətliliyə görə dünyada 35-ci yerdəyik. Ancaq onu da bilməliyik ki, biz daha da qabağa getməliyik”. Bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı bildirib.

Ölkə başçısının sözlərinə görə, iqtisadiyyatda sağlam rəqabətin təmin edilməsi üçün indi şərait yaradılır: “İnhisarçılığa qarşı mübarizə çox ciddi xarakter alıb. Bir daha demək istəyirəm ki, bütün aidiyyəti qurumlar, özəl və dövlət şirkətləri mənim sözlərimdən nəticə çıxarsınlar. Vergi və gömrük sistemləri Azərbaycanda şəffaflığın nümunəsi olmalıdır. Mən göstəriş vermişəm ki, bu sahədə Avropanın aparıcı dövlətlərinin təcrübəsi Azərbaycanda tam tətbiq edilməlidir. Bu istiqamətdə işlər gedir”.

Dövlət başçısı bildirib ki, iqtisadiyyatın rəqabətliliyinin artırılması üçün bundan sonra da fəal işlər görüləcək: “Bildiyiniz kimi, Azərbaycanın bu sahədəki reytinqləri ən yüksək səviyyədədir. Mən bunu dəfələrlə demişəm və bir daha qürur hissi ilə deyə bilərəm ki, Davos Forumunun hesablamalarına əsasən, biz iqtisadi rəqabətliliyə görə dünyada 35-ci yerdəyik. Ancaq onu da bilməliyik ki, biz daha da qabağa getməliyik. Ona görə Davos Forumunun hesabatı tam təhlil edilməlidir və təhlil edilir. Bəzi müddəalar var ki, biz orada geridə qalmışıq. Biz onlara mütləq baxmalıyıq və iqtisadiyyatın rəqabətliliyini daha da artırmalıyıq”.

Maraqlıdır, sözügedən hesabatın hansı müddəaları üzrə geri qalırıq və bunun üçün nə kimi işlər görülməlidir?

Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə, problemlərdən biri maliyyə əlçatanlığı ilə bağlıdır: “Məsələ ondadır ki, biznesin maliyyə resurslarına çıxış imkanları məhduddur. Hesab edirəm ki, məhz bu istiqamətdə bir sıra işlər görülməlidir. Çünki buna ehtiyac var. İkinci problem biznesdə xərclərin yuxarı olması ilə bağlıdır. Belə xərclərin çox olması biznesə başlama təşəbbüslərini məhdudlaşdırır. Eyni zamanda, bu istiqamətdə fəaliyyətlərin gəlirliyini əvvəlcədən şübhə altına almaqla, son nəticədə investisiya qoyuluşlarına mənfi təsir göstərir, kiçik və orta sahibkarlığı zəiflədir, xarici investisiya axınını təzyiq altında saxlayır. Üçüncü məsələ rəsmiləşdirmə ilə bağlı prosedurların mürəkkəb olması ilə bağlıdır. Düzdür, elektronlaşma və digər sahələrlə bağlı son dövrlər bəzi addımlar atılıb, amma bu problem tam olaraq öz həllini tapmayıb. Sözügedən problemlərin öz həllini tapması üçün qanunvericilikdə dəyişikliklərin edilməsinə, prosedurların sadələşdirilməsinə, “vahid pəncərə” mexanizmi kimi institutlaşmalardan daha çox istifadə edilməsinə ehtiyac var. Biznes subyekti hansısa bir formada bu kimi məqsədlərlə daha az vaxt və pul sərf etməlidir. Bir sözlə, daha çevik şəkildə bu məsələlər öz həllini tapmalıdır. Sənədlərin sayının azaldılması, elektron hökumətin imkanlarından istifadə edilməsi yolu ilə sözügedən məsələlər həll edilməlidir. Hesab edirəm ki, bütün bunlar sadalanan problemlərin müəyyən qədər həll edilməsinə şərait yarada bilər. Ən nəhayət, ictimai institutlaşmanın gücləndirlməsinə ciddi ehtiyac var. Çünki bu sahənin zəif olması ölkədə ümumi iqtisadi inkişafın səviyyəsinə, rəqabətə neqativ təsir göstərir”.

Vidadi ORDAHALLI

Son xəbərlər