17/12/2018 10:00
728 x 90

İqtisadi cəhətdən heç kimdən asılı olmayan Azərbaycan – müstəqillik yolunun böyük nəticəsi...

“Bütün bunlar nəinki yüksək göstəricilərdir, eləcə də Azərbaycanın gələcək nailiyyətlərindən xəbər verir”

img

Aydın Hüseynov: “Ölkə üzrə bütün makroiqtisadi göstəricilərdə artım tempi müşahidə olunur”

 

“Biz iqtisadi cəhətdən heç kimdən asılı deyilik. Hesab edirəm ki, bu, bizim tarixi nailiyyətimizdir”. Bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Ölkə başçısı bununla bağlı bir sıra məqamlara toxunub: “Əlbəttə, bizim bütün planlarımızı həyata keçirmək üçün iqtisadiyyatımız uğurla inkişaf etməlidir və bu istiqamətdə ardıcıl addımlar atılır. Əgər bizim güclü iqtisadi imkanlarımız olmasaydı, heç bir planımızı icra etmək mümkün olmazdı. Bizim iqtisadiyyatımız siyasi maraqlarımızı təmin edir. İqtisadi müstəqillik imkan verir ki, biz beynəlxalq müstəvidə də müstəqil siyasət aparaq. Əgər biz iqtisadi cəhətdən kimdənsə asılı olsaydıq, belə imkanlar məhdud ola bilərdi. Biz isə iqtisadi cəhətdən heç kimdən asılı deyilik. Hesab edirəm ki, bu, bizim tarixi nailiyyətimizdir”.

Prezident qeyd edib ki, eyni zamanda, 2018-ci ildə iqtisadi sahədə islahatların dərinləşməsi işində çox önəmli addımlar atılıb: “Hesab edirəm, bu ilin doqquz ayının göstəriciləri deməyə əsas verir ki, biz istədiyimizə nail oluruq. Doqquz ayda xarici ticarət dövriyyəsi 37 faiz artıb. İxrac da təxminən bir o qədər artıb. Bu da çox müsbət haldır. Qeyri-neft ixracı isə təxminən 14 faiz artıb. Bax, budur, sosial-iqtisadi inkişafımızın əsas göstəriciləri. İstənilən mötəbər beynəlxalq maliyyə qurumu bu nəticələri görərkən bir qənaətə gələ bilər ki, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir. Azərbaycanda çox düşünülmüş iqtisadi siyasət aparılır. Azərbaycan iqtisadiyyatı qarşısında gələcəkdə heç bir ciddi problem yoxdur”.

Dövlətin güclü olmasını şərtləndirən başlıca faktorlardan biri onun iqtisadi baxımdan xaricdən asılı olmamasıdır. Bu sahədə vəziyyət nə qədər yaxşı olsa, bu bir o qədər dövlətin güclənməsinə və möhkəmlənməsinə öz müsbət təsirini göstərəcək. Görünən odur ki, Azərbaycan dövləti də iqtisadi baxımdan heç kimdən asılı deyil. Bunun özü böyük nailiyyətdir.

Sözügedən məsələni dəyərləndirən millət vəkili Aydın Hüseynovun fikrincə, Azərbaycanın iqtisadi cəhətdən heç kimdən asılı olmamasını şərtləndirən bir sıra amillər var: “Başlıca amil həyata keçirilən uğurlu və dayanıqlı iqtisadi siyasətlə bağlıdır. 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və açıqlanan statistik rəqəmlər Azərbaycanda dayanıqlı iqtisadi siyasətin davam etdiyini göstərir. Təsadüfi deyil ki, ölkə üzrə bütün makroiqtisadi göstəricilərdə artım tempi müşahidə olunur. Qeyri-neft sektorunda mühüm addımlar atılır. Xüsusilə də qeyri-neft sənayesinin 10,8 faiz artması, valyuta ehtiyatlarının 45 milyarda çatması, büdcə gəlirlərinin 100,2 faiz yerinə yetirilməsi ölkədə aparılan iqtisadi siyasətin özünü doğrultduğunu göstərir. Bu ilin doqquz ayında ölkəmizdə 85 min daimi iş yeri açılıb, əhalinin gəlirləri isə 9,5 faiz artıb, inflyasiya cəmi 2,6 faiz təşkil edib. Bütün bunlar nəinki yüksək göstəricilərdir, eləcə də Azərbaycanın gələcək nailiyyətlərindən xəbər verir. Azərbaycanın həyata keçirdiyi qlobal layihələrin əhəmiyyətini də qeyd etmək lazımdır. TANAP, TAP layihəsi artıq 2020-ci ilə qədər öz bəhrəsini verəcək. Şimal-Cənub, Şərq-Qərb istiqamətində daşınan yüklərin həcmində böyük irəliləyiş var. Təkcə Şimal-Cənub istiqamətində daşınan yüklərin həcmi 100 dəfə artıb. Azərbaycan tranzit ölkə olmaqla yanaşı, bu işlərdə fəal iştirak edir. Bu isə ölkənin valyuta gəlirlərinin daha da artması deməkdir. Ümumi nəticələrə əsasən, ölkə iqtisadiyyatı artan templərlə inkişaf edir. Bütün bunların nəticəsidir ki, Azərbaycan iqtisadi baxımdan heç kimdən asılı deyil”.

Vidadi ORDAHALLI

Son xəbərlər