21/10/2018 08:29
728 x 90

Prezident Azərbaycana valyuta gətirən və valyuta axınının qarşısını alan yeni sahə göstərdi – zeytunçuluq…

“Azərbaycanda zeytun tingləri olmadığı üçün, bu sahəni inkişaf etdirmək lazımdır”

img

Nicat Nəsirli: “Zeytun elə bir məhsuldur ki, bununla tək böyük təsərrüfatları deyil, eyni zamanda, kiçik ailə təsərrüfatlarını da inkişaf etdirmək olar”

 

“Mən regional inkişafla bağlı konfransların birində bəzi kənd təsərrüfatı məhsullarının istehsalını, istehlakını sadalayarkən özüm də o arayışı görəndə təəccüb etdim ki, biz xaricdən zeytun idxal edirik. O zeytun ki, bizdə, Abşeron yarımadasında hər tində bitə bilir. Ona görə çox ciddi göstəriş verildi ki, yeni zeytun bağları salınsın, onların suvarılması təmin edilsin və Azərbaycanda zeytun yağı istehsalı təşkil olunsun”.

Bu sözləri  Prezident İlham Əliyev oktyabrın 9-da Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib. O, çıxışı zamanı qeyd edib ki, bu günə qədər olan istehsal bizi qane edə bilməzdi: “Bu istiqamətdə verilən göstərişlər yerinə yetirilir və son bir neçə ildə yeni zeytun bağları salınıb. Yüzlərlə, bəlkə də minlərlə hektar sahələrdə yeni zeytun bağları salınır. Bizim istehsalımız artır, zeytun yağı istehsalı artır, ixrac etməyə başlamışıq. Özü də çox keyfiyyətli zeytun yağıdır. Biz zeytunçuluğun inkişafı, zeytun yağının ixracı ilə bağlı dünya miqyasında öz dəyərli yerimizi tuturuq”.

Azərbaycanda zeytun bitdiyi halda, adıçəkilən məhsulun hələ də idxal olunması səbəbini öyrənmək və bu sahədə vəziyyətin nə yerdə olduğunu aydınlaşdırmaq məqsədilə “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin şöbə müdiri, aqrar sahə üzrə ekspert Nicat Nəsirliyə müraciət etdik. O, “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Sovet dönəmində zeytunçuluq ixtisaslaşmış sahə idi. O zaman zeytunçuluqla bağlı bir sıra kolxoz və sovxozlar fəaliyyət göstərirdi: “Zeytun emal tələb edən sahə olduğu üçün, Sovet vaxtı bunun emal kompleksləri qurulmuşdu. Ancaq sonralar bu sahə diqqətdən kənarda qaldı və zeytun sahələri kifayət qədər azaldı. 2014-cu ilə qədər ölkədə cəmi 1400 hektara yaxın zeytun bağları olub. Daha sonra zeytun bağlarının sahəsi sürətlə artmağa başlayıb. 2017-ci ildə isə qeyd olunan sahə 3351 hektara çatıb. Zeytun bağları ilə bağlı inkişaf dinamikası normaldır. Ancaq zeytunçuluqda bir sıra problemlər var. Hektardan götürülən sentner aşağıdır. Belə ki, 1 hektardan 6 sentner götürülür, bu isə təxminən 600 kq edir. Bu isə ümumi zeytun istehsal edən ölkələrin göstəricisindən kifayət qədər aşağıdır. Həmçinin, Azərbaycanda zeytun tingləri yoxdur. Azərbaycana zeytun tingləri əsasən Türkiyədən gətirilir. Bu sahəni inkişaf etdirmək lazımdır. Bunun üçün ölkədə ixtisaslaşmış elmi-tədqiqat institutu olmalıdır. Bununla bağlı özəl təsərrüfatlar stimullaşdırılmalıdır”.

Həmsöhbətimizin sözlərinə görə, xarici ölkələrdən il ərzində 1711 ton zeytun yağı idxal edirik. Meyvə şəklində alınan zeytunların çəkisi isə 890 tondan çoxdur: “Bu isə kifayət qədər yüksək göstəricidir. Bəllidir ki, zeytun yağı və zeytundan hazırlanan məhsulların qiyməti ildən-ilə qalxır. Ancaq ixracatın həcmi yüksək deyil. Məlumat üçün bildirim ki, 2017-ci ildə 4 ton zeytun, 244 ton isə zeytun yağı ixrac etmişik”.

N.Nəsirli onu da vurğuladı ki, zeytun ağacı 5 ildən tez məhsula düşmür. Bu isə sahibkarlar üçün problemdir: “Sahibkarlar yatırdıqları investisiyanın 5 il sonra məhsul verəcəyini gözləməkdə çətinlik çəkirlər. Ümumiyyətlə, elə məhsullar var ki, illər sonra yetişir. Zeytun, çay və digər ağaclar illər sonra məhsul verir. Sahibkarlara güzəştli şərtlərlə kredit verilməlidir ki, onlar bu sahəyə maraq göstərsinlər.

Onu da deyim ki, zeytun ağacının ən yüksək məlsuldarlığı dövründə belə 20-30 kiloqram məhsul verir.

Zeytun elə bir məhsuldur ki, bununla tək böyük təsərrüfatları deyil, eyni zamanda, kiçik ailə təsərrüfatlarını da inkişaf etdirmək olar. Məlumdur ki, hazırda minlərlə ailə zeytunçuluqla məşğuldur. Dəniz qırağında, yol kənarında olan zeytun ağaclarından məhsulu yığıb emal prosesindən keçirdərək kustar üsulla satırlar. Kiçik ailə təsərrüfatlarında zeytun məhsullarının müxtəlif formada emalı üçün aidiyyəti qurumlar tərəfindən müvafiq şərait yaradıla bilər. Qonşu Türkiyədə zeytun yığılaraq içinə badam qoyularaq satışa çıxarılır. Bu qarışıma Türkiyədə deyil, eyni zamanda, Azərbaycanda da böyük tələbat var. Prezident sonuncu iclasda çıxışı zamanı əmək tutumlu sahələrin tapılması vacibliyini qeyd etdi. Bu səbəbdən də hesab edirəm ki, zeytunçuluğa dəstək vermək lazımdır”.

N.Nəsirli söhbət əsnasında onu da vurğuladı ki, zeytundan alınan məhsullar dünya bazarında baha qiymətə satılır. Zeytunun dənəsindən əczaçılıqda, kosmetik məhsulların hazırlanmasında  istifadə olunur.

Ekspertin sözlərinə görə, hazırda meyvə şəklində zeytun istehsalı 1679 tondur. Bu isə aşağı göstəricidir: “Zeytunçuluq elə bir sahədir ki, bura investisiya yatırılandan illər sonra nəticəsi bəlli olur. Zeytunçuluq sahəsinə sahibkarlar arasında böyük maraq var. Sahibkarlar xarici ölkələrdə zeytuna olan tələbatı görəndən sonra bu sahəyə daha çox diqqət ayırırlar”.

Günel CƏLİLOVA

Son xəbərlər