21/10/2018 08:28
728 x 90

Prezident iqtisadçılara düşüncə üçün maraqlı fakt verdi – sənaye artımı 2 faiz, qeyri-neft sənaye artımı 10 faizdən çox...

“Ən önəmli olan budur ki, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində hökumətin gördüyü tədbirlər öz bəhrəsini investisiyalar sahəsində də verməyə başlayıb”

img

Fikrət Yusifov: “Reallaşdırılan layihələr bu gün Azərbaycanı bölgənin ən iri tranzit yükdaşımalar məkanına çevirməkdədir”

 

“Sənaye istehsalı 2 faiz, qeyri-neft sənayesi isə 10,8 faiz artmışdır. Bu göstərici Azərbaycanda aparılan sənayeləşmə siyasətinin nəticəsidir”.  Bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Dövlət başçısının sözlərinə görə, bu ilin doqquz ayının göstəriciləri deməyə əsas verir ki, biz istədiyimizə nail oluruq: “İqtisadi göstəricilərə gəldikdə isə deməliyəm ki, bu ilin doqquz ayında bizim iqtisadiyyatımız, yəni ümumdaxili məhsul 0,8 faiz artmışdır. Qeyri-neft sektorunda artım isə 1 faizdir. Sənaye istehsalı 2 faiz, qeyri-neft sənayesi isə 10,8 faiz artmışdır. Bu göstərici Azərbaycanda aparılan sənayeləşmə siyasətinin nəticəsidir”.

Prezident onu da qeyd edib ki, bu ilin doqquz ayında ölkə iqtisadiyyatına qoyulan 9 milyard dollar sərmayənin çoxu qeyri-neft sektoruna yatırılıb: “Sevindirici hal ondan ibarətdir ki, bu vəsaitin 5,6 milyard dolları qeyri-neft sektoruna qoyulub. Bu, iqtisadiyyatımızın bundan sonra da şaxələndirilməsinə xidmət göstərəcək. Doqquz ayda xarici ticarət dövriyyəsi 37 faiz artıb. İxrac da təxminən bir o qədər artıb. Bu da çox müsbət haldır. Qeyri-neft ixracı isə təxminən 14 faiz artıb. Hesab edirəm ki, bu da çox gözəl göstəricidir”.

Görünən odur ki, qeyri-neft sektorunda ciddi inkişaf tendensiyası yaşanır. Xüsusən də qeyri-neft sənayesində qeydə alınan artım ciddi iqtisadi inkişafdan xəbər verir.

Bu baxımdan yaranan vəziyyəti ekspertlər necə dəyərləndirirlər?

Məsələyə münasibət bildirən iqtisad elmləri doktoru, professor Fikrət Yusifovun sözlərinə görə, bu gün Azərbaycan, sözün əsil mənasında, dinamik bir inkişaf dövrünü yaşayır: “İndi ölkəmizin iqtisadi və maliyyə dayanaqlığı elə bir səviyyəyə yüksəlib ki, o, dünyanın iqtisadi, maliyyə müstəvisində baş verən hər hansı bir təlatümləri özündən yan keçirə bilmək şanslarına malikdir. Dünya iqtisadiyyatında baş verən son olaylar da bunu bir daha sübut etdi. Ölkə Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi uğurlu daxili və xarici siyasət strategiyası reallaşdırıldıqca Azərbaycan iqtisadi sahədə ciddi uğurlar qazanmaqla parallel, dünyanın siyasi müstəvisində sanballı söz sahibinə çevrilir.

Cari ilin ötən dövrü ərzində hökumət iqtisadi sahədə qarşıya qoyduğu bütün məqsədlərə çata bildi. Belə ki, ötən dövrdə bizim iqtisadiyyatımız, 0,8 faiz, onun qeyri-neft sektoru 1 faiz, sənaye istehsalı 2 faiz, qeyri-neft sənayesi 10,8 faiz, kənd təsərrüfatı isə 4,3 faiz artmışdır. İqtisadiyyatın qeyri-neft sektorunun bu iki aparıcı sahəsində əldə olunan uğurlar Azərbaycanda sənayeləşməyə və aqrar sektora dövlət qayğısının məntiqi nəticəsidir”.

F.Yusifovun fikrincə, ötən doqquz ayda ölkədə inflyasiya cəmi 2,6 faiz olduğu halda, əhalinin gəlirləri 9,5 faiz arta bilib: “Yəni əhalinin gəlirləri inflyasiyanı 3,6 dəfədən çox üstələyib. Bu göstərici özlüyündə Azərbaycanda makroiqtisadi vəziyyətin sabitliyinin təzahürüdür. Azərbaycan manatı artıq ötən ilin aprel ayından başlayaraq ilyarım ərzində tam sabitlik nümayiş etdirir. Qonşu ölkələrdə milli valyutalar ətrafında baş verən ucuzlaşmalar fonunda, Azərbaycan milli valyutasının bu qədər sabit qalması ilin doqquz ayında ölkə iqtisadiyyatına 9 milyard dollar sərmayə qoyuluşunu şərtləndirən başlıca səbəblərdən biridir. Milli valyutanın sabitliyi olmayan bir ölkədə nə yerli, nə də xarici investorlar yatırımlar etmirlər. Çünki qeyri-sabitlik şəraitində bu çox risqli bir addım hesab olunur. Ən önəmli olan budur ki, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində hökumətin gördüyü tədbirlər öz bəhrəsini investisiyalar sahəsində də verməyə başlayıb. Belə ki, ötən 9 ay ərzində iqtisadiyyata edilən 9 milyard dollar yatrımın 5,6 milyard dolları və ya 62 faizindən çoxu qeyri-neft sektoruna qoyulub. İqtisadiyyata yatırımların bu şəkildə şaxələndirilməsi iqtisadiyyatımızın özünün də tez bir zamanda şaxələndirilməsinə gətirib çıxaracaq.

Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atlan ən önəmli istiqamətlərdən biri ölkəmiz üzərindən tranzit yükdaşımaların həcminin artırılması işləridir. Bununla bağlı reallaşdırılan layihələr bu gün Azərbaycanı bölgənin ən iri tranzit yükdaşımalar məkanına çevirməkdədir. Bu sahədə ən önəmli layihələrdən biri Ələt Beynəlxalq Dəniz Ticarət Limanıdır. Cənab Prezident İham Əliyevin müşavirədə dediyi kimi, “Bu da tarixi layihədir, Xəzər dənizinin ən böyük limanıdır”. Limanın bu ilin may ayında istifadəyə verilməsi “Şərq-Qərb” nəqliyyat dəhlizinin uğurlu fəaliyyəti üçün çox önəmli bir hadisə oldu. Azərbaycan bu gün Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən ən uğurlu bir qapıdır. Bu qütbləri birləşdirən müxtəlif nəqliyyat vasitələri ilə Azərbaycan üzərindən daşınan yüklərin həcmi sürətlə artmaqdadır. Belə ki, cari ilin əvvəlindən “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisindən daşınan yüklərin həcmi yüz dəfədən çox artıb. Başlanğıc üçün bu çox önəmli bir göstəricidir və bu marşrutlarla daşınan yüklərin həcminin bundan sonra daha da artacağına bir siqnaldır”.

Vidadi ORDAHALLI 

Son xəbərlər