17/12/2018 10:01
728 x 90

Ağıllı iqtisadi siyasət dünya ticarət müharibəsinin Azərbaycana mənfi təsirlərini heçə endirir...

img

Dünyanın ən böyük iqtisadiyyatına malik ölkələr kimi dəyərləndirilən ABŞ-la Çin arasında bir ilə yaxındır davam edən ticarət müharibəsinin qlobal iqtisadiyyata mümkün təsirləri  ən müxtəlif səviyyələrdə ekespert  dairələrinin əsas müzakirə mövzusu olaraq qalır.

Qeyd edək ki, müxtəlfi səviyyələrdə edilən çağrışlara rəğmən, artıq ABŞ və Çin arasında ticarət müharibəsi daha da qızışır. Belə görünür ki, qarşıdakı dövr ərzində bu savaş daha da dərinləşəcək.

Xatırladaq ki, ABŞ sentyabr ayından başlayaraq Çindən 200 milyard dollar dəyərində idxal olunan mallara 10% dəyərində yeni gömrük rüsumu tətbiq edib. 2019-cu ilin yanvar ayının 1-dən etibarən isə gömrük rüsumları 25%-ə qədər qaldırılacaq. Çin dövləti də buna qarşılıq olaraq ABŞ-dan idxal olunan məhsullara gömrük rüsumları tətbiq edəcəyini bildirib. Belə vəziyyətdə bəlli olub ki, ABŞ Çinlə qarşıdurma üçün Ticarət Koalisiyası yaratmaq niyyətindədir. Ağ Evin Milli İqtisadi Şurasının sədri Lourens Kadlou bildirib ki, Çinə qarşı atılan addımlar çərçivəsində Avropa İttifaqı və Yaponiya ilə münasibətlər qaydasına salına bilər.

Yaranmış durumda Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristin Laqard dünyanın iki nəhəng iqtisadiyyatına malik ölkələr arasında gömrük rüsumları ilə bağlı yaşananların dünya iqtisadiyyatına təsirsiz ötüşməyəcəyini yenidən diqqətə çatdırıb. O, beynəlxalq ticarətin önündəki maneələrin artmasının, təkcə ticarətə deyil, investisiya və istehsala da zərər verdiyini və bunun gələcəyə dair qeyri-müəyyənlik yaratdığını deyib. Laqard bütün ölkə liderlərinə ticari münaqişələri azaltmaq çağırışı edib.

BVF rəhbəri qlobal iqtisadiyyata yönələn təhdidlərin həyəcan yaratdığını, risqlərin reallaşmağa başladığını və qlobal iqtisadi artımın ləngidiyini də vurğulayıb. O, qlobal dəyər zəncirlərinin qırılmasının, inkişaf etmiş iqtisadiyyatlar da daxil olmaqla, bir çox ölkə üzərində dağıdıcı təsirə malik ola biləcəyini diqqətə çatdırıb. BVF rəhbəri dünya liderlərini qlobal ticarət sistemini yox etmək əvəzinə yaxşılaşdırmaq, qorumaq və cəmiyyətə fayda vermək üçün birlikdə işləməyə çağırıb: "Üfiqdə risq buludları dolaşır. Bu risqlərin bir hissəsi reallaşmağa və qlobal iqtisadi inkişafa maneə yaratmağa başlayıb".

Qeyd edək ki, BVF baş verənlər fonunda 2018 və 2019-cu illərə dair qlobal iqtisadi artım proqnozlarını artan risqlərə görə  3,9%-dən 3,7%-ə endirib. Lakin şiddətlənən ticarət müharibəsindən daha az itkilərlə çıxacaq ölkələrin olacağı da məlumdur və belə ölkələrin yaranmış şəraitdə də iqtisadi tərəqqilərini davam etdirə biləcəkləri diqqətə çatdırılır. Təqdirləyaiq haldır ki, həmin ölkələrdən biri qismində də Azərbaycan çıxış edir. Bunu elə Beynəlxalq Valyuta Fondunun "Dünyanın İqtisadi Mənzərəsi" hesabatından da görmək olar. "Sabit İnkişafı Sınayan Çətinliklər" başlığı ilə yayılaq hesabatda Azərbaycan iqtisadiyyatına dair proqnozlar da yer alıb. Hesabata görə, Azərbaycan iqtisadiyyatının 2018-ci ildə 1,3%, 2019-cu ildə isə 3,6% artacağı gözlənir. BVF Azərbaycanda bu il 3.5%, gələn il isə 3,3% inflyasiya gözləyir.

Hesabatda, qlobal iqtisadiyyata yönəlmiş risqlərin son 6 ayda gömrük tarifləri, siyasi qeyri-müəyyənliklər və inkişaf edən ölkələrdən  kapital çıxışları ilə artdığı vurğulanıb. Bildirilir ki, Azərbaycan hökuməti gələn ildən dövlət büdcəsindən xərcləri azaltmağı hədəfləyir. Hökumətdə hesab edirlər ki, dövlət xərclərinin azaldılması investisiyalar və özəl sektorun inkişafı üçün uyğun mühitin formalaşmasına səbəb olur. Bu da, öz növbəsində, qeyri-neft sektorunun inkişafı, büdcənin gəlirlərinin qeyri-neft payının artması ilə neftdən asılılığın azalması anlamına gələrək iqtisadi sabitliyi təmin edir. Bütün bunlar bir daha göstərir ki, baş verənlər Azərbaycan iqtisadiyyatı üçün təsirsiz ötüşəcək. Əksinə, atılan addımlar nəticəsində iqtisadi sahədə Azərbaycanın daha böyük nailiyyətlər əldə etməsi də indi əksər ekspertlər tərəfindən proqnozlaşdırılır. Bu xüsusda diqqət çəkən məqamlardan biri də valyuta bazarı ilə bağlıdır. “Bloomberg” agentliyi yazır ki, ticarət savaşı valyuta sektoruna ciddi təsir edir. Qeyd olunur ki, artıq bir sıra ölkələr, o cümlədən Rusiya ABŞ valyutasında aktivlərini azaldır. Çin enerji bazarında müqavilələri yuanla bağlamağa başlayıb, Fransa bəyan edib ki, ABŞ-ın maliyyə alətlərindən “tam azad” olmaq istəyir, Avropa İttifaqını okeanın o tayındakı super gücün vassalı kimi görmək istəmir. Belə vəziyyət dolların mövqeyini sarsıdır. Agentlik  analitiklərinin fikrincə, yaranmış durumda avroya maraq artır və bu gün avronun alışı üçün mövcud şərtlər heç zaman olmadığı kimi cəlbedicidir. Hazırda bazardakı vəziyyət heç də Amerika dollarının xeyrinə deyil. ABŞ-ın məhşur analitiklərindən biri Yens Nordviqin fikrincə, 2020-ci ilə qədər 500 milyard dollardan çox valyuta ehtiyatı avroya keçiriləcək. Bütün bunlar isə nəticə etibarı ilə dolların mövqeyinin tədricən zəifləməsinə gətirib çıxaracaq. Məhz belə vəziyyətdə manatın mövqeyinin daha da güclənməsi, ona inamın artması gözlənir.

Aydındır ki, baş verənlər fonunda, ən azından, dolların manata nisbətdə müəyyən qədər ucuzlaşması istisna olunmur. Baş verənlər həm də  özünü neftin qiymətində göstərə bilər. Ticarət müharibəsi neftin dünya bazarında qiymətini azaldarsa və enerji resurlarına olan tələbatı aşağı salarsa, nəticə etibarı ilə bunun Azərbaycan iqtisadiyyatına təsiri gözlənilə bilər. Lakin dollara tələbin azalması bunun tamam əksini də yaşada bilər. Bu da, öz növbəsində, ölkəmizin dövlət gəlirlərinə təsir göstərəcək. Lakin istənilən halda, ticarət müharibəsinin Azərbaycana birbaşa mənfi təsiri gözlənilmir. Bu isə hökumətin uğurlu iqtisadi siyasəti ilə izah olunur.

Tahir TAĞIYEV

Son xəbərlər