17/12/2018 09:59
728 x 90

Ərəb dünyası Azərbaycan balının əsas alıcısına çevrilə bilər

“Ərəb ölkələrinə bal ixracını genişləndirmək üçün məhsulun rəqabət qabiliyyətini və istehsalı artırmaq lazımdır”

img

Vahid Məhərrəmov: “Elə etmək lazımdır ki, arıçılıqla məşğul olan fermerlər yem dalınca arı ailələrini uzaq məsafələrə aparmasın, əlavə xərc çəkməsinlər”

 

Azərbaycanın arıçılıq məhsulları bazarına xaricdə, xüsusən də ərəb ölkələrində çox böyük tələbat var. Bunu mətbuata açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdir müavini Vüqar Hüseynov deyib.

Onun sözlərinə görə, Azərbaycana gələn ərəblər də burada yerli bala çox böyük maraq göstərirlər: “Bu gün Azərbaycanda öz məhsullarını xaricə, hətta Yaponiyaya belə ixrac edən arıçılar var. Bu gün arıçılar öz məhsullarını daha çox ərəb ölkələrinə satırlar. Nazirlik olaraq, bizim əsas işimiz təşviqatdır. Biz bu məhsulları təşviq edərək ölkəyə əlavə valyutanın gəlməsinə imkan yarada bilərik”.

V.Hüseynov deyib ki, hazırda Azərbaycana xarici ölkələrdən, xüsusilə Almaniyadan cins arı ailələri idxal edilir. O, arı ailələrinin ölkəyə idxalının dövlət tərəfindən tənzimlənmədiyini, bu işin arıçıların özləri tərəfindən həyata keçirildiyini nəzərə çatdırb: “Azərbaycana xaricdən arı cinsləri gətirilsə də, sahibkarlar çox sayda arı ailələri gətirə bilmirlər. Çünki arı çox həssasdır, onun yerli şəraitə uyğunlaşdırılması məsələsi var”.

Yeri gəlmişkən onu da qeyd edək ki, 2017-ci ildə Azərbaycandan 6,5 ton bal ix­rac olunub və ixrac edilən balın 1 tonunun orta qiyməti 8,4 min dollar təşkil edib. 2017-ci ildə Azərbaycandan təbii bal Yaponiya, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə ixrac edilib. Ümumilikdə, Azərbaycanda istehsal olunan balın xüsusi­yyətləri onun “niş” və ya “premium” ba­zarlara ixracına imkan verir. Azərbaycan balı “Eko” (BİO) və ya “Orqanik” məhsul kimi dünya bazarında özünə yer tuta bilər. Bu bazarlara Avropa, Körfəz ölkələri, Yaponiya və Çin aiddir.

Nəzərə alsaq ki, ərəb ölkələri Azərbaycan balına böyük maraq göstərirlər, o zaman sözügedən məhsulun həmin ölkələrə ixracının genişləndirilməsi ilə bağlı hansı işlər görülməlidir?

Məsələyə münasibət bildirən kənd təsərrüfatı sahəsi üzrə mütəxəssis Vahid Məhərrəmovun sözlərinə görə, ərəb ölkələrinə bal ixracını genişləndirmək üçün məhsulun rəqabət qabiliyyətini və istehsalı artırmaq lazımdır: “Məsələ ondadır ki, Azərbaycan qonşu ölkələrlə müqayisədə 5 dəfə az bal istehsal edir. Ona görə də istehsalı artırmaq üçün ciddi tədbirlər görülməlidir. Düzdür, ilbəil bal istehsalı artır, amma bu hələ yetərli səviyyədə deyil. Elə etməliyik ki, Azərbaycanda istehsal olunan balın keyfiyyəti yüksək olmaqla yanaşı, maya dəyəri baha başa gəlməsin. Yəni bal istehsalı fermer və kəndlilər üçün gəlirli olsun. Həm də istehsal olunan balın qiyməti istehlakçılar üçün əlçatan olsun. Rəqabətqabiliyyətli bal istehsal etsək, onda bu məhsula xaricdə maraq artacaq. O cümlədən, ərəb ölkələri çalışacaqlar ki, daha çox Azərbaycanda istehsal olunan balı alsınlar. Bu zaman arıçılıqla məşğul olan fermerlər çalışacaqlar ki, bal istehsalını və ixracını artırsınlar. Bu gün Azərbaycanın istehsal etdiyi bal hələ tam rəqabət aparacaq səviyyədə deyil. Arıçılığın inkişafı və bal istehsalını artırmaq üçün Azərbaycanda bitkiçiliyi inkişaf etdirmək lazımdır. Xüsusən o bitki növlərini ki, orada həşaratların köməyi ilə mayalanma prosesi gedir. Bununla belə, Azərbaycanda ağacların, meşə massivlərinin sayını artırmaq lazımdır. Bunun üçün ölkədə həm imkan, həm də geniş potensial var. Ona görə də bu işləri həyata keçirmək üçün kompleks tədbirlər görülməlidir. Elə etmək lazımdır ki, arıçılıqla məşğul olan fermerlər yem dalınca arı ailələrini uzaq məsafələrə aparmasın, əlavə xərc çəkməsinlər. Hesab edirəm ki, bu istiqamətdə sistemli işlər görülsə, yaxşı nəticə əldə etmək olar”.

Vidadi ORDAHALLI

Son xəbərlər