21/10/2018 08:31
728 x 90

Azərbaycanın əsas ticarət tərəfdaşları Rusiya və Türkiyə dollardan imtina edir, perspektivdə Azərbaycana mümkün təsirlər...

“Həmin ölkələrlə ticarətdə bizim milli valyutaya keçməyimiz indiki dövrdə məqbul variant sayıla bilməz”

img

Samir Əliyev: “Alternativ olaraq avrodan da istifadə edə bilərik”

 

Son vaxtlar daha çox ölkə ABŞ dollarından asılılıqlarını necə minimuma endirmək barəsində düşünməyə başlayıb. Hətta bildirilir ki, Rusiya hökuməti ölkə iqtisadiyyatının ABŞ dollarından imtina etməsi barədə qanun layihəsi hazırlayır və sənəd bu günlərdə baş nazir Dmitri Medvedyev tərəfindən imzalanmalıdır.

Bu təşəbbüs ilk növbədə milli valyutada hesablaşmalara imkan yaratmalı, valyuta nəzarətini asanlaşdırmalı və valyuta qanunvericiliyini liberallaşdırmalıdır. Layihə Çin və Avropa İttifaqı ölkələri ilə hesablaşmaların müvafiq olaraq yuan və avroya, Avrasiya İqtisadi İttifaqı ölkələri iləsə rubla keçirilməsini nəzərdə tutur.

Qeyd edək ki, digər qonşumuz olan Türkiyə də maksimum dərəcədə dollardan imtina barədə düşünür. Həmin ölkədə də hesab edirlər ki, ABŞ siyasi tələblərini diqtə etmək üçün dollarla manipulyasiya edib Türkiyənin iqtisadiyyatında təxribatlar törədir. Qeyd edək ki, dollardan imtina barədə ciddi qərara gələn hər iki ölkə Azərbaycanın qonşusu, həm də əsas ticarət tərəfdaşıdır. Bu amil Azərbaycanın xarici valyuta ticarətinə nəcə və hansı formada təsir edəcək?

İqtisadçı-ekspert Samir Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, dollardan imtina barədə yalnız Türkiyə ilə Rusiya düşünmür: “Xatırladım ki, Çin onlardan da əvvəl bu prosesə başlayıb.  Sözügedən iki ölkə: Türkiyə və Rusiya bizim vacib ticarət tərəfdaşımız olduğu səbəbindən onlarla bağlı yaşananlar bizə xüsusilə maraqlı gəlir. Hələ ki, nə Türkiyə və Azərbaycan, nə də Rusiya və Azərbaycan arasında bu barədə bir razılaşma əldə olunmayıb. Azərbaycanın daha çox mal ixrac etdiyi ölkələr məhz bunlardır. Qeyri-neft ixracında isə biz daha çox Rusiya ilə ticarət edirik. Türkiyənin bu aspektdə payı azdır. Hər iki ölkə ilə bizim aramızda olan ticarət münasibətlərində mənfi saldo var. Yəni bizim həmin ölkələrlə olan iqtisadi münasibətlərimizdə  idxalımız ixracı üstələyir. Bizim iqtisadiyyat diversifikasiya olunmayıb. Bu səbəbdən də bizim dollar ehtiyatımız daha böyükdür. Bizim dünya ölkələri ilə razılaşamaların 80-85 faizi dollarla həyata keçirilir. Bu baxımdan da həmin ölkələrlə ticarətdə bizim milli valyutaya keçməyimiz indiki dövrdə məqbul variant sayıla bilməz. Biz bu ticarəti dollarla aparsaq yaxşı olar. Əlbəttə ki, alternativ olaraq avrodan da istifadə edə bilərik. Çünki bizim valyuta ehtiyatlarımızda dollarla yanaşı, avro da üstünlük təşkil edir. Neft istisna olmaqla, digər məsulları biz daha çox idxal etdiyimizə görə, razılaşmaları dollar və avroyla aparmaq sərfəlidir, nəinki rubl və ya lirə ilə”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər