25/09/2018 05:54
728 x 90

ATƏT baş katibinin Qarabağ münaqişəsi tərəflərində siyasi iradə axtarışı – Azərbaycanda təəssüf doğuran məqam...

“Bu bəyanat göstərir ki, ATƏT Ermənistanı işğalçı ölkə kimi tanımır və buna həvəs göstərmir”

img

Məhəmməd Əsədullazadə: “Hesab edirəm ki, ölkəmiz bu sayaq açıqlamalara əhəmiyyət verməməli və...”

 

“Biz ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı fəaliyyətini dəstəkləyirik”. Xəbər verildiyi kimi, bunu ATƏT-in baş katibi Tomas Qreminger Bakıda jurnalistlərə açıqlamasında deyib. Baş katib qeyd edib ki, vasitəçilər münaqişənin nizamlanması üçün səy göstərirlər: “Bununla belə, münaqişə tərəflərinin siyasi iradəsi olmalıdır ki, problemin həlli istiqamətində irəliləyiş əldə olunsun”.

T.Qreminger bildirib ki, Bakıya səfərinin məqsədi Azərbaycanla ATƏT arasında əlaqələrin daha da inkişaf etdirilməsi potensialını araşdırmaqdır: “Azərbaycan ATƏT-in fəal üzvüdür, təşkilatın fəaliyyətinə, o cümlədən dialoqun qurulmasına, siyasi və hərbi məsələlərə mühüm töhfələr verir. Biz bunu yüksək qiymətləndiririk və hesab edirik ki, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün potensial mövcuddur”.

Hər zaman olduğu kimi, bu dəfə də ATƏT rəsmisi məsələyə ümumi kontekstdən yanaşaraq işğalçı ilə işğala məruz qalan tərəf arasında fərqi nəzərə almadı. İyirmi beş ildən çoxdur Azərbaycan ərazilərinin bir qismi Ermənistanın işğalı altındadır. Ötən illər ərzində münaqişənin həlli ilə bağlı ən çox səy göstərən və bununla bağlı hər zaman siyasi iradə ortaya qoymağa hazır olan Azərbaycandan ATƏT baş katibinin bunu umması qəribə görünür. Ona görə ki, Ermənistandan fərqli olaraq, Azərbaycan hər zaman buna hazır olub. Çünki əraziləri işğal altında olan, bundan uzun illərdir maddi və mənəvi zərər görən Azərbaycandır. Belə olan halda, hər iki tərəfdən münaqişənin həlli ilə bağlı eyni dərəcədə siyasi iradə nümayiş etməyi gözləmək nə dərəcədə doğrudur?

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, bu cür yanaşma ədalətli deyil: “ATƏT-ın baş katibinin ölkəmizə səfərində Qarabağ münaqişəsinin həlli barədə qeyd etdikləri növbəti formal bəyanatdır. Bu bəyanat göstərir ki, ATƏT Ermənistanı işğalçı ölkə kimi tanımır və buna həvəs göstərmir. Həmçinin, işğalçı ilə işğala məruz qalan ölkə arasında fərq qoymur. Ona görə də baş katibin açıqlamaları artıq ciddi qəbul edilməməlidir. Çünki 20 ildir münaqişə ətrafında aparılan danışıqlar üzrə növbətçi bəyanatlar vermək ATƏT-ə məxsus bəyanatlardır. Hesab edirəm ki, ölkəmiz ATƏT-in bu sayaq açıqlamalarına əhəmiyyət verməməli və işğalçıya qarşı sərt, tədbirli cavablar verməlidir. Ümumiyyətlə, ATƏT təzyiq mexanizmlərinə malik bir qurum deyil. Rəsmi Bakı ATƏT-ın hər iki tərəfə eyni münaibət göstərdiyinə görə etirazını bildirməlidir. Qeyd edim ki, Azərbaycan daim konfliktin sülh yolu ilə tənzimlənməsində fəal rol oynayıb. İndiyə qədər aparılan müzakirələr də Azərbaycanın təşəbbüsü ilə həyata keçirilib. Hazırda Ermənistan tərəfi danışıqlarda maraqlı deyil. Baş nazir Nikol Paşinyanın açıqlamaları hazırda danışıqlar prosesini ləngidir və demək olar ki, Ermənistan danışıqlardan çəkilir. ATƏT baş katibi yaxşı olardı ki, münaqişənin tezliklə həllini istəyirsə, Ermənistanı işğalçı ölkə kimi elan etsin. Bu istiqamətdə diplomatik rıçaqları işə salmalıdır. Rəsmi Bakı hazırda da sülh danışıqlarına sadiqdir”.

Vidadi ORDAHALLI

Son xəbərlər