23/09/2018 03:27
728 x 90

Çexiya da Azərbaycanla birgə müəssisələrin yaradılmasını hədəflədi...

“Hesab edirəm ki, müəyyən sənaye sahələri ilə bağlı Azərbaycanla Çexiya birgə müəssisələr yarada bilər”

img

Vüqar Bayramov: “Müşahidələr göstərir ki, iki ölkənin ticarət dövriyyəsində ciddi artımlar var”

 

Məlum olduğu kimi, Azərbaycan-Çexiya biznes forumu keçirilib. Tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, turizm, səhiyyə, logistika, bank, xidmət, sığorta, maşınqayırma, energetika və s. sahələrdə fəaliyyət göstərən 130-a yaxın iş adamı iştirak edib. Məlum olub ki, Azərbaycan və Çexiya arasında müxtəlif sahələri, o cümlədən iqtisadi sahəni əhatə edən 25 sənəd imzalanıb. Hazırda Azərbaycanda xidmət, rabitə, ticarət, tikinti və s. sahələrdə 25 çex kapitallı şirkət fəaliyyət göstərir.

Çexiyanın sənaye və ticarət naziri Marta Novakova forumda bildirib ki, Çexiya Azərbaycanla birgə müəssisələrin yaradılmasında maraqlıdır. Çexiyalı nazirin sözlərinə görə, ölkə sahibkarları üçün Azərbaycanın əczaçılıq və neft-kimya sənayesi daha çox maraq doğurur. Nazirin sözlərinə görə, bundan başqa, dəmir yolu vaqonlarının istehsalı üzrə birgə müəssisə yaradılması da mümkündür: “Çexiya dəmir yolu vaqonlarının istehsalında yaxşı təcrübəyə malikdir. Ona görə dəmir yolu vaqonlarının birgə istehsalı məsələsini öyrənirik”.

M.Novakova onu da vurğulayıb ki, Azərbaycan bazarı Çexiya şirkətləri üçün cəlbedicidir: “Azərbaycan bizim etibarlı tərəfdaşımızdır. Bizim aramızda nə siyasi, nə iqtisadi məsələlərdə problem var. Biz tikinti, nəqliyyat, energetika, əczaçılıq sahələrindəki təcrübəmizlə bölüşməyə hazırıq. Neft-kimya sahəsində də birgə müəssisə yaratmaq imkanı var”.

Məlumat üçün qeyd edək ki, Çexiya iqtisadi inkişafına və imkanlarına görə Mərkəzi Avropa ölkələri arasında seçilir. Bir sıra sahələrdə Çexiya üstün mövqedədir. Bütün bunlardan çıxış edərək ekspertlər Çexiya ilə Azərbaycan arasında birgə müəssisələrin yaradılması perspektivlərini necə dəyərləndirirlər?

Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, prinsipcə, iki ölkə arasında birgə müəssisələr yaratmaq mümkündür. O bunu bir sıra arqumentlərlə əsaslandırdı: “Çexiya Mərkəzi Avropada aparıcı dövlətlərdən biridir. Eyni zamanda bu ölkə Avropa İttifaqının üzvüdür. O baxımdan Azərbaycanın Çexiya ilə əməkdaşlığı çox vacibdir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Mərkəzi Avropa ölkələri ilə əməkdaşlığı və ticarəti genişləndirməkdə maraqlıdır. Bu kontekstdən təbii ki, Çexiya Azərbaycan üçün vacib ölkələrdən biri hesab olunur. Azərbaycan Çexiyadan investisiyanın cəlbində maraqlıdır. Müşahidələr göstərir ki, iki ölkənin ticarət dövriyyəsində ciddi artımlar var. Müqayisə üçün qeyd edək ki, 2016-cı ildə Azərbaycanla Çexiya arasında xarici ticarət dövriyyəsi 280 milyon dollardan çox idisə, 2017-ci ildə bu rəqəm 664 milyon dollardan çox olub. Bu o deməkdir ki, ötən il Çexiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 2,4 dəfə artıb. Bu isə ondan xəbər verir ki, iki ölkənin iqtisadi əlaqələrində ciddi irəliləyişlər var. Son biznes forum investisiyaların cəlb edilməsi, qarşılıqlı sərmayə qoyuluşlarının həyata keçirilməsi baxımından çox vacibdir. Nəticə etibarilə belə bir forumun keçirilməsi Azərbaycanla Çexiya arasında ticarət dövriyyəsinin artmasına imkan yaradacaq. Bununla yanaşı, Azərbaycan və Çexiya üçün yeni investisiya imkanları müəyyənləşdirilir. O baxımdan hesab edirəm ki, müəyyən sənaye sahələri ilə bağlı Azərbaycanla Çexiya birgə müəssisələr yarada bilər. Tərəflər qarşılıqlı olaraq bu sahələri araşdırıb müəyyən etməlidir”.

Vidadi ORDAHALLI

Son xəbərlər