16/11/2018 22:48
728 x 90

Fransa şirkətləri qeyri-neft sektorumuzda ən böyük müəssisələrə pul qoyur – Prezident Əliyevin Fransa səfərindən doğan nəticələr...

“Biz çalışmalıyıq ki, inkişaf etmiş ölkələrdən Azərbaycanın qeyri-neft sektoruna böyük həcmdə sərmayə yatırılsın”

img

İlqar Hüseynli: “Azərbaycanda qeyri-neft sektoruna aid bəzi sahələrdə Fransa şirkətləri iştirak edirlər”

 

Fransa şirkətləri Azərbaycanda kommunal təsərrüfat sahəsinə aid olan bəzi operatorların özəlləşdirilməsində yaxından iştirak edə bilər. Bu barədə mətbuata açıqlamasında “ASPI Consulting Engineers” şirkətinin icraçı direktoru İbrahim Məmmədzadə deyib.

O həm də "Azərbaycanda kommunal xidmətlərin (elektrik və istilik enerjisi, qaz və suyun) inkişafı üzrə strateji yol xəritəsi" çərçivəsində dövlət müəssisələrinin özəlləşdirilməsi prosesində məsləhətçidir.

İ.Məmmədzadə bununla bağlı bir sıra məqamlara toxunub: “Xüsusən onlar “Azərsu”, “Azəriqaz”, “Azəristiliktəchizat” kimi dövlət kommunal operatorlardan danışırlar. Davam edilən işin bir hissəsi olaraq biz gələcəkdə bu təşkilatların rəhbərliyini idarə edəcək xarici investorları axtarırıq. Xüsusilə Fransada ən böyük bələdiyyə xidmətlərinin operatorları ilə əlaqələr qurulur. Ona görə də Azərbaycana nümayəndəliklərin gəlməsi, müxtəlif məsələlərin müzakirəsi gözlənir. Bundan sonra (razılaşma əldə olunarsa) beynəlxalq tenderdə iştirak etmək üçün xüsusi danışıqlar olacaq.

Məlumat üçün qeyd edək ki, “ASPI Consulting Engineers” həm Azərbaycanda, həm də xaricdə mühəndislik və konsaltinq xidmətləri göstərir. Beynəlxalq məsləhətçilərlə əməkdaşlıq edən şirkət 1996-2010-cu illərdə infrastruktur xidmətlərinin özəlləşdirilməsi ilə bağlı 15-dən artıq layihəni həyata keçirib. Bütün bu layihələr Dünya Bankının (DB), Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) və Avropa İttifaqının (Aİ) texniki dəstəyi ilə həyata keçirilib.

Görünən odur ki, Prezident İlham Əliyevin uğurlu xarici səfərləri əcnəbi şirkətlərin Azərbaycanın qeyri-neft sektoruna marağını artırır. Nəzərə almaq lazımdır ki, bir müddət əvvəl ölkə başçısı Fransada rəsmi səfərdə olub. Prezident İlham Əliyevlə Fransa Prezidenti Emmanuel Makron arasında uğurlu görüş keçirilib. Bunun nəticəsidir ki, Fransa şirkətləri Azərbaycanın qeyri-neft sektoruna aid olan sahələrə xüsusi maraq göstərirlər.

Maraqlıdır, ümumən ekspertlər bunun necə dəyərləndirirlər?

Məsələyə münasibət bildirən ekspert İlqar Hüseynlinin sözlərinə görə, bu istiqamətdə gedən proseslər onu göstərir ki, əcnəbi şirkətlər Azərbaycanda qeyri-neft sektoruna aid müxtəlif sahələrə sərmayə qoymağa maraq göstərirlər: “Hesab edirəm ki, bu ümumilikdə müsbət tendensiyadır. Əvvəllər əcnəbi şirkətlər əsasən enerji sektoruna maraq göstərirdilər. Məlum olduğu kimi, ölkədə neft hasilatında xarici şirkətlərin rolu böyükdür. Ötən 24 il ərzində Azərbaycanın neft-qaz sektoruna on milyardlarla xarici sərmayə qoyulub. Ancaq təkcə neft sektoruna xarici sərmayənin qoyulması yetərli deyil. Ölkənin dayanıqlı inkişafını təmin edən başlıca faktorlardan biri də qeyri-neft sektorudur. Əlbəttə ki, bu sahənin inkişafında xarici sərmayədarların fəal iştirakı vacib amildir. Çünki təkcə daxili sərmayə hesabına qeyri-neft sektorunu inkişaf etdirmək mümkün deyil. Azərbaycanda qeyri-neft sektoruna aid bəzi sahələrdə Fransa şirkətləri iştirak edirlər. Məsələn, Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun yaradılmasında Fransanın CNİM şirkəti ilə uğurlu əməkdaşlıq öz nəticəsini verib. Fransa şirkətlərinin yardımı sayəsində Balaxanıda zibil emalı zavodu quruldu. O baxımdan hesab edirəm ki, Fransa şirkətləri kommunal təsərrüfat sahəsinə aid olan bəzi operatorların özəlləşdirilməsində yaxından iştirak edə bilər. Bunun üçün hərtərəfli əlverişli şərait yaradılmalıdır. Biz çalışmalıyıq ki, inkişaf etmiş ölkələrdən Azərbaycanın qeyri-neft sektoruna böyük həcmdə sərmayə yatırılsın. Bu, ölkənin hərtərəfli inkişafı baxımından çox vacibdir”.

Vidadi ORDAHALLI

Son xəbərlər