26/09/2018 05:48
728 x 90

Avropanın ən iri dəmir yolu şirkəti “Transxəzər” nəqliyyat marşrutunda – Əliyev diplomatiyasının gedişlərinə daha bir cavab...

“Rumıniya şirkətinin “Transxəzər” beynəlxalq nəqliyyat dəhlizinə qoşulması onun əhəmiyyətindən irəli gəlir”

img

Azər Allahverənov: “Sözügedən layihə Şərqdən-Qərbə və eyni zamanda əks istiqamətdə yükdaşımaların artmasına öz müsbət təsirini göstərəcək”

 

Xəbər verildiyi kimi, Rumıniyanın dəmir yolu sahəsində ən böyük özəl yük və logistika operatoru "Grampet Group" “Transxəzər” beynəlxalq nəqliyyat dəhlizinə qoşulub. Belə ki, bu, marşrutun iştirakçısı olan ilk Avropa şirkətidir.

Şirkətin prezidenti Gruia Stoica xarici mətbuata açıqlamasında bildirib ki, rəhbərlik etdiyi şirkət 20 il bundan əvvəl Şimal dənizi ilə Şərqi Çin dənizi arasında dəmir yolu əlaqəsi yaradıb: “O vaxt kiçik bir şirkət idik. Bu gün isə Avropanın sənaye liderlərindən biriyik. "Grampet Group", təxminən 20 min vaqonu və 400 lokomotivi olan parkı idarə edir”.

“Transxəzər” beynəlxalq nəqliyyat dəhlizi Rumıniyanın və qonşu ölkələrin intermodal hərəkətini inkişaf etdirəcək. Bu, Rumıniyanı Avropa və Asiya üçün logistika platformasına çevirə bilər və 100 minə yaxın yeni iş yerinin yaradılması, dövlət büdcəsinə 1 mlrd. avrodan artıq vəsaitin daxil olması deməkdir", - deyə iş adamı əlavə edib.

Məlumat üçün qeyd edək ki, “Transxəzər” beynəlxalq nəqliyyat dəhlizinin uzunluğu 9500 km-dir. Bunun 860 km-i Rumıniya ərazisindən keçir. Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın yükdaşımaları ilə məşğul olan müvafiq qurumlarının iştirakı ilə yaradılıb. Daha sonra ona Ukrayna, Rumıniya və Polşanın da aidiyyəti qurumları qoşulub.

Avropanın sözügedən böyük şirkətinin “Transxəzər” beynəlxalq nəqliyyat dəhlizinə qoşulması onun əhəmiyyətini daha da artıracaq. Eyni zamanda bu, sözügedən marşrut üzrə daşımaların artmasına öz müsbət təsirini göstərəcək.

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən nəqliyyat sahəsi üzrə ekspert Azər Allahverənovun sözlərinə görə, Avropa şirkətinin layihəyə qoşulması olduqca əlamətdar hadisədir: “Transxəzər” beynəlxalq nəqliyyat dəhlizinin əhəmiyyəti böyükdür. Bunun nəticəsidir ki, ayrı-ayrı dövlətlər bu dəhlizə xüsusi maraq göstərir. Hətta layihənin reallaşmasında birbaşa iştirak edirlər. Rumıniya şirkətinin sözügedən dəhlizə qoşulması onun əhəmiyyətindən irəli gəlir. Bu gün hətta Rusiyanın özündə də yükdaşıma ilə məşğul olan iri şirkətlər sözügedən dəhlizə maraq göstərirlər. Faktiki olaraq bu gün həm təhlükəsizlik baxımından, həm də iqtisadi cəhətdən sərfəlilik baxımından “Transxəzər” beynəlxalq nəqliyyat dəhlizinin üstünlükləri çoxdur. Digər tərəfdən, vacib olan məsələlərdən biri də sabitliklə bağlıdır. Bu gün həmin dəhlizin keçdiyi ölkələrin ərazisində sabitlik qorunmaqdadır. Dünyanın bir sıra ölkələrində baş verən qanlı toqquşmalar göstərir ki, belə iri layihələr ölkədəki ictimai-siyasi sabitlikdən asılıdır. Eyni zamanda, həmin layihələrin icra olunduğu ölkələrdəki vəziyyətdən asılıdır. Bu baxımdan həmin dəhlizin əhəmiyyəti böyükdür. Sözügedən layihə Şərqdən-Qərbə və eyni zamanda əks istiqamətdə yükdaşımaların artmasına öz müsbət təsirini göstərəcək. Azərbaycan olduqca əlverişli mövqedə yerləşdiyi üçün, bu məsələlərdə öz sözünü deyir. Hesab edirəm ki, tranzit ölkə olaraq qarşıdakı illərdə bundan böyük fayda əldə edəcək”.

Vidadi ORDAHALLI

Son xəbərlər