18/11/2018 23:18
728 x 90

Azərbaycanda inflyasiya ilin sonunadək analoqu olmayan səviyyədə aşağı düşəcək…

“İnflyasiya səviyyəsi Mərkəzi Bankın həyata keçirdiyi məzənnə siyasəti ilə bağlıdır”

img

Vüqar Bayramov: “Mərkəzi Bank manatın məzənnəsini ilin sonuna kimi stabil saxlayarsa, o zaman inflyasiya səviyyəsi birrəqəmli həddə olacaq”

 

İlin sonuna qədər inflyasiya göstəricisinin daha da aşağı olacağı ehtimal olunur. Bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov dünən keçirilən “Azərbaycan Rəqabətlilik Forumu 2018” adlı tədbirdə çıxışı zamanı bildirib. Mərkəzi Bankın sədri qeyd edib ki, 2017-ci ildə Azərbaycanda inflyasiyanın göstəriciləri sabitləşib: “2018-ci ilin ilk 7 ayında ölkədə inflyasiyanın göstəricisi 2,8 faiz təşkil edib. Bizim proqnozlarımıza görə, ilin sonuna qədər bu göstərici daha da aşağı olacaq".

E.Rüstəmov bildirib ki, 2014-cü ilin sonlarından başlayaraq xarici şok, neftin qiymətinin əhəmiyyətli şəkildə  düşməsi makroiqtisadi sferada bir sıra çağırışlar formalaşdırdı: "Həyata keçirilmiş makroiqtisadi manevr 2015-ci ildən başlayaraq ölkədə iqtisadiyyatın sabitləşməsinə imkan verdi. Manevr nəticəsində neft gəlirlərindən istifadə səviyyəsi optimallaşdırıldı, məzənnə korreksiyası və adekvat monetar siyasət həyata keçirildi. Nəticədə milli iqtisadiyyatın daxili və xarici tarazlığı bərpa olundu, ölkənin strateji valyuta ehtiyatlarına əhəmiyyətli qənaət edildi, 2017-ci ildə tədiyyə balansında profisit yarandı, milli valyutanın məzənnəsinin iri tarazlıq səviyyəsi formalaşdı, inflyasiya aşağı düşdü və iqtisadiyyatın bərpasına nail olundu. 2017-ci ildən formalaşan makroiqtisadi sabitlik 2018-ci ildə də davam etməkdədir”.

İlin sonunadək inflyasiyanın hansı səviyyədə olacağı barədə fikir bildirən iqtisadçı-ekspert Vüqar Bayramov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, inflyasiya səviyyəsi Mərkəzi Bankın həyata keçirdiyi məzənnə siyasəti ilə bağlıdır: “Nəzərə almaq lazımdır ki, inflyasiya manatın məzənnəsinə birbaşa təsir edir. Mərkəzi Bank manatın məzənnəsini ilin sonuna kimi stabil saxlayarsa, o zaman inflyasiya səviyyəsi birrəqəmli həddə olacaq. Manatın məzənnəsi dəyişərsə, inflyasiya səviyyəsi daha yüksək olar”.

Həmsöhbətimizin sözlərinə görə, inflyasiya səviyyəsi ilin sonuna kimi Mərkəzi Bankın həyata keçirəcəyi məzənnə siyasətinə bağlıdır. Məzənnə siyasəti birbaşa istehlak bazarının qiymətinə təsir edən faktorlardan biridir. Çünki ölkəmiz istehsal etdiyi məhsulun əhəmiyyətli hissəsini ixrac edir: “Manatın məzənnəsi stabil olarsa, qiymətlərdə də dəyişiklik nisbətən az olur. Bu səbəbdən də Mərkəzi Bank birrəqəmli inflyasiya səviyyəsi əldə etmək istəyirsə, o zaman manatın məzənnəsi stabil olaraq qalmalıdır”.

Günel CƏLİLOVA  

Son xəbərlər