18/11/2018 06:27
728 x 90

Azərbaycanın farmasevtik sənayesinə Rusiyanın ardınca Xorvatiya da daxil olur...

“Xorvatiya ilə yanaşı, hesab edirəm ki, Avropanın aparıcı ölkələri ilə də bu işləri qurmaq lazımdır”

img

Adil Qeybulla: “Bu istiqamətdə işlər düzgün qurulsa, bir sıra dərman preparatları Azərbaycanda istehsal oluna bilər”

 

“İqtisadi əməkdaşlıq çərçivəsində əczaçılıq və enerji sahəsinə xüsusi diqqət yetirməliyik”. Bu fikirləri Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç sentyabrın 6-da sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata bəyanatlarla çıxış edərkən deyib.

Onun sözlərinə görə, tərəflər görüş zamanı iqtisadi əməkdaşlığa toxunublar: “İnanıram ki, biz bunu inkişaf etdirə bilərik. Çünki bu sahədə hazırkı vəziyyət hələ o qədər də istənilən səviyyədə deyil. Bildiyiniz kimi, iqtisadi əməkdaşlıqla bağlı Azərbaycanla Xorvatiya arasında qarşılıqlı komissiya öz işini aparır. İşin əsas məqsədi ikitərəfli layihələr irəli sürməkdən, onları həyata keçirməkdən ibarətdir. Təbii ki, bu çərçivədə əczaçılıq və enerji sahəsinə xüsusi diqqət yetirməliyik. İnanıram ki, Xorvatiya digər sahələrdə də öz təcrübəsi ilə bölüşə bilər. Bu gün biz bu əməkdaşlığın, həmçinin, əczaçılıq sahəsində də genişləndirilməsi haqqında danışdıq. Prezident bununla bağlı qeyd etdi ki, şirkətlərimiz tərəfindən Xorvatiya ilə Azərbaycan arasında birgə müəssisə təsis edilə bilər. Bunun sayəsində bizim əczaçılıq şirkətləri üçün fürsət yaranacaq ki, onlar Mərkəzi Asiya və ümumiyyətlə, Xəzər hövzəsi regionuna çıxış əldə etsinlər, o cümlədən Azərbaycanda da fəaliyyət göstərsinlər”.

O da məlumdur ki, hazırda Azərbaycan Rusiya ilə də əczaçılıq zavodu yaradır. Bütün bunlar Azərbaycanın farmokoloji bazarının gələcək tələbatına necə cavab verəcək?

Məsələyə münasibət bildirən tibb elmləri doktoru, professor Adil Qeybullanın sözlərinə görə, əczaçılıq sənayesinin inkişaf etdirilməsi ilə bağlı Avropa ölkələri ilə əməkdaşlıq müsbət haldır. O bunu bir sıra arqumentlərlə əsaslandırdı: “Xorvatiya ilə yanaşı, hesab edirəm ki, Avropanın aparıcı ölkələri ilə bu işləri qurmaq lazımdır. Nəzərə almaq lazımdır ki, Avropa ölkələri ilə bu yöndə işlərin qurulması şəffaflıq tələb edir. Eyni zamanda, həmin dərman vasitələri beynəlxalq standartlara cavab verir. Həmçinin, Ümumdünya Səhiyyə Təşkilatının reyestrinə daxildir. Almaniyanın bu sahədə böyük təcrübəsi var. Hesab edirəm ki, Azərbaycanda əczaçılıq sənayesinin inkişaf etdirilməsinə və bu sahədə zavodların inşa olunmasına böyük ehtiyac var. Çünki bu gün Almaniya istehsalı olan xeyli dərman preparatı var ki, onlar, əslində, şərq reseptləri əsasında hazırlanır. Həmin zavodları Azərbaycanda da tikmək olar. Çünki həmin dərman preparatları üçün lazım olan xammal burada var. Hesab edirəm ki, bu sahə perspektivli sahədir. Azərbaycanda, ən azından, yerli əhali üçün dərman preparatları istehsal etmək lazımdır. Bu, nəticə etibarilə, dərman bazarının ucuzlaşmasına gətirib çıxara bilər. Xeyli vacib dərman var ki, onlar yerli istehsal hesabına təmin oluna bilər. Eyni zamanda, bunu icbari tibbi sığorta paketinə də daxil etmək olar. Çünki bizim icbari tibbi sığorta paketi aşağı miqdardadır. O baxımdan bunun optimallaşdırılmasına çalışmalıyıq. Bu istiqamətdə işlər düzgün qurulsa, bir sıra dərman preparatları Azərbaycanda istehsal oluna bilər”.

Vidadi ORDAHALLI

Son xəbərlər