21/11/2018 06:41
728 x 90

Ticarətdə dollardan imtina edən ölkələrin sırası genişlənir, Azərbaycan da bu yöndə təklifləri dəyərləndirə bilər…

img

ABŞ-ın müxtəlif ölkələrə qarşı tətbiq etdiyi sanksiyalar fonunda dollardan imtinaya dair çağrışların da getdikcə artması müşahidə olunur. Artıq müəyyən ölkələr faktiki olaraq bu istiqamətdə addımlar atır. Məsələn, Rusiyanın avtomobil istehsalçılarının Türkiyə ilə ticarətdə dolların əvəzinə milli valyutalardan istifadə edəcəyi bildirilib.

Rusiyanın sənaye və ticarət naziri Denis Manturov verdiyi açıqlamada rus avtomobil istehsalçısı olan şirkətlərin Türkiyə ilə ticarətdə milli valyutalardan istifadə məsələsinə toxunub: "İstehsalçılarımızın milli valyutalara keçib-keçmədiyini dəqiq olaraq deyə bilmərəm. Çünki istehsalçılarımızın sayı çoxdur. Lakin bir ay əvvəl bir sıra həmkarımızla keçirdiyimiz görüşlərə görə, istehsalçılarımız yaxın bir zamanda yerli pul vahidləri ilə ticarətə keçməyə hazırlaşırdı". Türkiyənin istehsalçı şirkətlərinin hazırda ticarətdə milli valyutaya məmnuniyyətlə keçdiyini deyən Manturov bildirib ki, milli valyuta ilə ticarət hər zaman risqdən qorunmağa yardımçı olur: “Lirə zəifləyib, rubl da bir az zəifləyib. Bizim üçün milli valyutalarla ticarət rahat olacaq”. Rusiya Dövlət Duması maliyyə bazarı üzrə komitənin sədri Anatoli Aksakov isə qeyd edib ki, dollardan basqı aləti kimi yararlanmaq yeni beynəlxalq valyutanın yaranmasına səbəb olacaq. Aksakov yada salıb ki, dollar 1994-də “dünya valyutası” statusu qazanıb. O zaman bir çox başqa ölkələrin valyutaları sabit dolların fonunda dəyərdən düşüb. Aksakov deyib ki, BRİCS (Braziliya, Rusiya, Hindistan, Çin və CAR) ölkələri yeni valyutanın yaradılması imkanlarını müzakirə edir: “ABŞ dollardan istifadə məsələsində basqını daha çox gücləndirərsə, başqa ölkələr dollarla ödəniş etməyəcək”.

Bundan əlavə, Türkiyə və Belarus da qarşılıqlı ticarətdə türk lirəsi və Belarus rubluna geçmək istəyir. “Milliyyət” qəzeti yazır ki, Belarusun Türkiyədəki səfiri Andrey Savinıx faktı təsdiq edib. Ankara Ticarət Odası (ATO) ilə Belarus səfirliyinin birgə təşkil etdiyi İnvestisiya və Ticarət İmkanları Forumunun açılışında danışan səfir iki ölkənin aktiv iqtisadi əlaqələrə sahib olduğunu deyib: “Türkiyə və Belarus bundan sonra iki ölkə arasında aparılacaq ticarətdə milli valyutalara keçmək istəyir. Bu, ticari əlaqələrə müsbət təsir edəcək”. Qeyd edək ki, ABŞ-ın Türkiyəyə iqtisadi hücumlarından sonra dollardan imtina edərək xarici ölkələrlə ticarətdə milli valyutalardan istifadə edilməsi Ankaranın proritet siyasətinə çevrilib. Eyni zamanda Türkiyə, İran və İraq qarşılıqlı ticarət əməliyyatlarında ABŞ dollarından imtina edib. Adıçəkilən ölkələr bundan sonra idxal-ixracı barter yolu ilə həyata keçirəcək.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun əvvəlində Çin, Rusiya və Ukrayna ilə ticarətini milli valyuta ilə həyata keçirmək üçün işlərə başladıqlarını açıqlamışdı. Prezident dollardan asılılığa son qoymaq üçün Avropanı da milli valyuta ilə ticarət aparmağa çağırmışdı. Artıq Avropa bu istiqamətdə addım atır. Almaniyanın xarici işlər naziri Hayko Maas bunu təsdiq edir. Onun sözləriən görə, ABŞ-ın Avropa Birliyinin tərəfdaşlarına qarşı sanksiyalar siyasəti Avropanı məcbur edir ki, Vaşinqtonun fəaliyyətinə reaksiya versin: “Vaşinqtonun sanksiyalar siyasəti bizi ABŞ-a cavab verməyə məcbur edir. ABŞ-ın Rusiya, Çin və digər ticarət tərəfdaşlarımıza qarşı qeyri-spesifik sanksiyaları Avropa və Almaniyanın maraqlarına toxunur. Avropa Birliyi ABŞ-dan müstəqil olan institutların inkişafına dəstək verəcək. Bu, xüsusilə Avropa Valyuta Fonduna aid ediləcək. Biz həmçinin İranla ticarət əlaqələrinin qorunması üçün ödəniş sisteminin yaradılmasına çalışacağıq”.

Hazırda proseslər həm də onu göstərir ki, dünya ölkələri ticarətdə dollardan çox avrodan  istifadəyə meyllidir. İqtisadçı Vüqar Bayramov da hesab edir ki, inkişaf etməkdə olan ölkələr yığımlarda dolların payını azaltmaq istəsələr, alternativ olaraq avrodan istifadə edilməlidir: "Bu isə o deməkdir ki, Qərb valyutasından imtina hələlik mümkün deyil". İstənilən halda isə görünən odur ki, dollardan qurtulmaq istəyən ölkələrin sayı sürətlə artır. Bu fonda o da özünü qabarıq büruzə verir ki, milli valyutalardan, eləcə də avrodan istifadə cəhdləri çoxalır. Hesab edilir ki, belə getsə, dollarla saxlanan valyuta ehtyiatları dəyərdən düşə bilər. Bu mənada, proseslərin gedişini nəzərə alaraq Azərbaycan da dollarla bağlı ehtyiatlarında müəyyən dəyişikliklər edə bilər. Eyni zamanda Azərbaycanın da ticarətdə milli valyutadan istfiadəsi tamamilə mümkündür. Artıq Rusiya, Türkiyə, İran kimi ölkələr Bakıya belə təklif ünvanlayıb. Dolların zəifləməsi fonunda bu təkliflərin müsbət dəyərləndiriləcəyi isə şübhə doğurmur.

Nahid SALAYEV

Son xəbərlər