19/11/2018 09:49
728 x 90

Yaponiya da Azərbaycanda investisiyalarını artırmağa qərar verdi

“Yaponiya Azərbaycanın güclü iqtisadi tərəfdaşlarından biri hesab oluna bilər”

img

Rəşad Həsənov: “Azərbaycan tərəfi Yaponiya investorlarını ölkəyə cəlb etmək yolu ilə…”

 

Məlum olduğu kimi, Azərbaycan və Yaponiya investisiya sazişi üzrə danışıqlara başlayıb. Yaponiya Xarici İşlər Nazirliyinin mətbuat katibinin müavini Mitsuko Şino Bakıda keçirilən brifinqdə bildirib ki, bu saziş Yaponiya şirkətlərinə Azərbaycanda, Azərbaycan şirkətlərinə isə Yaponiyada daha çox sərmayə qoymağa imkan verəcək: “Bu sənədin reallaşması üçün işçi qrupunun yaradılması nəzərdə tutulur”.

Məlumat üçün bildirək ki, indiyədək Yaponiya Azərbaycan iqtisadiyyatına təxminən 7 milyard dollar investisiya qoyub. Qeyd edək ki, Yaponiya biznesi Azərbaycanda geniş şəkildə təmsil olunur. Ekspertlərin bildirdiyinə görə, Azərbaycanda 30-dan çox Yaponiya şirkəti fəaliyyət göstərir. Məlumdur ki, Yaponiyanın Azərbaycan iqtisadiyyatına qoyduğu sərmayənin 100 milyon dolları qeyri-neft sektoruna yönəldilib. Bu, Azərbaycan üçün kifayət qədər böyük rəqəmdir.

Yaponiya şirkətlərinin Azərbaycana, eynilə Azərbaycanın qeyd olunan ölkəyə sərmayə yatırması iqtisadi inkişafa səbəb olacaq. Hər iki ölkə arasında əldə olunan razılaşmalar sayəsində gələcəkdə Yaponiyanın Azərbaycan iqtisadiyyatına investisiyasının həcmi arta bilərmi?

İqtisadçı-ekspert Rəşad Həsənov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Yaponiya Azərbaycanın güclü iqtisadi tərəfdaşlarından biri hesab oluna bilər: “Nəzərə almaq lazımdır ki, Yaponiya davamlı olaraq icmaların inkişafı, sosial rifahın gücləndirilməsi, iqtisadi aktivliyin artması ilə bağlı müəyyən proseslərdə iştirak edib. Birbaşa olaraq qeyd olunan istiqamətlər üzrə öz maliyyəsini sərf edir. Eyni zamanda, investor olaraq Azərbaycanda bir sıra sahələrin inkişafına öz töhfəsini verib. Yaponiya iqtisadiyyatı güclü və investisiya tutumludur. Bu vəsaitlərin Azərbaycana cəlb olunması ölkəmizdə qeyri-neft sektorunun inkişafına müsbət təsir göstərə bilər. Buna həmin ölkənin potensialı çatır. Ancaq onu da nəzərə almaq lazımdır ki, xarici investorların ölkəyə gəlməsi üçün iqtisadi şərtlərin  dəyişməsinə ehtiyac var. İqtisadiyyatın liberallaşdırılması əsas məsələ olmalıdır. İstənilən halda, Yaponiyadan Azərbaycana gələn yatırım həm valyuta daxil olması, eyni zamanda, əlavə təcrübənin daxil olması kimi dəyərləndirilməlidir. Həmçinin, bazar şərtləri daxilində fəaliyyət göstərə bilən rəqabətqabiliyyətli istehsal yaradılmalıdır”.

Həmsöhbətimiz onu da bildirdi ki, Yaponiyada daha çox elm tutumlu məhsulların istehsalına önəm verilir: “Azərbaycan tərəfi Yaponiya investorlarını ölkəyə cəlb etmək yolu ilə qeyd olunan sahələrdə ölkədə istehsalın inkişaf etdirilməsini və ölkədə ixrac qabiliyyətli istehsalın yaranmasını dəstəkləyə bilər. Paralel olaraq ixracın özündə əlavə dəyər yarada biləcək məhsulların həcminin mərhələli şəkildə artımına nail olmaq olar”.

Günel CƏLİLOVA

Son xəbərlər