18/11/2018 10:38
728 x 90

Avropanın enerji təminatında rolu getdikcə artan Azərbaycana beynəlxalq maliyyə qurumlarından böyük dəstək...

img

Məlumdur ki, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın oynadığı  rola bu gün Qərb dünyasında xüsusi diqqət yetirilir. Xüsusən də birbaşa Azərbaycanın təşəbbüsü ilə reallaşan "Cənub Qaz Dəhlizi" Avropa üçün yeganə yeni alternativ mənbə qismində çıxış edir.

Avropada açıq bəyan edilir ki, bu kəmərin çəkilməsi onların eneji mənbələrini şaxələndirməsində müstəsna əhəmiyyətə malikdir. Xatırladaq ki, bunu bir müddət əvvəl ölkəmizə səfəri zamanı Almaniya kansleri Angela Merkel də xüsusi olaraq diqqətə çatdırmışdı. Merkel qeyd olunan xüsusda bildirdi: "Azərbaycan Avropa İttifaqının enerji şaxələndirilməsində də güclü bir amildir və "Cənub Qaz Dəhlizi"nin açılması Avropanın enerji təminatında böyük rol oynayacaq". Amerikalı ekspert Piter Teys də qeyd edir ki, Avropa qaz şəbəkələrinin TANAP və TAP boru kəmərlərinə qoşulması Avropa İttifaqının diversifikasiya üzrə strategiyasının bir hissəsidir: "Azərbaycan qlobal enerji təchizatı üçün yüksək geosiyasi əhəmiyyəti olan ölkədir".

"Cənub Qaz Dəhlizi"nin Qərb üçün mühüm əhəmiyyət kəsb etməsinin nəticəsidir ki, nüfuzlu beynəlxalq maliyyə qurumları onun reallaşması istiqamətində böyük miqdarda vəsait xərcləməkdə davam edir. Ayrılan böyük həcmdə vəsait həm də həmin maliyyə qurumlarının Azərbaycana inamının real göstəricisi qismində çıxış edir. Bu arada isə indiyə qədər Azərbaycan tərəfindən "Cənub Qaz Dəhlizi" və onun tərkib hissəsi olan layihələrə cəlb olunan maliyyə vəsaitləri də açıqlanıb.

Bununla bağlı  “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətindən (CQD) bildirilib ki, qurum bu il iyulun 31-dək layihələrdə olan iştirak paylarının maliyyələşdirilməsi üçün aşağıdakı mənbələrdən vəsaitlər cəlb edib: “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən buraxılan və Dövlət Neft Fondu (ARDNF) tərəfindən alınmış cəmi 2,5 milyard ABŞ dolları məbləğində istiqrazlar; İqtisadiyyat Nazirliyi və SOCAR tərəfindən təmin edilmiş 2,4 milyard dollarlıq nizamnamə kapitalı; 2016-cı ilin mart ayında nominal dəyəri 1 milyard dollar olan avrobondların (ilk buraxılış) və 2017-ci ilin martında nominal dəyəri 1 milyard dollar məbləğində avrobondların (təkrar buraxılış) emissiyası vasitəsilə vəsait cəlb olunub.

“Bundan başqa, “Cənub Qaz Dəhlizi” QSC layihələrdəki iştirak paylarının maliyyələşdirilməsi üçün beynəlxalq maliyyə qurumlarından da vəsait cəlb edib. Belə ki, bu vaxtadək Beynəlxalq Yenidənqurma və İnkişaf Bankından və Asiya İnfrastruktur İnvestisiya Bankından (AIIB) birbaşa müvafiq olaraq 0,4 milyard və 0,6 milyard dollar, Avropa Yenidənqurma və İnkişaf Bankından (EBRD) 500 milyon dollar, Asiya İnkişaf Bankından (ADB) 500 milyon dollar, Asiya İnkişaf Bankının zəmanəti ilə 524,5 milyon dollarlıq sindikatlaşdırılmış kredit və Dünya Bankı Qrupuna daxil olan Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyinin (MIGA) zəmanəti ilə 750 milyon dollar məbləğində sindikatlaşdırılmış kredit cəlb olunub”. Bütün bunlar kifayət qədər böyük vəsaitlərdir və onların tərəddüdsüz Azərbaycana ayrılması ölkəmizə, yuxarıda da qeyd olunduğu kimi, yüksək etibarın real təsdiqidir. Onu da bildirək ki, 2018–2025-ci illərdə “Cənub Qaz Dəhlizi” QSC “Cənub Qaz Dəhlizi” layihəsinə əlavə 2 milyard 250 milyon dollar dəyərində dövlət zəmanətli kreditlər cəlb edəcək. Dövlət başçısı İlham Əliyevin sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”da da bu təsdiqini tapıb. Sənəddə həmçinin qeyd edilir ki, hazırda mövcud olan dövlət zəmanəti ilə xaricdən cəlb olunmuş borc öhdəliklərinə əsasən, “Cənub Qaz Dəhlizi” layihəsinin maliyyələşdirilməsi xərcləri dövlət zəmanəti ilə cəlb edilən kreditlər olmaqla 3 milyard 147,3 milyon dollardır.

Ekspertlər bildirir ki, beynəlxalq maliyyə qurumlarını ölkəmizə olan inamı fonunda “Cənub Qaz Dəhlizi” layihəsinə əlavə 2 milyard 250 milyon dolların cəlbi istiqaətində də hansısa problem yaşanmayacaq. Onu da qeyd edək ki, Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan “Cənub Qaz Dəhlizi”nin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir. Bu boru xətti Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunan təbii qazı Türkiyəyə və bu ölkədən də Avropaya çatdıracaq. “Cənub Qaz Dəhlizi”  vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya 10 milyard kubmetr qaz nəqli planlaşdırılır. Artıq bu ilin iyununda Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi iyunun 30-da başlayıb. Azərbaycan təbii qazının 2020-ci ilədək Avropaya çatdırılması nəzərdə tutulur. Hazırda TANAP-ın davamı olan TAP-ın Avropa istiqamətində çəkilişi sürətlə gedir. Layihəyə yalnız İtaliyada müəyyən problemlər yaradılır ki, buna Qərb ölkələri özləri sərt reaksiya verir. İtaliyanın hakim hökumət koalisiyasını formalaşdıran “5 Ulduz” hərəkatı və “Şimal liqası” arasında TAP-a dair ciddi fikir ayrılıqları var. Amma ABŞ başda olmaqla, digər Qərb ölkələrinin fəaliyyəti nəticəsində kəmərin İtaliya hissəsinin çəkilişi də uğurla reallaşır.

Nahid SALAYEV

Son xəbərlər