18/11/2018 10:39
728 x 90

Rusiya-Azərbaycan ticarət dövriyyəsinin 2,5 milyard dollarlıq həddi bu il xeyli artacaq…

“Rusiya və Azərbaycan arasında olan tərəfdaşlıq hər iki ölkənin iqtisadi maraqlarına uyğun gəlir”

img

Könül Nuriyeva: “Rusiya bazarına Azərbaycan, eynilə Azərbaycan bazarına adıçəkilən ölkənin məhsullarının çıxarılması ticarət dövriyyəsinin həcminin artmasına şərait yaradacaq”

 

Rusiya ilə Azərbaycan arasında sazişlər zərfinin imzalanması iki ölkə arasındakı bütün əlaqələrin inkişafına səbəb olacaq. Məlumdur ki, ötən həftə Soçi şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşüb. Görüş zamanı ölkələrarası iqtisadi-sosial münasibətlərin inkişafı üçün bir sıra sazişlər imzalandı.

Bəllidir ki, Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi müsbət səviyyədə olub.

Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Eldar Tlyabiçev bu günlərdə mediaya açıqlamasında deyib ki, hazırda iki ölkə arasındakı münasibətlər artan dinamika ilə inkişaf edir: “Ötən ilin yekunlarına əsasən, Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 2016-cı illə müqayisədə 35 faiz artaraq 2,5 milyard dollar təşkil edib. Rusiyanın Azərbaycana birbaşa investisiyaları artıq 1,5 milyard dollara çatıb. Azərbaycanda Rusiya kapitalı ilə çoxlu sayda şirkət fəaliyyət göstərir”.

Maraqlıdır, Rusiya ilə Azərbaycan arasında imzalanan müqavilələr yaxın illərdə ticarət dövriyyəsinin həcminin daha da artmasına səbəb ola biləcəkmi?

İqtisadçı-ekspert Könül Nuriyeva “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Rusiya və Azərbaycan arasında olan tərəfdaşlıq hər iki ölkənin iqtisadi maraqlarına uyğun gəlir: “Hər iki ölkə arasında olan siyasi, iqtisadi və sosial tərəfdaşlıq olduqca əhəmiyyətlidir. Hər iki ölkə strateji tərəfdaşlığın lehinədir ki, prezidentlər səviyyəsində bu görüş baş tutub”.

Həmsöhbətmiz hesab edir ki, ölkələr arasında daha uğurlu nəticə əldə olunması üçün gömrük keçid prosesi sadələşdirilməli, idxal-ixrac olunmuş məhsullar üzrə rüsum və ya əlavə dəyər vergisi aşağı salınmalıdır.

K.Nuriyeva hesab edir ki, Rusiya ilə Azərbaycan arasında qarşılıqlı ticarət razılaşmalarının əldə olunması nəticəsində yaxın müddət ərzində iqtisadiyyatda müsbət irəliləyişlərin baş verməsinin şahidi olacağıq: “Nəzərə almaq lazımdır ki, Rusiya Azərbaycanla ticarət dövriyyəsini inkişaf etdirməkdə maraqlıdır. Ticarət dövriyyəsinin əsas göstəricisi odur ki, vergi aşağı salına bilər və ya gömrük prosedurları sadələşdirilər. Bu səbəbdən də düşünürəm ki, ötən həftə Rusiya ilə imzalanan sazişlər ticarət dövriyyəmizin daha da artmasına səbəb olacaq”.

İqtisadçı onu da əlavə etdi ki, Rusiya bazarına Azərbaycan, eynilə Azərbaycan bazarına adıçəkilən ölkənin məhsullarının çıxarılması ticarət dövriyyəsinin həcminin artmasına şərait yaradacaq.

Günel CƏLİLOVA

Son xəbərlər