25/09/2018 05:55
728 x 90

Azərbaycan Prezidenti Türkiyədə Azərbaycan investisiyalarının yeni həddini göstərdi – 20 milyard...

“Azərbaycan Türkiyəyə qoyduğu sərmayələrin müqabilində həm də dividendlər əldə edəcək”

img

Ruslan Atakişiyev: “Bu da, öz növbəsində, ölkənin dayanıqlı inkişafına öz müsbət təsirini göstərəcək”

 

“Türkiyəyə sərmayələrimizin həcmi yaxın illərdə 20 milyard dollara çatacaq”. Bu fikirləri Prezident İlham Əliyev Qırğızıstanda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Zirvə görüşündə deyib.

Prezidentin sözlərinə görə, Azərbaycan qardaş ölkələrə böyük investisiyalar qoyur, ilk növbədə Türkiyəyə: “Son illərdə Türkiyə iqtisadiyyatına 14 milyard dollar sərmayə qoyulub və Türkiyə də Azərbaycana təxminən bu qədər sərmayə qoyub. Bizim Türkiyəyə sərmayələrimizin həcmi yaxın illərdə 20 milyard dollara çatacaq. Bu, bizim dostluğumuzu, qardaşlığımızı əks etdirir, eyni zamanda, Türkiyənin çox böyük iqtisadi potensialını göstərir. Əziz qardaşım, Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə dünya miqyasında böyük gücə çevrilib, “Böyük iyirmilər”in aparıcı ölkələrindən biridir. Biz çox sevinirik ki, Türkiyə bütün sınaqlardan şərəflə çıxır, o cümlədən iqtisadi sınaqlardan. Biz hər zaman bir-birimizin yanındayıq və bunun ən gözəl göstəricisi, yenə də deyirəm, bizim qarşılıqlı sərmayəmizdir. Türkiyədə çox gözəl investisiya iqlimi, biznes üçün çox gözəl şərait var və biz Azərbaycan olaraq bundan sonra da qardaş ölkəyə sərmayə qoyuluşunu davam etdirəcəyik”.

Reallıq ondan ibarətdir ki, Azərbaycandan Türkiyəyə qoyulan sərmayələrin həcmi ilbəil artır. Azərbaycanın investisiyası hesabına qonşu ölkədə bir sıra böyük neft-kimya kompleksləri inşa olunur. Eyni zamanda digər layıhələr həyata keçirilir. Ümumilikdə, yaxın illərdə Azərbaycanın Türkiyədə investisiya qoyuluşunu 20 milyard dollara çatdırmaq hədəfini ekspertlər necə dəyərləndirirlər?

Məsələyə münasibət bildirən İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin direktoru Ruslan Atakişiyevin sözlərinə görə, Azərbaycanla Türkiyənin iqtisadi əlaqələri getdikcə dərinləşməkdədir: “Hətta xarici ticarət əlaqələrində Türkiyə idxal-ixrac əməliyyatlarına görə ilk üçlüyə daxil olub. Onu da qeyd edim ki, hər iki ölkə bir-birinə sərmayə qoyur. Yəni Azərbaycan şirkətləri Türkiyədə, Türkiyə şirkətləri də Azərbaycanda investisiyalar yatırırlar. O da məlumdur ki, Azərbaycanın sərmayəsi hesabına Türkiyədə böyük layihələr həyata keçirilir. Sözügedən layihələrin artırılması, özəl sahibkarların, investorların Türkiyə iqtisadiyyatına yönəldilməsi qardaş ölkənin davamlı inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Bununla yanaşı, oraya yatırılan investisiyalardan əldə olunacaq gəlirlər baxımından bunun mühüm əhəmiyyəti var. Məsələ ondadır ki, Azərbaycan Türkiyəyə qoyduğu sərmayələrin müqabilində həm də dividendlər əldə edəcək. Bu da, öz növbəsində, ölkənin dayanıqlı inkişafına öz müsbət təsirini göstərəcək. Çünki layihələr işə düşdükdən sonra Azərbaycan gəlirlər əldə edəcək. O baxımdan hesab edirəm ki, Türkiyəyə yönəlik sərmayələrin həcminin artması müsbət haldır”.

Vidadi ORDAHALLI

Son xəbərlər