18/11/2018 06:26
728 x 90

ABŞ da Azərbaycanla iqtisadi əməkdaşlıq məsələlərini aktivləşdirməyə başladı…

“Dünya iqtisadiyyatında əsas rolu olan Amerika şirkətlərinin ölkəmizdə keçiriləcək forumda iştirak etməsi böyük əhəmiyyət kəsb edir”

img

Fuad İbrahimli: “Forumda iştirak edəcək nümayəndələrimiz rəqabət sahəsi ilə bağlı ABŞ mütəxəssislərinin fikirlərini dərindən mənimsəmiş olarlar”

 

Xəbər verildiyi kimi, Azərbaycanın İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin tərəfdaşlığı ilə Beynəlxalq Anlaşma üçün İşgüzar Şura (Business Council for International Understanding - BCIU) Bakıda rəqabətqabiliyyətlilik məsələləri üzrə forum (Azerbaijan Competitiveness Forum – ACF-2018) təşkil edəcək.

Bu barədə “Azexport" portalının rəhbəri Zaur Qardaşov media nümayəndələrinə açıqlamasında deyib. O qeyd edib ki, sentyabrın 6-7-də keçiriləcək foruma ABŞ-dan təqribən 20 şirkətin qatılacağı gözlənir. Birləşmiş Ştatların nümayəndə heyətinə Dövlət Departamentinin iqtisadi məsələlər üzrə nümayəndələri də daxil olacaq: "ABŞ şirkətləri Azərbaycan iqtisadiyyatının müxtəlif sektorlarına investisiya yatırmaqda maraqlıdırlar. Bu məsələlər ABŞ nümayəndələri ilə Azərbaycanın müxtəlif dövlət qurumlarının təmsilçiləri arasında müzakirələrin mövzusu olacaq".

Bakıda ABŞ və Azərbaycan rəqabətqabiliyyətlilik məsələləri üzrə iqtisadi forumunun keçirilməsinin əhəmiyyəti barədə danışan iqtisadçı-ekspert Fuad İbrahimli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, iqtisadiyyatın inkişafı ilə bağlı paytaxtımızda keçirilən hər hansı tədbir, layihə müsbət qarşılanmalıdır: “Nəzərə almaq lazımdır ki, dünya iqtisadiyyatında əsas rolu olan Amerika şirkətlərinin ölkəmizdə keçiriləcək forumda iştirak etməsi böyük əhəmiyyət kəsb edir. İqtisadiyyat nominasiyası üzrə Nobel mükafatı almış dünya alimlərinin 95 faizi Amerika alimləridir. Müasir iqtisadiyyatın formalaşmasında Amerikanın rolu daha önəmlidir”.

Həmsöhbətimizin sözlərinə görə, rəqabətyönümlü işlərlə bağlı Amerika böyük təcrübəyə malikdir: “Bu günlərdə keçiriləcək forumda ABŞ şirkətləri və nümayəndələri iştirak edəcəklər. Forumda dövlət nəzarət orqanlarının nümayəndələrinin iştirak etməsi vacibdir. Forumda iştirak edəcək nümayəndələrimiz rəqabət sahəsi ilə bağlı ABŞ mütəxəssislərinin fikirlərini dərindən mənimsəmiş olarlar”    

Günel CƏLİLOVA

Son xəbərlər