23/09/2018 03:26
728 x 90

İlham Əliyevin yeni təşəbbüsü – türkdilli dövlətlərdə qarşılıqlı investisiyaları təşviqetmə mexanizmləri...

“Əsas məsələlərdən biri ondan ibarətdir ki, bununla bağlı ayrıca güzəşt mexanizminin hazırlanmasına ehtiyac var”

img

Rəşad Həsənov: “Bu zaman vergi, gömrük rüsumları və s. istiqamətlərdə yeni təkliflər paketi hazırlanmalıdır”

 

“Qarşılıqlı investisiya qoyuluşunu təşviq etmək üçün yeni mexanizmlər işlənməlidir”. Bu fikirləri Prezident İlham Əliyev Qırğız Respublikasının Çolpon-Ata şəhərindəki Çingiz Aytmatov adına “Rux Ordo” Mədəniyyət Mərkəzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Zirvə görüşündə çıxışı zamanı deyib.

Ölkə başçısının sözlərinə görə, indiki şəraitdə türkdilli dövlətlər iqtisadi əməkdaşlığı dərinləşdirməlidirlər: “Xüsusilə aramızdakı ticarət dövriyyəsinin artırılması üçün əlavə addımlar atılmalıdır və burada hesab edirəm ki, investisiya layihələri xüsusi rol oynayır. Qarşılıqlı investisiya qoyuluşunu təşviq etmək üçün yeni mexanizmlər işlənməlidir. Azərbaycan qardaş ölkələrə böyük investisiyalar qoyur, ilk növbədə, Türkiyəyə. Bütövlükdə biz qardaş ölkələrə investisiyaların qoyuluşu ilə həm öz iqtisadi maraqlarımızı təmin edirik, həm də ki, bu ölkələrdə yeni imkanlar yaradırıq”.

Ölkə başçısı onu da qeyd edib ki, Azərbaycan qardaş ölkələrdən investisiyaları qəbul etmək üçün bütün işləri görüb: “Azərbaycanda da gözəl sərmayə iqlimi var və qarşılıqlı sərmayə qoyuluşu bizim birliyimizi daha da möhkəmləndirəcək. Xüsusilə nəzərə alsaq ki, keçən ilin oktyabr ayından Bakı-Tbilisi-Qars dəmir yolu kimi nəhəng infrastruktur layihəsi fəaliyyətdədir. Bu yol Asiyanı Avropa ilə birləşdirir və bu yolla yükdaşımalarının həcmi artır və artmalıdır”.

Ümumilikdə, türkdilli ölkələr arasında qarşılıqlı investisiyanı təşviq etmək üçün yeni mexanizmlərin işlənməsi təklifini ekspertlər necə dəyərləndirirlər?

Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə, həqiqətən də türkdilli ölkələr arasında qarşılıqlı investisiya qoyuluşu ilə bağlı belə bir mexanizmin yaradılmasına ehtiyac var: “Nəzərə almaq lazımdır ki, türkdilli ölkələr coğrafi baxımdan bir-birinə yaxındır. Ona görə də bu ölkələr arasında bir sıra istiqamətlərdə investisiya axınlarını təşviq edən güzəştlərin mexanizminin formalaşdırılması üçün işlər görülməlidir. Əsas məsələlərdən biri ondan ibarətdir ki, bununla bağlı ayrıca güzəşt mexanizminin hazırlanmasına ehtiyac var. Bu zaman vergi, gömrük rüsumları və s. istiqamətlərdə yeni təkliflər paketi hazırlanmalıdır. İnvestisiyaların qeydiyyata salınması və vətəndaşlıqla bağlı, daimi yaşayışla əlaqədar məsələlərin daha çevik şəkildə həll olunmasına ehtiyac var. Hesab edirəm ki, bu və digər istiqamətlərdə işlər görmək mümkündür. O mənada ki, bu işlər türkdilli ölkələr arasında investisiya axınlarını gücləndirsin. Bununla yanaşı, əsas məsələlərdən biri real iqtisadiyyatın özünün təkmilləşdirilməsidir. Məsələ ondadır ki, qarşılıqlı güzəştlər olacaqsa, o zaman investisiya daha çox liberal iqtisadiyyatı olan ölkələrə axacaq. Məsələn, əvvəlki dövrlərdə türkdilli ölkələr arasında bu istiqamətdə daha çox Türkiyədə imkanlar böyük idi. Son dövrlər Azərbaycanla yanaşı, Qırğızıstanda da bu yöndə imkanlar genişlənir. Hesab edirəm ki, bu yöndə kompleks işlər görülsə, lazımi nəticələr əldə etmək mümkündür”.

Vidadi ORDAHALLI

Son xəbərlər