25/09/2018 21:49
728 x 90

Bakı-Tiflis-Qars əsas ixrac marşrutu kimi Orta Asiya ölkələrinin gündəmində...

img

Ölkəmizin malik olduğu tranzit potensialı və bundan səmərəli istifadə üçün həyata keçirilən layihələr dünya miqyasında Azərbaycana diqqəti artırır. Belə layihələrdən biri qismində Bakı-Tiflis-Qars dəmir yolu çıxış edir. Görünən budur ki, yaxın tezlikdə Bakı-Tiflis-Qars Orta Asiya ölkələrinin dünya bazarlarına çıxışında əsas marşrutlardan biri olacaq.

Yeri gəlmişkən qeyd edək ki,  Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sonuncu  zirvə görüşündə çıxışı zamanı Prezident İlham Əliyev  bu xüsusda Orta Asiya ölkələrinə çağrış da edib: "Bütün dost ölkələri Bakı-Tiflis-Qars dəmir yolundan istifadə etməyə çağırıram. Azərbaycanda gözəl sərmayə iqlimi var və qarşılıqlı sərmayə qoyuluşu bizim birliyimizi daha da möhkəmləndirəcək. Xüsusilə nəzərə alsaq ki, keçən ilin oktyabr ayından Bakı-Tiflis-Qars dəmir yolu kimi nəhəng infrastruktur layihəsi fəaliyyətdədir. Bu yol Asiyanı Avropa ilə birləşdirir və bu yolla yükdaşımalarının həcmi artır və artmalıdır. Bu, yeni nəqliyyat dəhlizidir, yeni nəqliyyat damarıdır. Azərbaycan dost, qonşu ölkələrlə birlikdə bu layihənin icrası ilə Avrasiyanın enerji xəritəsini yenidən tərtib etmiş olur. Nəzərə alsaq ki, nəqliyyat baxımından bu çox əlverişli yoldur, mən bütün dost ölkələri bu yoldan istifadə etməyə çağırıram, o cümlədən Avropa ölkələrini, Macarıstanı, Özbəkistanı, Qırğızıstanı. Artıq Qazaxıstan, Türkiyə, Azərbaycan bu yoldan istifadə edir".

Artıq Özbəkistan məsələyə müsbət reaksiya verib. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bildirib ki, Bakı-Tiflis-Qars dəmir yolu regional əməkdaşlıq üçün xüsusi imkanlar açır: “Yüksək səviyyəli görüş və dialoqlar nəticəsində Qazaxıstan, Qırğızıstan, Türkiyə və Azərbaycan arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq daha da möhkəmlənib. Ölkələrimizin regional məsələlərdə, investisiya, nəqliyyat, təhsil və digər sahələrdə ortaq fəaliyyətləri uğurla inkişaf edir və bu istiqamətdə bir sıra iqtisadi layihələr diqqəti cəlb edir. Azərbaycanda Ələt Beynəlxalq Dəniz Limanı, Qazaxıstanda “Dostluq” və digər nəqliyyat-logistika kompleksləri fəaliyyət göstərir. Bir müddət öncə isə Aktauda Kurık limanı işə düşdü. Bu layihələr gələcəkdə regional əməkdaşlığa töhfə verəcək. Türkiyənin Mersin limanına ən yaxın marşrut olan Bakı-Tiflis-Qars dəmir yolunun açılışı, bu il fəaliyyətə başlayacaq Əndican-Oş-Kaşqar avtomobil dəhlizi bu baxımdan xüsusi imkanlar açır”. Özbəkistanın Azərbaycandakı səfiri Şerzod Fayziyev isə vurğulayır ki, Özbəkistan Bakı-Tiflis-Qarsdan fəal istifadədə və öz xarici ticarət yüklərinin daşınma həcminin artırılmasında maraqlıdır. Onun sözlərinə görə, BTQ dəmir yolu ölkələrin diqqət mərkəzindədir və bu gün Mərkəzi Asiyadan Xəzər dənizi, daha sonra Qafqaz vasitəsilə nəqliyyat marşrutları xüsusi aktuallığa malikdir: "Bu baxımdan idxal-ixrac yüklərinin artan həcminin daşınması üçün Transqafqaz nəqliyyat dəhlizinin geniş istifadəsi dövlətlərimizin maraqlarına cavab verir. Bu dəmir yolu dəhlizi, həmçinin Ələt qəsəbəsində tikilən Bakı Beynəlxalq Dəniz Ticarət Limanında infrastrukturun yaradılması bizim ölkələrin və regionların böyük tranzit və nəqliyyat-kommunikasiya potensialının reallaşdırılmasına yaxşı imkanlar açır. Biz də ümid edirik ki, Azərbaycan, həmçinin Mərkəzi Asiyanın mərkəzində yerləşən, iqtisadi və strateji xarakterli çox böyük imkanlara malik Özbəkistanın potensialından istifadədə maraqlıdır. Bununla əlaqədar qeyd etmək istərdim ki, "Nəvai" azad iqtisadi zonası da nəqliyyat-kommunikasiya sahəsində əməkdaşlığın dərinləşdirilməsi üçün yaxşı əsas yaradır".

Bu arada xatırladaq ki, Əfqanıstan da qarşıdakı bir ay ərzində Azərbaycandan keçməklə “Lapis Lazuli” nəqliyyat marşrutu ilə Avropaya ilk yük daşımalarına başlayacaq. Bununu üçün isə Türkmənistandan keçən yüklər Bakı-Tiflis-Qarsla Avropaya daşınacaq. Yüklər əsasən xalça və dərman bitkilərindən ibarət olacaq. Bu isə son nəticədə həm Azərbaycan, həm də Bakı-Tiflis-Qars üzərindən daşınan yüklərin həcmində növbəti artım deməkdir. Türkiyənin Türkmənistandakı səfiri Mustafa Kapucu isə bildirib ki, Bakı-Tiflis-Qars dəmir yolu layihəsi uzadıla bilər. Diplomatın sözlərinə görə, müvafiq layihələr artıq Türkiyə tərəfindən hazırlanıb. Səfir qeyd edib ki, Türkmənistan bu marşrutu enerji resurslarını dünya bazarlarına çıxarmaq üçün istifadə edə bilər: " Bakı-Tiflis-Qars layihəsini uzatmaq planlarımız var. Bu marşrut həm Türkiyə, həm də Türkmənistan üçün strateji əhəmiyyətə malikdir. Aşqabad neft və qaz ixrac edir və onlar gəlirlərini artırmaq istəyirlər. Türkmənistanda qaz ehtiyatları 26 milyard kubmetr qiymətləndirilir". Belləiklə, bu onu göstərir ki, yaxın tezlikdə Özbəkistan və Türkmənistan Bakı-Tiflis-Qarsın fəal istifadəçiləri sırasında yer alacaq.

Şimal qonşumuz isə artıq bu xətdən istfiadə edir. Elə bu günlərdə Rusiyadan dəmirlə yüklənmiş ilk yük vaqonları Bakı-Tiflis-Qarsla Türkiyə ərazisinə çatıb. Belə ki, şimal qonşumuzun Maqnitoqorsk şəhərindən yola salınan vaqonlar 5 min kilometrə yaxın məsafəni uğurla qət edərək, Türkiyənin Aralıq dənizi sahilindəki Payas stansiyasına daxil olub. Rusiyanın Maqnitoqosrk-Qruzovoy stansiyasından yola salınan dəmirlə yüklənmiş vaqonlar 17 gün ərzində Rusiya, Azərbaycan və Gürcüstandan keçərək mənzil başına çatıb.

Bu, Rusiyadan Bakı-Tiflis-Qarsla Türkiyəyə göndərilən ilk dəmir məhsuludur. İndiyə kimi Maqnitoqorsk Metallurgiya kombinatının yükləri əvvəlcə Novorossiysk limanına, oradan da gəmi vasitəsilə İsgəndəruna çatdırılırdı. Bu zaman yüklər 6 min kilometrə yaxın məsafəni qət edərək, yalnız 30 gün sonra təyinat yerinə çata bilirdi. Maqnitoqorsk Metallurgiya Kombinatı Türkiyəyə ayda 60 min tona yaxın dəmir məhsulu göndərir. Həmin yükün bundan sonra Bakı-Tiflis-Qarsla nəql edilməsi planlaşdırılır. Rusiyanın digər müəssisə və şirkətləri də artıq bu layihəyə böyük maraq göstərir. Məsələn, artıq Bakı-Tiflis-Qars vasitəsilə Rusiyadan taxıl daşınmasına start verilib. Beləliklə, Azərbaycanın təşəbbüsü, məqsədyönlü siyasəti və xüsusi səyləri ilə həyata keçirilən Bakı-Tiflis-Qars  dəmir yolu layihəsi təkcə Asiya ilə Avropa arasında yox, eyni zamanda, region ölkələri arasındakı yükdaşımalar üçün də böyük əhəmiyyətə malikdir. Layihəyə bir çox Avropa ölkəsi tərəfindən də böyük maraq göstərilir. Bir müddət əvvəl ölkəmizdə səfərdə olan Almaniya kansleri Angela Merkel bu xüsusda maraqlı fikirlər səsləndirib: “Biz Azərbaycanda Bakı-Tiflis-Qars  dəmir yolunun açılmasını yüksək qiymətləndiririk. Bu, Avropa ilə ticarət əlaqələrini genişləndirəcək, mübadilə aparılmasını yaxşılaşdıracaq”.

Bütün bunlar Bakı-Tiflis-Qarsın qarşıdakı dövr ərzində Azərbaycana daha böyük dividendlər qazandıracağını deməyə əsas verir. Eyni zamanda Azərbaycan bu xətdən Naxçıvana yükdaşımalar üçün də faydalanır.  Xatırladaq ki, ötən aydan

Bakı-Tiflis-Qarsla Naxçıvana  yüklərin daşınmasına başlanıb. Bu xətlə daşınan yüklər Türkiyənin Qars şəhərində boşaldılaraq yük maşınları vasitəsilə Sədərək sərhəd-keçid məntəqəsindən keçməklə Naxçıvana aparılıb. Beləliklə, bu dəmir yolu xətti vasitəsilə daşımaların təşkili Naxçıvanın daha bir alternativ nəqliyyat dəhlizinə çıxışı deməkdir. Bu da muxtar respublika üçün mühüm strateji əhəmiyyəti olan hadisədir. Perspektivdə isə Bakı-Tiflis-Qarsın Naxçıvana qədər uzadılması nəzərdə tutulur. Bunun üçün gələcəkdə Qarsdan Naxçıvana ayrıca dəmir yolu xəttinin çəkilməsi reallaşacaq ki, bu da muxtar respublikanın nəqliyyat müstəqilliyinin təmin edilməsinə və Naxçıvanda istehsal olunan məhsulların xarici ölkələrə rahat daşınmasına səbəb olacaq.

Nahid SALAYEV

Son xəbərlər