25/09/2018 07:53
728 x 90

Rusiya və Azərbaycanın rəqəmsal nəqliyyat sistemləri arasında əməkdaşlığı nə deməkdir…

“Azərbaycan hazırda regionun nəqliyyat mərkəzinə çevrilir”

img

Pərviz Heydərov: “Rusiyanın nəqliyyat sahəsində Azərbaycanla müvafiq saziş imzalaması onun özünə sərf edir”

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına son rəsmi səfəri və səfər çərçivəsində imzalanan sazişlər iki ölkə arasında münasibətlərin bundan sonrakı dövrü üçün əsas yol xəritəsi hesab olunur. Sözügedən səfər çərçivəsində imzalanan sənədlər Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirilir.

Qeyd edək ki, bu günədək də iki dövlət arasında həm siyasi, həm də iqtisadi-ticarət əlaqələri sıx olub və yüksələn xətlə inkişaf edib. Lakin bundan sonrakı mərhələdə iqtisadi sahədə birgə fəaliyyət imkanlarının daha da genişləndiriləcəyi ehtimal olunur.

Prezident İlham Əliyevin səfəri çərçivəsində Rusiya ilə bir sıra sazişlər imzalanıb. O cümlədən, Rusiya Federasiyası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında rəqəmsal nəqliyyat sistemləri sahəsində əməkdaşlıq haqqında memorandum imzalanıb.

Rəqəmsal nəqliyyat sistemləri nə deməkdir və bu sazişin nə kimi əhəmiyyəti olacaq? Bu sualla İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi Pərviz Heydərova müraciət etdik.

O, "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, Azərbaycan Cənubi Qafqazda nəqliyyat dəhlizi rolunu oynayır. Bu istiqamətdə Azərbaycan Hökuməti uzun illərdir çox böyük işlər görür: “Müvafiq investisiyalar yatırılır, layihələr həyata keçirilir. Azərbaycanda nəqliyyat infrastrukturu tamamilə yenidən qurulub. Dəmir yolları yenişləşdirilir, Bakı-Tiflis-Qars dəmir yolu ötən il istifadəyə verildi. Bütün bunlar o deməkdir ki, Azərbaycan həm şərqdən qərbə - qərbdən şərqə, həm də cənubdan şimala və bunun əksi istiqamətində nəqliyyat qovşağında yerləşir. Azərbaycan hazırda regionun nəqliyyat mərkəzinə çevrilir. Belə bir vəziyyətdə ətraf ölkələrin hər biri ilə nəqliyyat sahəsində müvafiq razılaşmalar əldə etməsi, müvafiq sazişlər imzalaması zəruri xarakter daşıyır. Bu təbii qarşılanmalıdır”.

Həmsöhbətimiz onu da bildirdi ki, Rusiya şərqlə-qərb arasında tranzit ölkəsi rolunu oynayır. Bəllidir ki, Rusiya çox böyük əraziyə malikdir: “Rusiya cənub ölkələri, İran körfəzinə çıxışla bağlı nəqliyyat sahəsində müvafiq əraziyə malikdir. Belə olan vəziyyətdə Rusiyanın nəqliyyat sahəsində Azərbaycanla müvafiq saziş imzalaması onun özünə sərf edir. Ölkəmizin regionda nəqliyyat dəhlizinə çevrilməsi prosesi baxımından bilavasitə Rusiya ilə Azərbaycan arasında qarşılıqlı nəqliyyat əlaqələri ilə bağlı müvafiq razılaşmaların əldə olunması tələb olunandır”.

Günel CƏLİLOVA 

Son xəbərlər