24/09/2018 04:29
728 x 90

Azərbaycanın tranzit potensialı Əfqanıstanın da üzünə açıldı

“Lapis Lazuli” dəhlizi gələn aydan fəaliyyətə başlayır

img

Azərbaycanın malik olduğu tranzit imkanlar, bu istiqamətdə ən müasir infrastruktur yaratması getdikgə daha çox dövlətin diqqətini ölkəmizə cəlb etməkdədir. Elə bunun nəticəsidir ki, yüklərini Azərbaycan üzərindən daşımaq istəyən ölkələrin sayı artır. Məhz belə bir vaxtda bəlli olub ki, Əfqanıstan da qarşıdakı bir ay ərzində Azərbaycandan keçməklə “Lapis Lazuli” nəqliyyat marşrutu ilə Avropaya ilk yük daşımalarına başlayacaq.

Bildirilir ki, Türkmənistandan keçən yüklər Bakı-Tiflis-Qars dəmir yolu ilə Avropaya daşınacaq. Yüklər əsasən xalça və dərman bitkilərindən ibarət olacaq. Bu isə son nəticədə həm Azərbaycan, həm də Bakı-Tiflis-Qars üzərindən daşınan yüklərin həcmində növbəti artım deməkdir. Xatırladaq ki, “Lapis Lazuli” nəqliyyat marşrutu dəmir yolu və dəniz nəqliyyatını əhatə edir.  Bu dəhliz Əfqanıstanın Herat əyalətindəki Torqundi şəhərini Xəzər dənizi sahilindəki Türkmənbaşı limanı ilə birləşdirir. Daha sonra dəhliz Xəzər vasitəsilə Bakıya və Tiflisdən keçməklə Ankaraya, oradan isə İstanbula uzanır. Gürcüstan ərazisində nəqliyyat dəhlizinin perspektivdə Poti və Batumiyə şaxələndirilməsi nəzərdə tutulur. Layihənin dəyəri 2 milyard dollar həcmində qiymətləndirilir. Nəqliyyat dəhlizi öz adını qədim dövrlərdə Mərkəzi Asiyanın başlıca ixrac məhsullarından olan lazurit mineralının rənginə uyğun götürüb. İndi bu dəhlizin aktiv şəkildə işə salınması Azərbaycanın tranzit əhəmiyyətini artırmaqla yanaşı, ona yeni gəlirlər də vəd edir. Amma ölkəmizin tranzit əhəmiyyəti təkcə “Lapis Lazuli” nəqliyyat marşrutunda iştirakçı ölkələri maraqlandırmır.

Bakı-Tiflis-Qarsın işə düşməsi, TANAP-ın istfiadəyə verilməsi fonunda Orta Asiya ölkələri də diqqəti Azərbaycana yönəldir. Məsələn, artıq məlumdur ki, Qazaxıstan Azərbaycan ərazisi ilə neft ixracının mümkünlüyünü nəzərdən keçirir. Qazaxıstanın energetika naziri Kanat Bozumbayevin sözlərinə görə, gələcəkdə bu cür tədarük imkanı istisna olunmur: "Gələcəkdə Qazaxıstanda karbohidrogen xammalının hasilatının artması, eləcə də Qazaxıstan neftinin Azərbaycan ərazisi ilə ixracının iqtisadi məqsədəuyğunluğu müəyyən olunarsa, bu məsələ maraqlı tərəflərlə nəzərdən keçirilə bilər". Digər Orta Asiya ölkəsi olan Özbəkistan nəqliyyat strukturlarının genişləndirilməsi, eləcə də Avropa bazarlarına çıxış əldə etmək üçün Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat dəhlizindən geniş istifadə etməyi düşünür. Ölkəmiz  Bakı limanından və Bakı-Tiflis-Qars dəmir yolundan istifadə etmək üçün Özbəkistana bütün lazimi şərait yaratmağa hazır olduğunu bəyan edir. Özbəkistanın Senat sədrinin müavini Sadık Savoyev da qeyd edir ki, Azərbaycan göstərilən marşrutla yükdaşımalarının həcminin yüksəldilməsi üçün Özbəkistana hər cür imkan yaradıb: “Ölkəmizin Azərbaycandakı səfirliyi qarşısında məsələ qoymuşuq ki, Azərbaycandakı tərəfdaşlarımızla əlaqələrin daha da genişləndirilməsi istiqamətində fəaliyyətini gücləndirsin. Bilirik ki, Azərbaycan da öz növbəsində Özbəkistanın tranzit potensialından istifadə etməklə Çin və bu istiqamətdə olan digər ölkələrin bazarlarına çıxmaq niyyətindədir və əminəm ki, bu sahədəki əməkdaşlığımız da getdikcə möhkəmlənəcək və öz bəhrəsini verəcək”. Orta Asiya ölkələrindən Türkmənistan da Bakı-Tiflis-Qarsa xüsusi maraq göstərir. İlk növbədə o baxımdan ki, Bakı-Tiflis-Qarsın dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur. Onu da xatırladaq ki, bu yol vasitəsilə birinci mərhələdə 5 milyon, ondan sonrakı mərhələdə 17 milyon, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur. Amma bu xəttə daha çox ölkənin maraq göstərməsi onun vasitəsilə yükdaşımaların miqdarının nəzərdə tutulduğundan çox olmasını istisna etmir. Burada o da nəzərə alınmalıdır ki, qeyd olunan  yoldan istifadə edən bütün ölkələr arasındakı əməkdaşlıq dərinləşəcək. Həmin ölkələrin dünya üçün də  geosiyasi əhəmiyyəti  artacağından,  Azərbaycandan keçən nəqdliyyat marşrutlarından istğifadəyə marağın artması təbii sayıla bilər.

Bu mənada, nəinki Azərbaycanda, həmçinin region boyunca nəqliyyat infrastrukturlarına sərmayə qoymaqla və tikintisini həyata keçirməklə Bakının əhəmiyyətli nailiyyətlər əldə edəcəyini də tam əminliklə söyləmək olar. Belə vəziyyət  regionlararası ticarət dəhlizlərinin yaranması  baxımından da indi mühüm əhəmiyyət kəsb edir. Ölkəmizdə nəqliyyat infrastrukturunun inkişafı, tranzit potensialının artırılması istiqamətində görülən yeni işlər isə Azərbaycan üçün daha böyük perspektivlər vəd edir. O da faktdır ki, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri istiqamətində beynəlxalq əhəmiyyətli işlər ölkənin xarici iqtisadi əlaqələrinin genişlənməsində də mühüm rol oynayır. Ən əsası, bunlar Azərbaycanın tranzit potensialını və tranzit daşımalarında iştirak imkanlarını genişləndirir. Başqa bir önəmli məqam budur ki, nəqliyyat dəhlizlərinin potensialından səmərəli istifadə gələcəkdə bu sahənin qeyri-neft sektorunda xüsusi çəkisinin daha da artması ilə nəticələnəcək.

Nahid SALAYEV

Son xəbərlər