11/12/2018 02:52
728 x 90

Yeni gömrük rüsumlarının qiymətlərə əsaslı təsiri istisna olunur – sentyabrın 5-dən sonrakı proseslərə daha bir baxış…

“Gömrük rüsumunun artırılması və ya yığım məbləğlərində dəyişikliklərin olması inflyasiyaya səbəb ola bilməz”

img

Aydın Hüseynov: “Rüsumların artırılmasının məqsədi ölkə iqtisadiyyatının daha da dayanıqlı olmasını təmin etməkdir”

 

Məlum olduğu kimi, Baş nazir Novruz Məmmədov Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 26 aprel tarixli, 168 nömrəli Qərarı ilə təsdiq edilmiş "Gömrük yığımlarının məbləğləri"ndə dəyişikliklər edilməsi barədə qərar imzalayıb.

Dəyişikliklərə əsasən, gömrük dəyəri 1000 manatadək olduqda 15 manat; gömrük dəyəri 1000 manatdan yuxarı və 10000 manatadək olduqda 60 manat, gömrük dəyəri 10000 manatdan yuxarı və 50000 manatadək olduqda 120 manat; gömrük dəyəri 50000 manatdan yuxarı və 100 000 manatadək olduqda 200 manat müəyyən edilib.

Bununla yanaşı, qərarda qeyd olunur ki, gömrük dəyəri 100000 manatdan yuxarı və 500000 manatadək olduqda 300 manat; gömrük dəyəri 500000 manatdan yuxarı və 1000000 manatadək olduqda 600 manat; gömrük dəyəri 1000000 manatdan yuxarı olduqda 1000 manat müəyyən edilib.

"Gömrük yığımlarının məbləğləri"ndə dəyişikliklər edilməsi barədə qərar daxili bazarda qiymətlərə necə təsir edəcək və bu, inflyasiyaya səbəb ola bilərmi?

Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin yaydığı rəsmi məlumatda qeyd olunur ki, dəyişikliklər daxili bazarda heç bir qiymət artımı ilə nəticələnə bilməz: “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 231-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Gömrük yığımlarının məbləğləri"nin təsdiq edilməsi barədə 26 aprel 2016-cı il tarixli, 168 nömrəli Qərarı ilə gömrük orqanları tərəfindən həyata keçirilən xidmətlərə və hüquqi hərəkətlərə görə alınan gömrük yığımları müəyyən edilir. Gömrük yığımlarının tətbiqi daxili bazarın müdafiəsi və fiskal məqsədlər üçün nəzərdə tutulmur, onların məbləği gömrük orqanları tərəfindən göstərilən xidmətin təxmini dəyərini əks etdirir. Gömrük yığımlarına gömrük nəzarətinin həyata keçirilməsi ilə bağlı gömrük yığımları, gömrük müşayiətinə görə gömrük yığımları, malların saxlancına görə gömrük yığımları, gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatının verilməsinə görə yığımlar, bankların və bank olmayan kredit təşkilatlarının müvafiq icra hakimiyyəti orqanının reyestrinə daxil edilməsinə görə yığımlar daxildir”.

Millət vəkili Aydın Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, gömrük rüsumunun artırılması və ya yığım məbləğlərində dəyişikliklərin olması inflyasiyaya səbəb ola bilməz: “Ölkənin xarici ticarət dövriyyəsində mənfi hal yaşanarsa, eyni zamanda, makroiqtisadi göstəricilərdə hər hansı mənfi tendensiya qeydə alınarsa, o zaman inflyasiya baş verə bilər. Nəzərə almaq lazımdır ki, məlum qərar verilməzdən öncə ölkədəki bütün makroiqtisadi göstəricilər təhlil olunub. Verilən bütün qərarlar xalqın sosial rifah halına yönəlib, ölkə iqtisadiyyatının inkişafı üçün edilir. Rüsumların artırılmasının məqsədi ölkə iqtisadiyyatının daha da dayanıqlı olmasını təmin etməkdir”.

Millət vəkilinin sözlərinə görə, gömrük yığımlarının məbləğinə dəyişiklik olunmasının inflyasiyaya heç bir təsiri olmayacaq. Əksinə, gömrük rüsumları büdcə vəsaitlərinin artmasına səbəb olur: “Ölkəmizin iqtisadi inkişafı haqqında beynəlxalq reytinq agentliklərinin hesabatlarında məlumat verilir. Hətta onların proqnozlarında iqtisadi inkişafın hansı səviyyədə olacağı da bildirilir. Bu isə o deməkdir ki, Azərbaycanda inflyasiyadan söhbət gedə bilməz”.

Günel CƏLİLOVA 

Son xəbərlər