22/10/2018 21:22
728 x 90

Azərbaycan sıxılmış qaz ixracının daha geniş coğrafiya üzrə yeni strategiyasına başlayır...

“Azərbaycan bunun sayəsində öz qaz resurslarını sözügedən metodlarla digər ölkələrə də ixrac edəcək”

img

Müslüm İbrahimov: “Bu, yeni partnyorların cəlb edilməsi, maraqlandırılması və iri layihələrin həyata keçirilməsi baxımından SOCAR-ın potensialını göstərir”

 

Azərbaycan Dövlət Neft Şirkətinin ticarət evi “SOCAR Trading” mayeləşdirilmiş təbii qazın Pakistan, Benin və Aralıq dənizi regionunda bir sıra ölkələrə tədarükü imkanlarını nəzərdən keçirir. Bu barədə mətbuata “SOCAR Trading”dən məlumat verilib.

Bununla bağlı verilən məlumata görə, bu günədək şirkət Maltada qaz elektrik stansiyası layihəsi üçün 12 partiya mayeləşdirilmiş təbii qaz tədarük edib: “Mayeləşdirilmiş təbii qazla bağlı əməliyyatlara biz Maltada qaz elektrik stansiyası layihəsində iştirakdan sonra maraq göstərdik. 2017-ci ilin yanvarında bu layihə çərçivəsində işlər başladıqdan sonra “SOCAR Trading”in mütəxəssisləri bu cür əməliyyatları bütün dünyada axtarmağa başladılar. Ölkələr arasında Pakistan, Benin və Aralıq dənizi regionunda bir sıra ölkələr nəzərdən keçirilir. Bu gün, həmçinin, Kot-d’İvuarda mayeləşdirilmiş təbii qazın təkrar qazlaşdırılması üçün terminalın tikintisi ilə əlaqədar fəal işlər aparılır”.

Məlumat üçün qeyd edək ki, Cenevrədə yerləşən “SOCAR Trading” 2007-ci ilin sonunda Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən yaradılıb. Ticarət evi ARDNŞ-in xam neft ixracının böyük hissəsini Ceyhan limanı vasitəsilə həyata keçirir. Həmçinin, digər ölkələrə neft və neft məhsulları satır, beynəlxalq şirkətlərlə əməkdaşlıq edir. “SOCAR Trading”in fəaliyyət dairəsi Avropa, Asiya və Amerika ölkələrini əhatə edir.

Ümumilikdə, sözügedən şirkətin son vaxtlar mayeləşdirilmiş təbii qazın bir sıra ölkələrə tədarükü imkanlarını nəzərdən keçirməsinin əhəmiyyətini ekspertlər necə dəyərləndirirlər?

Məsələyə münasibət bildirən Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, iqtisad elmləri doktoru Müslüm İbrahimovun sözlərinə görə, bu gün Cənubi Qafqazda SOCAR ən iri transmilli şirkət statusuna sahibdir: “Ona görə də SOCAR-ın vasitəsilə Azərbaycanın potensialı bir sıra ölkələrdə ortaya qoyulur. Bir sıra ölkələrdə ticarət evlərinin yaradılması, SOCAR-ın nümayəndəliklərinin fəaliyyətə başlaması müsbət haldır. Bununla Azərbaycan öz praqmatik iqtisadi maraqlarını dünya miqyasında təmin edir. O cümlədən, sözügedən şirkət vasitəsilə bir sıra ölkələrdə mayeləşdirilmiş təbii qazın satılması imkanları nəzərdən keçirilir. Bu əlbəttə ki, müsbət tendensiyadır. O mənada ki, bu, iqtisadi əlaqələrin genişlənməsinə müsbət təsir göstərəcək. Ümumilikdə, Azərbaycan bunun sayəsində öz qaz resurslarını sözügedən metodlarla digər ölkələrə də ixrac edəcək. Yəni burada mütləq deyil ki, qaz resursları yalnız boru kəmərləri ilə ixrac edilsin. Elə ölkələr var ki, ora mayeləşdirilmiş formada təbii qazın ixracı daha məqsədəuyğundur. Ona görə də SOCAR-ın bununla bağlı apardığı siyasəti təqdirəlayiq hesab edirəm. Bu, yeni partnyorların cəlb edilməsi, maraqlandırılması və iri layihələrin həyata keçirilməsi baxımından SOCAR-ın potensialını göstərir”.

Vidadi ORDAHALLI

Son xəbərlər