22/10/2018 21:15
728 x 90

Prezident Əliyevin 2019-cu ilə aid iqtisadi proqnozunu beynəlxalq agentlik də təsdiqlədi...

“2019-cu ildə Azərbaycanda sürətli iqtisadi inkişafın olacağını Prezident İlham Əliyev bir neçə dəfə bəyan edib”

img

Rəsul Cahangirli: “Bunun nəticəsidir ki, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, bir sıra reytinq agentlikləri…”

 

“Moody’s” beynəlxalq reytinq agentliyi 2019-cu ildə Azərbaycanda iqtisadi artım templərinin sürətlənəcəyini gözləyir. Xəbər verildiyi kimi, bu barədə agentliyin hesabatında deyilir.

Agentliyin analitikləri 2018-ci ildə Azərbaycan iqtisadiyyatında artımın 1,5 faiz, 2019-cu ildə 3 faiz təşkil edəcəyini proqnozlaşdırırlar: “Əlverişli xarici mühit - 2017-ci ildə neft qiymətlərinin orta hesabla 54 dollar olması, milli valyutanın sabitliyi və inflyasiyanın azalması Azərbaycan iqtisadiyyatının bərpasına gətirib çıxardı. Biz gözləyirik ki, Azərbaycanda ümumdaxili məhsul 2018-ci ildə 1,5 faiz, 2019-cu ildə 3 faiz artacaq. Bu, neft qiymətlərinin artmasının davam etməsi və Azərbaycan məhsullarının ixracının artımı ilə izah olunur”.

Onu da qeyd edək ki, gələn il Azərbaycanda sürətli iqtisadi inkişafın olacağını sözügedən beynəlxalq qurumdan əvvəl Prezident İlham Əliyev bəyan edib. Bu günlərdə ölkə başçısı Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsinə həsr edilmiş mərasimdə qeyd edib ki, ölkə iqtisadiyyatı inkişaf edir: “Bu il də yaxşı nəticələr olacaq. Gələn il daha yaxşı nəticələr olacaq. Artıq ilkin proqnozlar verilib”. Dövlət başçısı vurğulayıb ki, gələn il sürətli inkişaf ili olacaq: “Maliyyə imkanlarımız daha da genişlənəcək və ölkə qarşısında duran əsas vəzifələrin, infrastruktur layihələrin, eyni zamanda və ilk növbədə, sosial məsələlərin həlli üçün biz bu vəsaitdən istifadə edib sizin problemlərinizi həll edəcəyik”.

Görünən odur ki, bir sıra beynəlxalq qurumlar Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnoz verərkən Prezidentin səsləndirdiyi fikirlərə son dərəcə ciddi yanaşırlar.

Sözügedən məsələni dəyərləndirən ekspert Rəsul Cahangirlinin fikrincə, aparıcı reytinq təşkilatları və beynəlxalq qurumlar Azərbaycanda müşahidə edilən iqtisadi inkişafı maraqla izləyirlər: “Eyni zamanda, vaxtaşırı olaraq ölkə iqtisadiyyatı ilə bağlı nikbin proqnozlar verirlər. Onu da nəzərə almaq lazımdır ki, 2019-cu ildə Azərbaycanda sürətli iqtisadi inkişafın olacağını Prezident İlham Əliyev bir neçə dəfə bəyan edib. Bunu şərtləndirən bir sıra iqtisadi amillər var. Məsələ ondadır ki, artan neft gəlirlərinin bazar iqtisadiyyatının əsas tələb və şərtlərindən olan qeyri-neft sektorunun formalaşdırılmasına yönəldilməsi, özəl sektorun təkmilləşdirilməsi sürətli iqtisadi inkişaf dinamikası əldə etməyə şərait yaradır. İqtisadi şaxələndirmənin, qeyri-neft sektorunun formalaşdırılması istiqamətində həyata keçirilən əhatəli tədbirlər öz bəhrəsini verir. Bunun nəticəsidir ki, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, bir sıra reytinq agentlikləri Azərbaycanda gedən prosesləri yüksək dəyərləndirirlər. Eyni zamanda, rəsmi statistik məlumatlardan istifadə edirlər. İqtisadi inkişaf sayəsində Azərbaycan öz daxili tələbatını daha böyük həcmdə yerli istehsal hesabına təmin edir. Makroiqtisadi vəziyyətin yaxşılaşdırılması manatın məzənnəsinin sabit səviyyədə saxlanmasında ciddi rol oynayır. Məlumdur ki, sürətli iqtisadi inkişafı şərtləndirən bir sıra faktorlar var. Son illər energetika və nəqliyyat sektoru sahəsində bir sıra böyük layihələrə imza atılıb. Bu o deməkdir ki, qarşıdakı illərdə sürətli inkişaf ili olacaq. Artıq iqtisadiyyatın qeyri-neft sektorunda böyük artım var. Sözügedən sahənin normativ-hüquqi bazası daha da təkmilləşdirilir. İnfrastruktur baxımından sözügedən sahənin inkişafı üçün kifayət qədər iş aparılıb. Ona görə də Azərbaycan iqtisadiyyatı ilə bağlı gözləntilər böyükdür”.

Vidadi ORDAHALLI

Son xəbərlər